[b]Mirhüseyn Seyidov: Pley-offa qədər irəliləyə bilərik[/b] - [b]MÜSAHİBƏ[/b]
06.07.2015 - 17:30
[b]Mirhüseyn Seyidov: Pley-offa qədər irəliləyə bilərik[/b] - [b]MÜSAHİBƏ[/b]

“İnter”in yarımmüdafiəçisi Mirhüseyn Seyidovun apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının I təsnifat mərhələsində “Laçi” ilə keçirəcəyiniz cavab oyununa hazırlıq necə gedir?

- Səfərdən 1:1 hesablı heç-heçə ilə dönmüşük. Yaxşı oynamasaq da, sərfəli nəticə ilə qayıtmışıq. Əhvali-ruhiyyəmiz yaxşıdı, hər gün yeni transferlərimiz komandaya qoşulur. Əsas odu ki, bu mərhələni keçək. Çünki növbəti oyun zamanı yeni transferlərimizin adları da iştirak ərizəsinə daxil ediləcək və daha güclü olacağıq. Qarşımızda duran əsas vəzifə mərhələni adlamaqdı.

 

- İlk oyundan sonra rəqibə daha yaxından bələd oldunuz. “Laçi”nin üstün və zəif cəhətləri hansılardı?

- Rəqibin hansısa aşkar üstün tərəfi yox idi. Onlarla birinci dəfə idi qarşılaşırdıq, özü də evdə oynayırdılar. Cavab görüşünü Bakıda keçirəcəyik və burdakı qarşılaşma zamanı pressinq tətbiq edib, rəqibi meydanın özünə aid hissəsində sıxmalı, lazımi nəticəni qazanmalıyıq. Səfərdəki oyun ilk matçımız olduğundan, bir-birimizi istənilən səviyyədə başa düşmürdük. Amma bu dəfə doğma meydan amilindən istifadə edib, səfərdəki kimi yox, daha yaxşı oynamalı və qalib gəlməliyik.

 

- Rəqibin əsasən hücum xətti haqda xoş sözlər deyirdilər. Doğurdanmı, “Laçi”nin hücumu seçilirdi?

- Hardasa seçilirdi, amma elə də ciddi şəkildə fərqlənmirdi. Evdə oynayırdılar, azarkeşləri onları dəstəkləyirdi. Üstəlik, oyun yerli vaxtla 17:30-da başlamışdı, hava çox isti, həm də ilk rəsmi oyunumuz idi. O komandanı artıq tanıdıq. Orda elədiyimiz səhvləri bu dəfə təkrarlamamalı, diqqətli oynamalıyıq. Burda qol vurub, nəticəni qorumaq lazımdı.

 

- “İnter”də maliyyə problemi yarandıqdan sonra heyət tamamilə dəyişdi. Baş verənlərdən sonra komandaya inamsızlıq yaranmışdı. Amma səfərdəki qollu heç-heçə düşüncələri müsbətə doğru dəyişdi. Cavab oyununda ümidləri doğrulda biləcəksinizmi?

- Komandamız, gələn futbolçular haqda xoş sözlər demək olar. Çünki heyətə cəlb edilən futbolçuların əksəriyyəti Premyer Liqada oynayıblar. Biz Bakıdakı matçda azarkeşlərin ümidlərini doğruldacağıq. Yenə deyirəm, səfərdəki matç ilk rəsmi oyunumuz idi. Anlaşma baxımından çatışmazlıqlar var idi. Ancaq heyətimiz güclüdü. Biz pley-offa qədər irəliləyə bilərik. Çünki heyətimizdə təcrübəli oyunçular var.

 

- Ancaq həmin təcrübəli futbolçuların əksəriyyəti ötən il ümidləri doğrultmayanlardı...

- İndi hazırlıq prosesi keçirik. Ötən mövsüm mən də az oynamışam. Həm də klublarda maliyyə problemi yarandıqdan sonra çempionatın səviyyəsi də aşağı düşmüşdü. Kimlərsə oynamayıbsa, bunların hamısı ötən mövsümdə qalıb. Əsas odu ki, indi hazırlığımız davam edir. Yeni qoşulanlar da gündə 2 dəfə məşq keçirlər ki, fiziki formalarını bərpa etsinlər. Vacib olan odu ki, toplanışı yaxşı keçib, çempionata hazır olmalıyıq.

 

- Çempionatın səviyyəsinin aşağı düşdüyünü dediniz. Bu amil Avrokubok oyunlarında hiss olunurmu?

- Əvvəlki səviyyə olsaydı, Avropa Liqasının oyunları bizim üçün çətin keçməzdi. Amma məlum hadisələr göz qarşısındadı. “Neftçi” ilk oyunda heç-heçə etdi. Amma əvvəlki gücündə olsaydı, “Mladost”u asanlıqla keçə bilərdi. O cümlədən “İnter. Yenə əvvəlki dövrlə müqayisədə vəziyyət pis deyil. Çalışmalıyıq bu mərhələni keçək.

 

- Amma fərq hiss olunur...

- Hiss olunur. Biz iki il əvvəl səfərdə “Koper”i rahat keçirdiksə, indi baxırıq ki, onlar güclü komandadı. Yəni ötən il komandalarımız indikindən daha yaxşı idi.

 

- Maliyyə ilə bağlı vəziyyət necədi?

- Hamımız müqaviləni yeni bağlamışıq. Söz veriblər ki, ay tamam olduqdan sonra maaş veriləcək. Problem olmamalıdı. Əsas işimiz futbol oynamaqdı. “İnter”i seçməyimin səbəbi Avropa Liqasında oynamaq, eyni zamanda komandanın başında təcrübəli məşqçinin dayanmasıdı. Maliyyə baxımından problem olmamalıdı. Çünki müqavilələrdə elə məbləğlər göstərilib ki, onları ödəmək çətin olmayacaq.

 

- Səfərdə və ya toplanışda olduğunuz zaman hansısa çatışmazlıq hiss etmisinizmi?

- Heç nə hiss etmədik. Səfər üçün hər şey təşkil edilmişdi. Hər gün yeni futbolçu gəlir. 20-30 nəfəri bura yığıb, sonra da aldatmaq... İnanmıram belə şey olsun. İndi çalışmalıyıq mərhələni adlayaq. Tədricən hər şey qaydasına düşəcək.

0