Vüqar Həşimovun xatirə turnirinə start verildi - FOTOSESSİYA
24.07.2015 - 14:51
Vüqar Həşimovun xatirə turnirinə start verildi - FOTOSESSİYA

Bu gün məşhur şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan uşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, iştirakçılar ilk olaraq səhər saatlarında məşhur şahmatçımızın məzarını ziyarət edərək ona böyük ehtiramını bildirib.

 

Açılış mərasimində çıxış edən Vüqar atası Qasım Həşimov turnirin əhəmiyyətindən danışıb: “Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri olsun. Çünki o istəmirdi ki, yeniyetmələr əziyyət çəksin. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artıra bilərsiniz. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildi keçirilir. Bu ənənəvi hal almalıdı. Onun keçdiyi çətin ömür yolu öyrənilməlidi. Bütün iştirakçılara uğur arzulayıram. Qoy güclü qalib gəlsin”.

Həşimovun komanda yoldaşı, Avropa çempionu Şəhriyar Məmmədyarov uşaqların Vüqarın şahmat karyerasını öyrənməyin vacib olduğunu bildirib: “Bu gün Vüqar öyrənilməlidi. Mən şahmatçı kimi onun karyerasını yaxşı bilirəm. Amma uşaqlar ondan öyrənməlidi. Elə ölkələr var ki, onun əldə etdiyi nəticələrə yalnız arzu kimi baxır. Onun qazandığı nailiyyətlər əksər şahmatçılar üçün əlçatmazdı. Hər zaman yaxınlarına kömək etməyə hazır idi. Vüqar böyük turnirlər zamanı bizi tək qoymazdı. Özü oynamadığı günlər bizi yardımçı olurdu. Bu gün onun yoxluğunu qəbul etmək çətindi. Biz hər zaman onu xatırlayırıq. Uşaqlar Vüqardan öyrənməklə uğur qazanmalıdı. Bizim vaxtımızda məşhur şahmatçılarla görüş əsl bayram idi. İndi uşaqlarda yığma üzvlərindən öyrənməyə imkanı var. Etiraf edək ki, son 10 ildə yeni şahmatçı meydana çıxmayıb. Millidə eyni adlar çıxış edir. Artıq rəqabət vaxtıdır. Arzu edirəm ki, bizdən sonrakı nəsil daha güclü olsun".

Qeyd edək ki, 6 nömrəli məktəb-liseydə keçirilən yarışda 8-10-12 yaşadək oğlanlar və qızlar, o cümlədən dünya və Avropa çempionatlarının mükafatçıları, Azərbaycan birinciliyinin iştirakçıları və beynəlxalq əmsalı 1700-dən yüksək olan 110 şahmatçı mübarizə aparacaq. Beynəlxalq turnirdə Azərbaycan, Rusiya, İran, Gürcüstan təmsilçiləri ilə yanaşı, Fransa şahmatçıları da çıxış edir. Beynəlxalq turnirin reytinq favoriti keçənilki yarışın bürünc mükafatçısı, azərbaycanlı şahmatçı Məhəmməd Muradlıdır (2052).

 

Memorialın qalibi Vüqar Həşimov kuboku ilə təltif olunacaq. Birinci yeri tutan şahmatçı, eyni zamanda, “Baku Open 2015”, gümüş mükafatın sahibi isə “Naxçıvan Open 2016” beynəlxalq şahmat festivallarında ödənişsiz olaraq qalmaq və yemək imkanı əldə edəcəklər. Turnirdə, həmçinin müxtəlif nominasiyalar üzrə qaliblər də təltif olunacaqlar.

 

Beynəlxalq turnirin baş hakimi – FİDE hakimi Cavanşir Bağırov olacaq.

 

Qeyd edək ki, ötənilki turnirin qalibi Bakı şahmatçısı Kənan Qarayev olmuşdu.

0