[b]“Neftçi” “Xəzər Lənkəran” ola bilərmi?[/b]
03.07.2015 - 14:10
[b]“Neftçi” “Xəzər Lənkəran” ola bilərmi?[/b]

Azərbaycan klubları Avropa Liqasında ilk matçlarını keçirib. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsinin ilk oyunlarından sonra qeydə alınan nəticələr hər üç təmsilçimizin irəliləməsinə imkan verir. Bunu klublarımızın avrokuboklardakı çıxışları tarixi də göstərir.

 

Öz meydanında oynayan yeganə təmsilçimiz “Neftçi” Monteneqronun “Maldost” komandası ilə qollu heç-heçəyə nail olub – 2:2. İlk baxışdan səfərdə 2 qol vuran balkanlılar daha şanslı görünür. Amma indiyədək bu vəziyyətə düşən yeganə Azərbaycan klubu mərhələ adlamağı bacarıb.

 

3 il əvvəl Avropa Liqasında “Nomme Kalyu” ilə görüşən “Xəzər Lənkəran” da evdə eyni nəticəyə üzülmüşdü. Amma cənublular Estoniyada 2:0 hesabı ilə qalib gələrək, istəyinə çatmışdı. İndi bu nümunədən yararlanacaq “ağ-qaralar” eyni uğura imza atmalıdı.

 

Albaniyada “Laçi” ilə heç-heçə edən “İnter” avrokubokların ilk oyununda səfərdən 1:1-lə dönən 4-cü komandamızdı. Bunadək “Qarabağ” 2, “Xəzər Lənkəran”la “Neftçi” hərəyə 1 dəfə bu halla üzləşib. Onların hərəsi 1 dəfə ev oyunundakı nəticə ilə mərhələ adlayıbsa, “Qarabağ”ın ilk cəhdi uğursuz alınıb.

 

Ağdamlılar 9 il əvvəl Moldova “Zimbru”suna əlavə vaxtda uduzub – 1:2. 2011-ci ildə isə Farer adalarının “Streymur” klubuyla ev oyunundakı qolsuz heç-heçə onların lehinə olub. “Neftçi” 2008-ci ildə “Jerminal” (Belçika), “Xəzər Lənkəran” isə 2 il əvvəl “Slima”nı 1:0 hesabı ilə məğlub edib.

 

Səfərdən məğlub qayıdan “Qəbələ” üçün də tarixdə nümunələr var. Əyalət klubunun Tiflis “Dinamo”su ilə matçınadək 3 dəfə komandamız səfərdə keçirdiyi ilk qarşılaşmada 1:2 hesabı ilə yenilib. Onlardan ikisi – “Şəmkir” və “Neftçi” cavab oyunundakı qələbə ilə mərhələ adlayıbsa, “İnter” 2009-cu ildə Slovakiya “Spartak”ına evdə də uduzub.

 

0