[b]“Mərhələni “Neftçi” yox, biz keçəcəyik” [/b] - Blazo İqumanoviç
03.07.2015 - 09:17
[b]“Mərhələni “Neftçi” yox, biz keçəcəyik” [/b] - Blazo İqumanoviç

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Neftçi” ilə 2:2 hesablı bərabərliyə qalan  “Maldost” klubunun yarımmüdafiəçisi Blazo İqumanoviç apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Qarşılaşma gözlədiyiniz məcrada keçdi?

- Əminəm ki, azarkeşlər maraqlı oyun izlədilər. 90 dəqiqə ərzində qapılara 4 qol vuruldu. İki güclü komanda üz-üzə gəldi. Biz daha yaxşı oynadıq.

 

- Nəzərə alsaq ki, heç-heçə rəqib meydanında qeydə alınıb...

- 2:2 hesabı bizi qane edir. Çünki rəqib meydanında iki qol vurmuşuq. Bizim üçün yaxşı nəticədi.

 

- “Neftçi”nin bu cür oynayacağını gözləyirdinizmi?

- Biz komandanızın oyununu izləmişdik. “Neftçi”nin heyətində xeyli sayda dəyişikliklər edilib. İndi gənc futbolçular çoxluq təşkil edir. Onlar arasında bəyəndiyimiz oyunçular da var.

 

- Kimləri bəyəndiniz?

- Kapitanınız (Araz Abdullayevi nəzərdə tutur) yaxşı oyunçudu. Ruslan Qurbanov da pis çıxış etmədi.  

 

- Abdullayevin uzaq məsafədən qol vuracağı sürpriz olmadı?

- Baxımlı, gözəl qol vurdu. O cür futbolçulardan belə zərbələr gözləmək olar.

 

- Bir həftədən sonra yenidən rəqib olacaqsınız. Doğma meydan amili sizə kömək edəcəkmi?

- Səfərdən məğlub olmadan və 2 qol vurub dönürük. Bu bizim üçün əlavə üstünlükdü. Təbii ki, doğma meydanda müdafiəyə çəkilməyəcəyik. Biz də qol vurmağa çalışacağıq. Fərqli oyun olacaq. İnanıram ki, mərhələni “Neftçi” yox, biz keçəcəyik.

 

- Yeri gəlmişkən, Azərbaycan çempionu “Qarabağ” Monteneqro çempionu “Rudar”la qarşılaşacaq. Bu duel haqda ölkənizdə nə deyirlər?

- “Rudar” yaxşı komandadı. Kollektiv oyuna üstünlük verirlər. Heyətlərində ustalıq səviyyəsi yüksək olan futbolçular var. Bilirəm, “Qarabağ”da güclü komandadı, onlar Avropa Liqasının qrup mərhələsində oynayıblar, azarkeşlərin sevimlisidirlər. Lakin “Rudar”da son 4-5 ildə daim avrokuboklarda çıxış edib. Çətin oyun olacağını düşünürəm.

 

0