“Neftçi İdman Klubu”nun komandası Gürcüstandan qalib qayıdır
07.07.2015 - 17:43
“Neftçi İdman Klubu”nun komandası Gürcüstandan qalib qayıdır

“Neftçi İdman Klubu”nun 2002-2003-cü illər təvəllüdlü futbolçulardan ibarət “Siyəzən” komandası Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub. Apasport.az saytının məlumatına görə, təmsilçimiz 10 gün davam edən toplanışla yanaşı, həmin şəhərdə keçirilən beynəlxalq turnirə də qatılıb.
 

Futbol üzrə idman ustası Anzar Şapatavanın xatirəsinə həsr olunmuş 2002-2003-cü illər təvəllüdlü yeniyetmə futbolçular arasında baş tutan yarışda “Dinamo” (Batumi), “Kobuleti”, “Kolxeti” (Poti), “Torpedo” (Kutaisi) və “Neftçi İK” İB (Siyəzən) komanda qüvvəsini sınayıb. Kobuleti şəhər bələdiyyəsi və UGİM-in birgə təşkilatçılığı ilə təşkil olunan turnirdə komandalar bir qrupda olmaqla dairəvi sistem üzrə mübarizə aparıblar.

 

“Neftçi İdman Klubu”nun futbol üzrə baş məşqçisi Məhərrəm Həsənov və komandanın məşqçisi Elçin Ağayevin rəhbərlikləri altında çıxış edən komanda ilk oyununda “Kolxeti” (Poti) ilə qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib. Növbəti oyunda “Dinamo” (Batumi) ilə üz-üzə gələn futbolçularımız bu dəfə də gözəl oyun nümayiş etdiriblər və rəqiblərini böyük hesabla məğlub ediblər – 5:2. Üçüncü görüşdə “Torpedo”nu sınağa çəkən həmyerlilərimiz yenə üstünlüyü ələ alıblar və 3:1 hesablı qələbəyə imza atıblar. “Neftçi İK” İB (Siyəzən) komandası sonuncu – dördüncü qarşılaşmasında “Kobuleti”yə qarşı oynayıb. Məğlubiyyət tanımayan futbolçularımız sonuncu matçda da əzmlə mübarizə aparıblar və oyundan qalib ayrılıblar – 2:1.

 

Beləliklə, futbolçularımız bütün rəqibləri üzərində inamlı qələbə qazanaraq beynəlxalq turnirin kubokuna sahib olublar. Yer tutmuş komandalara diplom və kubokları Kobuleti şəhər UGİM-in direktoru Zurab Kaxidze təqdim edib.

 

0