“Dedi ki, nə danışırsan, Paris heç Bakıya çatarmı?” - VİDEO

“Avropa Oyunlarını bir hakim, bir idmançı və bir vətəndaş kimi çox bəyəndim. Ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə bu möhtəşəm bayramın Azərbaycanda keçirilməsinə təxminən 2 il öncə qərar verilmişdi. Bu yarışın ölkəmizdə təşkil olunması sağlam gənc nəslin yetişməsində əvəzedilməz bir rol oynayacaq”.

 

Bu fikirləri APA TV-nin “Avropa Oyunları” layihəsinin qonağı, Avropa Oyunlarının boks yarışında Azərbaycanı hakimi kimi təmsil edən AİBA dərəcəli referimiz, Olimpiya mükafatçımız Fuad Aslanov deyib.

 

Yarışla bağlı təəssüratlarını açıqlayan ədalət təmsilçisi bildirib ki, Azərbaycan millisinin 56 medal qazanması tarixi uğurdur: “Bir hakim kimi 17 gün ərzində baş tutan Avropa Oyunlarında qonaqlarla təmasda oldum. Boks yarışlarına dünyanın ən güclü 37 referisi seçilib, dəvət edilmişdi. Oyunların möhtəşəm keçdiyini deyə bilərəm. İki Olimpiadada olmuşam. Onlardan birində idmançı, digərində hakim kimi iştirak etmişəm. Belə bir möhtəşəm bayramın Azərbaycan olmağına çox sevindim. Azərbaycan vətəndaşı kimi uğur qazanan idmançılarımıza, onların məşqçilərinə, valideynlərinə dərin minnətdarlığımı bildirirəm. Vurğulamaq istərdim ki, sabiq boksçu və bu yarışın hakimi kimi boks yığmamızdan 3 qızıl medal gözləyirdim. Amma final günü 7 boksçumuzun həlledici döyüşə çıxacağını gördüm. Onlardan 6-sı fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar. Doğurdan da, komandamız bizi çox sevindirdi. Yarışın ilk günündə medal qazanan karateçiləri və güləşçiləri görüb təbrik edəndə, bu, bizə əlavə məsuliyyət verirdi. Fikirləşirdik ki, bunlara çata biləcəyikmi? Məsələn, Olimpiya çempionlarımız Fərid Mansurovla, Namiq Abdullayevlə yarışlar zamanı bir-birimizi təbrik etdikdə bildirdilər ki, boksçular çox gözəl çıxış etdilər. Mən də yekunda “bayram tortunun ortasındakı ən şirin yerini boksçularımız medallarla bəzədilər” deyirdim”.

 

İki dəfə Olimpiya Oyunlarının iştirakçısı və 1 dəfə bürünc mükafatçısı Şahin İmranov da Avropa Oyunları çox möhtəşəm alındığını vurğulayıb. Onun sözlərinə görə, açılış mərasimindən bağlanış mərasiminə kimi hər şey yüksək səviyyədə olub: “Deyərdim ki, bu yarış biz gördüyümüz Olimpiya Oyunlarından geri qalmırdı və bəlkə də onları üstələyirdi. Komandalarla söhbətdə Atletlər kəndində idmançılara yaradılan şəraitin də əla olduğu vurğulanırdı”.

 

AİBA dərəcəli hakim 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan boks yığmamızın Avropa ölkələri arasında 1-ci olmasının da sirrini açıqlayıb. O bildirib ki, bu, komandamızın yarışa tam hazır olmasının və məşqçilər korpusunun əziyyətinin bəhrəsidir: “Döyüşlərin hər biri qənaətbəxş idi. Əvvəllər 3-cü raundda vaxt udmaq üçün hansısa hərəkətlər edirdilərsə, bu dəfə baxdım ki, nəfəsləri belə qaydasındadır. Yığmamızın qazandığı medalları kubalı baş məşqçi Pedro Rok və məşqçilər korpusunun adı ilə bağlamaq da olar. Mən onlarla şəxsən görüşüb, təbrik də etdim ki, komandamızın belə yüksək səviyyəyə çatmasında onların da rolu vardır”.  

 

Ş.İmranov boksçularımızın sürpriz nəticə imza atmadığını deyib. Veteran idmançı bildirib ki, yarışdan öncə də hər bir boksçumuzun medal qazanmasına inanırmış: “Yarışların ilk günündə döyüşləri izlədikdən sonra da Fuadla söhbət etdik ki, komandamızın hər bir üzvü fəxri kürsüyə çıxmaq gücündədir. Şükürlər olsun ki, kişilərdən ibarət yığmamızda bir boksçumuz istisna olmaqla, digərləri hamısı medal qazandılar. Avropa Oyunları kimi, nailiyyətlərimiz də gözəl oldu”.

 

Olimpiya mükafatçısı Avropa Oyunlarında yığmamızın üzvü Məhəmmədrəsul Məcidovun zədə səbəbindən yarımfinalda mübarizəni dayandırmasını özünün Olimpiadada qaşının partlamasına bənzədib. O qeyd edib ki, bütün bunlar bir qismətdir: “Məcidov qızıl medala real namizəd idi, lakin zədə mane oldu. Deyərdim ki, yığmamızın qazandığı bu mükafatlar məsuliyyətimizi daha da artırdı. Qarşıda – 2016-cı il Rio-de-Janeyro Olimpiadası gəlir və bu nailiyyəti qorumaq üçün daha yaxşı hazırlaşmaq lazımdır. Noyabrda Dohada dünya çempionatı olacaq. Həmin yarışda ilk növbədə boksçularımız Olimpiya Oyunlarına maksimum sayda lisenziya qazanmalı, ardınca Braziliyada özlərini doğrultmalıdırlar”.

 

F. Aslanov da Məcidovun zədələnməsini böyük itki sayıb. Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə hazırda ağır çəkilərdə favorit boksçularımız var: “Məhəmmədrəsulun böyük ürəyi var. O, ürəyinin hesabına gözəl nəticələr verə bilir. Avropa Oyunlarında gürcü boksçu ilə döyüşdükdə, rəqib bundan boyda balaca idi. Bu səbəbdən də hücumda başla almacıq sümüyünə vurdu və təmsilçimizi ciddi zədələdi. Təbii ki, o, qızıl qazanacaqdı. Hamı da Məcidovdan bunu gözləyirdi. Əsas odur ki, bərpa olunub dünya çempionatında özünü yaxşı göstərsin”.

 

11 dəfə Azərbaycan çempionu titulunu qazanan F. Aslanov hazırda onun və Ş. İmranovun üslubunda döyüşən idmançıların da adlarını açıqlayıb: “Avropa Oyunlarının qalibləri - Elvin Məmişzadə, Pərviz Bağırov və Albert Səlimovun döyüşləri Şahinlə mənim üslubumu xatırladır. Çünki ikimiz də Sumqayıt məktəbinin yetirmələriyik və texniki-taktiki döyüşlərə üstünlük verirdik. Adını sadaladığım idmançılarda da buna oxşar döyüş gördüm. Millimizin legioneri, yarışın digər qızıl medalçısı Lorenzo Sotomayora gəlincə, o da çox döyüşkəndir. Boksda belə bir deyim var ki, bəzən rəqibin bəzi duruşunda döyüşmək uyğun gəlmir. 64 kq çəki dərəcəsində millimizin şərəfini qoruyan Sotomayorun da elə bir döyüş tərzi var. Onunla hər kəs mübarizə apara bilmir. Əlləri uzun, duruşu tam başqa cürdür”.

 

Ədalət təmsilçisi Avropa Oyunlarında hakimliyi də dəyərləndirib. Onun sözlərinə görə, yarışda hansısa səhv qərardan söhbət belə gedə bilməz: “Bu yarışdan öncə Nanjinqdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında, WSB liqasında hakimlik etmişəm. Avropa Oyunlarında da AİBA-nın rəhbərliyi, supervayzerləri və baş hakimləri 300-400 beynəlxalq dərəcəli ədalət təmsilçilərindən 37-sini seçib, ən yaxşılarından ibarət komanda formalaşdırmışdılar. Həmçinin cəmi 5 beşulduz hakim var və onların da hamısı Avropa Oyunlarına qatılmışdı. Yarışda hansısa səhv, neqativ hal görmədim. Hər gün döyüşlərin startından öncə və yekunda AİBA rəhbərləri bizlə söhbət edirdilər. Bildirirdilər ki, hər şey qənaətbəxşdir. Hakimlərin əməyi kimi deyə bilərəm ki, nokaut olmadı. Düzdür, 5-6 qaş partlamağı qeydə alındı. AİBA prezidenti Çinq Kuo Vu gəldi, bizlə bir daha həmsöhbət oldu və təbii ki, bizi daha ciddi olmağa çağırdı. Biz də hakim kimi işimizdə çox ciddi olub, işimizi işlədik. Qalibiyyətin yanlış olaraq başqasına verildiyini də görmədim. Bütün referilər də razı qaldı”.

 

O, hakimlərin ölkəmizdən və yarışdan tam razı qaldığını, paytaxtımızdan xoş təəssüratlara ayrıldığını vurğulayıb: “Fasilələrdə boks yarışlarının keçirildiyi “Kristal Zal”dan çıxaraq, söhbətlər edirdik. Bunların birində fransalı ədalət təmsilçisi ilə dəniz kənarından Bakını seyr edirdik və çox möhtəşəm görüntü vardı. Həmkarıma “Bakı gözəldir, yoxsa Paris” deyə sual verdim. Dedi ki, nə danışırsan, Paris heç bura çatarmı? Ardınca Bakını kiçik Mayamiyə də bənzətdi. Hakimlər, həmçinin bizim təşkilatçılığın, servisin yüksək səviyyədə olduğunu vurğuladılar. Mən digər yarışlarda olduğumdan əvvəlki illərdə ölkəmizdə keçirilən turnirlərdə də görürdüm ki, təşkilatçılıqda digərlərini üstələyirik. Avropa Oyunlarında da buna çox sevindim. Ötən illərə qayıtmaq istərdim. 1995-ci ildə Almaniyaya dünya çempionatına yollanmışdım. Akkreditasiya görən bir nəfər yerli sakin üzərində “Azərbaycan” yazıldığını görüb, ölkəmizi tanımadığını dedi. Mən “Qafqaz” dedikdə, o, “Gürcüstan, Ermənistan?” soruşdu. Bir daha Azərbaycan vurğuladım, lakin tanımadı. Bundan 15 il sonra, məhz Şahinlə Sinqapurda Yeniyetmələrin Yay Oyunlarında olduğumuz zaman kim haradan gəldiyimizi sorurdusa, “Azərbaycan” dedikdə idman ölkəsi olduğumuzu qeyd edirdilər”.

 

Ş. İmranov da bildirib ki, yarışlar zamanı hansı xarici qonaqla söhbət edibsə, hamısı təşkilatçılığın əla olmasından danışıb: “Xüsusilə, qonaqpərvərliyimizin, paytaxtımızda səliqə-sahmanın yüksək səviyyədə olmasını vurğulayır, yeməklərimizi tərifləyirdilər. Onlar Azərbaycanın inkişafından, bu qədər irəli getməsindən də ağızdolusu danışırdılar”.

 

O, yığmamızın əvvəlki dövrlə də müqayisə edib. Olimpiya mükafatçımızın sözlərinə görə, hazırkı durum tam fərqlidir: “Prezidentimiz İlham Əliyev idmançılara gözəl şərait yaradıb, yeni olimpiya kompleksləri inşa olunub. Avropa Oyunlarında nailiyyətlərimiz də inkişaf, idmançılara diqqət və qayğının nəticəsidir. O zamanlar isə çox çətin idi. Adi bir yarışa getməkdə, təlim-məşq toplanışı keçirməkdə problemlə qarşılaşırdıq. Bu çətinlik səbəbindən də idmançılar həvəsdən düşüb, karyeralarını bitirirdilər. Deyirdilər “pul gətir, onu tap, bunu tap” və s. Bu gün isə hər şey - təlim-məşq toplanışları da yüksək səviyyədədir. Boksçularınızın nailiyyəti də federasiyamızın göstərdiyi qayğıdan irəli gəlir. İdmançılar nə desələr, dərhal hazır olur”.

 

Hazırda idmançılara üçün əla şərait yaradıldığını bildirən F. Aslanov Boks Federasiyasının yeni inzibati binasının dünyada ən yaxşılardan olduğuna inam ifadə edib: “Möhtəşəm, gözəl bir binadır. Burada hər bir şəraitimiz var. Belə inzibati binaları başqa dövlətlərdə gördükdə, “Azərbaycanda da olardı” deyirdim. 1994-cü ildən beynəlxalq arenaya çıxmışam, 16 il döyüşmüşəm. Həmin vaxtlardan “Ölkəmizdə belə bir şeylər ola bilərmi?” kimi arzularım olurdu. Çox sevindirici haldır. Bunun üçün prezidentimiz İlham Əliyevə, Bakı-2015-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm. Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov, vitse-prezidentlərimiz – Süleyman Mikayılov, Vüsal Novruzov həmişə idmançılarımızın, komandanın yanındadırlar. Ağacan Abıyevin həmişə üzərimizdə əməyi var, ağsaqqalımızdır. Onlar hər zaman bizə öz tövsiyələrini verirlər. Yığmamıza yüksək səviyyədə diqqət ayrılır. Yəni, əvvəlki dövrlə müqayisədə çox böyük fərq var. Həmin vaxtlar ağcaqanaddan, çəki salan zaman tər-sudan necə yatacağını bilmirdin. İndi hər şey əla səviyyədədir. Rəhbərliyin komandamıza qayğısı boksçularımızın nəticə verməsində mühüm amildir”.

 

F. Aslanov boksçularımız kimi, gənc hakimlərimizin yetişdiyini də qeyd edib. O bildirib ki, Azərbaycan bu sarıdan da öndədir: “AİBA tərəfindən Avropa Oyunlarında dünya və Avropa çempionumuz Rövşən Hüseynovla birgə referilik edirdik. Bizim ardımızca gələn yeni nəsil, Avropa və dünya birinciliklərində iştirak edən 10-11 ədalət təmsilçimiz var. Onlar da pillə-pillə gəlməlidirlər. Belə olan halda bəlkə bizi də keçəcəklər. Emin Qürbəliyev, Anar Nağdıyevin adını çəkə bilərəm. 5 ildir zona birinciliklərinin baş hakimiyəm. Bu 10-11 referi ilə birgə çalışıb, yeniyetmələrimizi qoruyub, gənc nəslin inkişafında yardımçı oluruq. Onlar da böyük yaş qrupuna kimi irəliləyərək, buradakı uğur sayəsində beynəlxalq arenalara qədəm qoyurlar”.

 

Ş. İmranov Sumqayıt boks məktəbinin yenidən yığmada öz sözünü deyəcəyinə əminlik ifadə edib. Onun sözlərinə görə, bunun üçün F. Aslanovla hər bir köməyə hazırdırlar: “Daima boksçuların yanında oluram, indiki vaxtda da məşq edirəm. Sumqayıt boks məktəbi həmişə güclü olub. Yadımdadır ki, Fuad, ya mən döyüşən zamanlar yığmada 11 çəki dərəcəsindən 7-8-i Sumqayıt boksçuları olurdu. Düzdür, son vaxtlar bu məktəb bir qədər zəifləyib. Həmişə birgə oturub, bu barədə söhbət edib, hansı köməkliyimizi edə bilərik fikri üzərində düşünürük. İnşallah, yaxın vaxtlarda Sumqayıt boks məktəbi əvvəlki günlərinə qayıdar və Azərbaycan çempionatında 7-8 qızıl medal qazanıb, dünya və Avropa çempionatlarında ölkəmizin şərəfini qoruyar. Məşqçi kimi deyil, komandanın yanında olmaq, tövsiyələrimi vermək kimi planlarım da var”.

 

F. Aslanov Avropa Oyunlarının onların idmançı olduğu vaxta düşməməsinə təəssüfünü də gizlətməyib: “Şahinlə dost kimi “gör indiki idmançıların necə yaxşı bəxti var ki, belə yarışlar bizim vaxtımıza düşmədi” kimi danışmışıq. Bu da onların qismətidir. Ona da sevinirik ki, mən bir hakim kimi yarışda iştirak etdim. Bu, bir tarixdir. Avropa Oyunları Azərbaycan idman tarixinə də yeni bir səhifə açdı və bu, davam edəcək. Avropa Oyunlarının məşəli dörd ildən bir Atəşgah Məbədindən alovlandırılacaq. Bu, çox böyük uğurdur. Olimpiadada ilk ev sahibi Afina tarixə adını yazdırıb. Avropa Oyunlarında isə bu nailiyyətə Azərbaycan imza atdı”.

 

F. Aslanov bildirib ki, Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməsi Olimpiya Oyunlarını qəbul etmək üçün əla zəmin yaradıb: “Biz yarış ərzində hakimlərlə bu barədə söhbətlər etdik. Onlar bildirirdilər ki, Avropa Oyunları Olimpiada ilə eyni səviyyədə bir yarışdır. Dəfələrlə beynəlxalq yarışları idarə edən hakimlər Azərbaycanın Olimpiya Oyunlarını keçirmək üçün yaxşı şans əldə etdiyini dedilər. Yəni dünyaya sübut etdik ki, Olimpiadanı təşkil edə bilərik”.

 

Ş. İmranov isə Avropa Oyunlarının Bakıya həvalə olunmasını dünya və Avropa çempionatlarına layiqli ev sahibliyi sayəsində qazandığımızı vurğulayıb: “Ölkəmizdəki bütün yarışlar yüksək səviyyədə təşkil olunub. Məhz bu səbəbdən də Azərbaycana bu etimad göstərilib. Biz Olimpiada keçirməyə tam hazırıq”.

 

O, yarışlar zamanı azarkeşlərimizin əməyini də yüksək qiymətləndirib. Olimpiya mükafatçımız bildirib ki, fanat ordusu baxımından da bir çoxlarına örnək olduq: “Azərbaycan xalqına təşəkkür edirəm. Azarkeşlərimiz bütün idman növlərində olduğu kimi boksda da idmançılarımıza dəstək olur, əlavə ruh yüksəkliyi verirdilər. Özümə gəlincə, boks yarışlarının keçirildiyi “Kristal Zal”da taekvondoçular və voleybolçular da mübarizə apardığından bu yığmalarımıza dəstək olurdum. Boks ilk günlərdən start götürüb, sonadək davam etdiyindən digər komandalarımızın yanında ola bilmirdim”.

 

AİBA hakimi də xüsusi qeyd edək ki, Nanjinqdə keçirilən Olimpiadada heç bizim azarkeşlər qədər idmansevər olmayıb: “Avropa Oyunları ilə müqayisədə orada Olimpiya Oyunları olsa belə bu qədər fanat toplaşmamışdı. Bununla bir daha nümayiş etdirdik ki, biz idman ölkəsiyik. Bundan sonra da yarışları sevərək keçirib, uğurla da başa vuracağıq”.

 

 

F.Aslanov AİBA rəhbərliyinin Bakıdan məmnun ayrıldığını bildirib: “AİBA rəhbərliyi, həmçinin beşulduzlu hakimlərin hamısı və onlardan yüksək vəzifədə olanlar da Azərbaycanı, təşkilatçılığı, şəhərimizi, qaldıqları oteli çox bəyəndilər. Onlar millətimizi, onların üz cizgilərini də sevdilər”.

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qəbələ

19

12

6

1

38-10

42

2.

Qarabağ

19

13

3

3

32-10

42

3.

İnter

19

8

9

2

30-19

33

4.

Sumqayıt

19

6

7

6

20-23

25

5.

Zirə

19

6

5

8

17-21

23

6.

Neftçi

19

5

2

12

14-33

17

7.

Kəpəz

19

3

7

9

12-22

16

8.

 AZAL

19

1

5

13

8-33

8

               

 

Top 10
Sizin reklam burada
150x220