[b]Xuan Fransisko: “İnter” bu heyətlə çempion ola bilər - MÜSAHİBƏ[/b]
07.07.2015 - 14:55
[b]Xuan Fransisko: “İnter” bu heyətlə çempion ola bilər - MÜSAHİBƏ[/b]

“İnter”in ispaniyalı müdafiəçisi Xuan Fransiskonun apasport.az saytına müsahibəsi

 

- İki gündən sonra Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Laçi” ilə qarşılaşacaqsız. Bu oyuna hazırlıq necə gedir?

- Hər şey planlaşdırıldığı kimi gedir. Əsas problem oyuna hazırlaşmaq üçün vaxtımızın az olması ilə bağlıdı. Çünki “İnter”in üzvləri yeni futbolçulardı, komanda təzə qurulub. Belədə həm uyğunlaşmaq, həm də hazırlaşmaq üçün müəyyən vaxta ehtiyac yaranır. Biz bir yerdə çox az oynamışıq. Baş məşqçimiz də bu problemin aradan qaldırılmasına çalışır. Belə deyək də, hələ ki, şikayətlənməyə əsasımız yoxdu.

 

- Yaxşı oynamasanız da, ilk dueldən 1:1 hesablı heç-heçə ilə ayrıldız. Bu nəticəni ədalətli saymaq olarmı?

- Əslində 1:1 hesablı heç-heçə bizim üçün əla nəticədi. Çünki Bakıda qolsuz bərabərlik bizə sərf edir. Belə olan halda, əlavə sözə ehtiyac yoxdu. Mübarizə apardıq, heç-heçəni elə-belə əldə etmədik. Biz ilk dəfə bir yerdə rəsmi oyun keçirdik. Yeni qurulmuş komandada problemlər çox olur. Bunu aradan qaldırmaq lazımdı. Məşqlərdə də bu problemlərin tədricən yoluna qoyulduğunu görürük. Cavab oyununu evdə keçirəcəyik və səfərdəki görüşlə müqayisədə, daha artığını etməyə çalışacağıq.

 

- Azarkeşlər də bu dəfə sizdən qələbə gözləyəcəklər. “İnter”in bunu reallaşdıracağı inandırıcıdı?

- Ümid edirəm ki, “İnter” qələbə qazanacaq. Bunun üçün əla şansımız, yaxşı oyunçularımız var. Albaniyadan da sərfəli nəticə ilə dönmüşük. Amma çətin olacağını heç kim unutmasın. Təbii ki, biz öz meydanımızda qələbə qazanmağa cəhd edəcəyik. Futbolda hər şey mümkündü. Sevinən tərəfin azərbaycanlı fanatların olacağına ümid edirəm.

 

- “Laçi”ni necə xarakterizə edərdiz?

- Rəqibimiz yaxşı, güclü komandadı. 2-3 təhlükəli futbolçusu var. Hücum xəttindəki afrikalı futbolçuları güclüdü. Həm də rəqibin üzvləri xeyli vaxtdı bir yerdə oynayırlar. Bir-birlərini başa düşməkdə çətinlik çəkmirlər. Amma müqayisə etsək, bizim hazırlığımız daha yaxşıdı. Onlar 60-70-ci dəqiqədən sonra yorulurlar. Yəni “Laçi” çətin yox, ağır komandadı.

 

- “İnter”də maliyyə problemi qaydasına qoyulubmu?

- Mən “İnter”də maliyyə problemi olması fikri ilə razı deyiləm. Hər şey qaydasındadı, hətta yaxşıdı deyərdim. Məşqlərimizi keçirik, lazım olan şərait yaradılıb. Hansısa sahədə maliyyə probleminin olduğunu hiss etmirik.

 

- AZAL-ın baş məşqçisi Tərlan Əhmədov sizi komandada saxlamağı düşündüklərini demişdi. “İnter”ə keçməyiniz nə ilə bağlı oldu?

- Ötən mövsüm başa çatdıqdan sonra AZAL-la müqaviləm bitdi. “İnter” mənə dəvət göndərdi. Mən də onlara razılığımı bildirdim və danışıqlar müsbət yekunlaşdığından, bu komandaya keçdim. AZAL-da da problemlər yaşandı və orda qala bilməyəcəkdim. “İnter” Azərbaycanın ən yaxşı komandalarından biridi. Həm də Avropa Liqasında çıxış edir. “İnter” bu heyətlə yeni mövsümdə ölkə çempionu da ola bilər. Bir sözlə, hədəfləri böyük olan komandaya keçdim. 

0