[b]Xuanfran Qarsiya: Meydanda ona deyəcəm ki... -[/b] MÜSAHİBƏ
27.07.2015 - 13:27
[b]Xuanfran Qarsiya: Meydanda ona deyəcəm ki... -[/b] MÜSAHİBƏ

Avropa Liqasının III təsnifat mərhələsində “Atletik”lə qarşılaşacaq Bakı “İnter”inin müdafiəçisi Xuanfran Qarsiya İspaniya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ispaniyalı legioner “İnter” və Azərbaycan futbolu ilə bağlı maraqlı fikirlər səsləndirib.

 

- “Atletik”lə qarşılaşmaq üçün iki mərhələ keçməli oldunuz...

- Bəli. Əvvəlcə “Laçi” ilə oynamaq üçün Albaniyaya getdik və səfərdə 1:1 hesablı heç-heçə etdik. Mən daha güclü komanda ilə qarşılaşacağımızı gözləyirdim. Onlar ilk dəqiqələrdən hücuma atılsalar da, biz rəqibi dayandırmağı bacardıq. İlk görüşün ikinci hissəsinə və cavab qarşılaşmasına biz nəzarət etdik. Daha sonra İslandiyanın “Hafnarfyordur” klubu ilə üz-üzə gəldik. Çətin oldu. Cavab görüşü əlavə vaxta qədər uzandı. Artıq azarkeşlər həyəcan keçirirdilər. Buna baxmayaraq, yekunda mərhələ adlayan tərəf biz olduq.

 

- Bu nəticələrdən sonra “Atletik”lə görüşlərdə də üstünlüyün “İnter”in tərəfində olacağını düşünə bilərikmi?

- Hesab etmirəm ki, bizim üstünlüyümüz var. İspaniyada fiziki hazırlıq çox yaxşı keçirilir. Üstünlüyümüzün olduğunu deməzdim. “Atletik” çox güclü komandadı.

 

- “Atletik”lə qarşılaşacağınızı biləndə hansı hisslər keçirdiniz?

- Çox sevindim. Valideynlərim deyirlər ki, “Atletik”lə düşməyiniz həm yaxşı oldu, həm də pis. Ona görə yaxşı oldu ki, İspaniyaya gedəcəm, onlar mənimlə görüşə biləcəklər. Pis tərəfi isə odu ki, deyirlər bu, sizin Avropa Liqasında sonuncu oyununuz ola bilər. İspaniyaya qayıtmaq və “San Mames”də oyuna çıxmaq mənim üçün xoş olacaq. Bu, böyük təcrübə deməkdi. Ancaq “Atletik” kimi komandanı mübarizədən kənarlaşdırıb, Avrokubokda yola davam etmək çox çətindi.

 

- Komandanızda hazırkı vəziyyət nə yerdədi?

- Motivasiya yüksək səviyyədədi. Hazırkı heyətin 90 faizi yeni futbolçulardı. Adaptasiya prosesini hələ də tam keçməmişik. Buna baxmayaraq, yaxşı oyun göstəririk. “Atletik”ə qarşı da öz sistemimizlə oynayacağıq. Meydana çıxanda 11 futbolçu bir-birimizə deyirik ki, gəlin, yaxşı oyun göstərməyə çalışaq və nəticə əldə edək. Təbii ki, oyunlar bir-birindən fərqlənir. Matçın necə keçəcəyini heç kim əvvəlcədən deyə bilməz. Hazırlıq keçmək üçün çox vaxtımız olmayıb. Rəqib heyətinin komplektləşməsinə və sürətinə görə bizi qabaqlayır. Bu günlərdə “Atletik”in “Betis”lə yoxlama oyununa baxdım və bir daha gördüm ki, bu komandanın futbolçuları cinahda necə fəal işləyirlər. İstənilən halda, bütün gücümüzdən istifadə edəcəyik.

 

- “Atletik”in heyətində ən təhlükəli futbolçu kimdi?

- Arits Aduris.

 

- Səbəb?

- Meydanda ona deyəcəm ki, Aduris, sakitləş (gülür). Zəhmli futbolçudu, onu bir nəfərlə tutmaq çox çətindi. 34 yaşı olmasına baxmayaraq, gözəl oyun sərgiləyir.

 

- “İnter”ə keçməyinizdə komandanın Avrokubokda çıxış etməsinin rolu oldumu?

- İspaniyada dincəlirdim. Keçmiş komandam AZAL-dan mənə zəng edib dedilər ki, yeni mövsümdə vəziyyət mürəkkəb ola bilər, büdcəni bir qədər azaldırıq. Bunu eşidəndən sonra karyeramı AZAL-da davam etdirmək istəmədim. Bu vaxt “İnter”dən təklif gəldi və mən də qəbul etdim. Ola bilsin, komandanın Avropa Liqasına vəsiqə qazanması məni həvəsləndirdi. “İnter”lə müqaviləm 6 aylıqdı. Belə razılaşdıq ki, əgər burda xoşbəxt olsam, qışda yeni müqaviləyə qol çəkəcəm. Əks təqdirdə isə komandanı tərk edəcəm.

 

- 3 il AZAL-da oynadınız, indi də “İnter”in uğurları üçün çalışırsız. Azərbaycan futboluna tam uyğunlaşa bilmisizmi?

- Azərbaycandakı birinci il mənim üçün çətin keçdi. Çünki yerli dili başa düşmürdüm. Amma ətrafımdakı insanlar mənə kömək etdilər. İspan və portuqal dilləri oxşar olduğu üçün, AZAL-dakı braziliyalılarla daha yaxşı anlaşırdım.

 

- “İnter”in keçmiş ispaniyalı futbolçusu Mikel Alvaro bildirib ki, indiki durumdan fərqli, əvvəllər “İnter”in vəziyyəti çox yaxşı olub...

- Bəli. Keçən mövsüm “İnter”in vəziyyəti çox yaxşı, klubun büdcəsi zəngin idi. Ancaq bu il vəziyyət dəyişdi. Avqustun 9-da ölkə çempionatı başlamalıdı. Ona kimi adaptasiya prosesini tam keçməliyik. Vaxtımız azdı. Düzdü, keçənilki komanda qalmayıb. Amma hazırkı komanda da yaxşıdı və mən özümü “İnter”də xoşbəxt hiss edirəm.

 

- Baş məşqçiniz Zaur Svanadze “İnter”dən necə oyun tələb edir?

- Bizim öz oyun sistemimiz var. Topla oynamaq və cinahlardan hücumlar qurmaq. 3 ildi Azərbaycandayam, burda çox komandaya qarşı oynamışam. Oyun planı mənasında ən çox bəyəndiyim komanda məhz hazırkı “İnter”di. Həm hücumda, həm də müdafiədə kompakt çıxış edirik. Bu sistemi çox bəyənirəm. Baş məşqçi bizə inanır və dəstək olur.

 

- AZAL-a keçidiniz necə baş tutmuşdu?

- Rusiya və Azərbaycan futbolu ilə əlaqəsi olan bir şəxslə tanış olmuşdum. O mənə klubun statistik göstəricilərini göndərdi. Həmin vaxt komanda Türkiyədə olduğundan, ora yollandım. Toplanışda yaxşı oyun göstərdim və baş məşqçi məni bəyəndi. Sonra isə müqavilə bağladıq.

 

- Azərbaycan futbolunun səviyyəsi sizi qane edirmi?

- İspaniya futbolunun səviyyəsində olmasa da, Azərbaycanda futbol inkişaf edir.

 

0