[b]“İnter”ə xəbərdarlıq: “Laçi” futboldan çox təxribatı sevir[/b]
04.07.2015 - 13:30
[b]“İnter”ə xəbərdarlıq: “Laçi” futboldan çox təxribatı sevir[/b]

“Laçi”ni yaxşı tanıyıram. İki il əvvəl “Bilis”in baş məşqçisi olanda bu komanda ilə kubokun finalında qarşılaşmışdıq. Amma geridə qalan müddət ərzində “Laçi”nin heyəti 60 faiz dəyişib”. Bu sözləri apasport.az saytına açıqlamasında vaxtilə Azərbaycanda çalışmış türkiyəli məşqçi Naci Şensoy deyib.

 

Təcrübəli mütəxəssis Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə qarşılaşan “İnter”in mərhələ adlamaq şansını dəyərləndirib.

 

2012-14-cü illər ərzində Albaniyanın “Bilis” və “Kukesi” klublarını çalışdırmış Şensoy bildirib ki, ilk görüşdə qeydə alınan nəticədən (1:1) sonra növbəti mərhələyə “bankirlər” daha yaxındılar: “Adətən “Laçi” çox aqressiv futbol nümayiş etdirir. Öz meydanında daha inamlı təsir bağışlayır. Amma “İnter” səfərdə qollu heç-heçəyə imza atıbsa, artıq şans öz əlindədi. Azərbaycan təmsilçisi öz meydanında keçiriləcək cavab oyununda əlinə düşən imkanı dəyərləndirməlidi. Təbii ki, Albaniyadakı 1:1 hesablı nəticədən sonra “İnter” artıq cütün favoritidi. Çünki Bakıdakı oyunda qolsuz bərabərlik də komandanızı növbəti mərhələyə daşıyacaq. Amma yenə də diqqətli olmaq lazımdı”.

 

Şensoy “Laçi” komandasını yaxından tanıdığından, “İnter”in futbolçularına məsləhət verib: “Bir məqamı mütləq deməliyəm. İnter”in futbolçuları rəqib oyunçuların meydandakı təxribatlarına fikir verməməlidilər. Çünki “Laçi” futboldan çox təxribatı sevir. Bunu nəzərdə saxlasınlar. “İnter” ilk görüşdəki nəticəni unudaraq, meydana çıxmalıdı. Yəni Albaniyada qeydə alınan hesaba çox güvənməməlidi”.

 

0