[b]“Rəqib anlamalıdı ki...”[/b] –[b] “Seltik”in baş məşqçisi[/b]
28.07.2015 - 19:55
[b]“Rəqib anlamalıdı ki...”[/b] –[b] “Seltik”in baş məşqçisi[/b]

“Keçən il Avroliqada əla nəticələr qazanmış, çox yaxşı komanda ilə qarşılaşacağıq. Biz də ötən il Avroliqada çıxış edirdik. Bu dəfə isə Çempionlar Liqasında iştirak etmək istəyən iki komanda qarşılaşacaq və bu da çox maraqlı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Seltik”in baş məşqçisi Ronni Deyla deyib.

 

UEFA Çempionlar Liqası III tur ilk oyununda öz meydanında “Qarabağ”la qarşılaşacaq şotlandiya klubunun baş məşqçisi oyundan öncə mətbuat konfransında iştirak edib.

 

Komanda olaraq özlərini əla hiss elədiklərini və səbirsizliklə bu oyunu gözlədiklərini deyən norveçli mütəxəssis “Qarabağ” haqqında da ehtiyatlı danışıb:

 

“Rəqibimiz çox yaxşı komandadı. Hücumda sürətlə çoxala bilirlər və cəld qərarlar verirlər. Bundan əlavə rəqibin cinah müdafiəçiləri olduqca sürətli və aktiv təsir bağışlayırlar. Biz bütün bu halları nəzərə almalı və öz müdafiəmizi buna görə qurmalıyıq. “Qarabağ”ın futbolçuları bizim eləmək istədiyimiz hər şeyi çox gözəl şəkildə edirlər. Ancaq hər bir halda biz də bizik. Gərək meydanda hər şeyi rəqibdən daha yaxşı edək. Rəqibə hörmət eləməli və diqqətlə müdafiə olunmalıyıq”.

 

Rəqib baş məşqçi doğma meydan amilini də önə çəkərək azarkeşlərin elə ilk dəqiqələrdən qonaqları təzyiq altına salacaqlarını gözlədiklərini deyib:

 

“Biz “Seltik Park”da oynayacağıq. Azarkeşlərdən elə ilk dəqiqələrdən yüksək təzyiq gözləyirik. Rəqib anlamalıdı ki, burada çıxış etmək o qədər də asan deyil”

0