[b]Kapadokyadan görünən “Xəzər Lənkəran”[/b]
28.07.2015 - 23:00
[b]Kapadokyadan görünən “Xəzər Lənkəran”[/b]

Turizm nöqtəsi Ürgüp

 

Kapadokya yerli əhalinin dilində dünyanın “səkkizinci möcüzəsi” deməkdi. Bölgədə Neolit dövrünün, 6-7 milyon il əvvəl vulkan püskürməsi nəticəsində yaranmış müxtəlif qayalıqlar, aşılanmış dağ süxurları və xüsusən “Pəri bacaları” adlanan məkan dünyanın dörd bir yanından gələn turistlərin böyük marağına səbəb olur. Mən hələ xüsusən, yaponiyalı turistlərin sevərək gəlib mindikləri hava şarlarını demirəm.

 

Hər nə isə, həmişə toplanışlarında iştirak etdiyim “Xəzər Lənkəran” deyilən məkana nə balona minməyə, nə də əsrarəngiz qayalıqlarda gəzməyə getmişdi. Üstəlik, ilk dəfədi yayda Avropanı deyil, qardaş ölkə Türkiyəni toplanış üçün məkan seçən cənub təmsilçisinin bu seçimi də maraqlı idi. Təyyarədən enincə ətrafa göz gəzdirəndə ərazi insana bizim Aran bölgəsini xatırlatsa da, havanın gözəlliyi və irəli getdikcə önə çıxan tarixi məkanlar Kapadokyaya axışan turistlərin seçiminə haqq qazandırır. Bir sözlə, deyilən məkana gəzməyə və bir az da irəli gedib deyim ki, toplanış keçirməyə də dəyər, bir də dəyər!

 

Hüseynovun ikinci və fərqli qayıdışı

 

Ötənlərin məşhur futbolçusu Yunis Hüseynov ikinci dəfə “Xəzər Lənkəran”ın “sükanı arxası”na keçmişdi. “Ağ-yaşıl” gəmini idarə etmək üçün bu dəfə o, öncə etdiyi səhvləri təkrarlamamağa borclu idi.

 

Bəs, biz nə gördük? İnsafən, kollektivi əsasən yerli futbolçulardan qurmağa çalışan, tanıdığı futbolçuları ətrafına toplayan Hüseynov daha çalışqan, həvəsli, iddialı görünürdü. Məşqlərdən tutmuş komandanın asudə vaxtına qədər düşərgədə hər şey mükəmməl idi. Xüsusən, Vüqar Nadirov və Ruslan Abışovun gəlişi ilə bu ikili kapitan Rahid Əmirquliyev və Rasim Ramaldanova yardımçı olmaqla, komanda da əsl böyük-kiçik, ən əsası, qardaşlıq ab-havası yaratmışdılar. Mən şəxsən kollektivdə qətiyyən qruplaşma, ayrı-seçkilik hiss etmədim. Məşqlərdə Hüseynovun onlardan nə istədiyini futbolçular daha yaxşı başa düşür, hər kəs sakitcə, deyinmədən, söz-söhbət yaratmadan hər şeyin ən yaxşısını etməyə çalışırdı.

 

Yoxlama oyunları və canlı yayım

 

Yoxlama oyunları canlı yayımlandığından yəqin ki, izləyən hər kəs fərqli bir “Xəzər Lənkəran”ı görüb. Hər nə qədər problemlər olsa da, hər halda, Hüseynovun komandası çempionatımızın bəzəyi və iddialısı olacaq. Bəzi mövqelərdə, xüsusən oyun qurucusuna böyük ehtiyac olduğu hiss olunsa belə, mübariz, həvəsli və çox istəkli görünən Vüqar Nadirov, illər öncəsinin Abışovunu xatırladan və formaya düşən Ruslan, hələlik potensialını yeni komandasında tam aça bilməyən Rəşad Eyyubov və illərdi prinsipcə cənubluların oyun tərzinə görə tapmadığı, yaxud tapa bilmədiyi hücumçu Seyid Limani komandaya böyük xeyir verəcək.

 

Canlı yayım demişkən, bu dəfə cənublular yayımı təşkil etmək üçün mətbuat xidməti olaraq, öz komandasını gətirməmişdi. Belədə yerli kiçik şirkətlərdən biri hər bir oyun üçün fantastik məbləğ istəyincə, gecə ilə Hüseyn Cəbrayıloğlunun çabaları fayda verdi və klub prezidenti Mais Mənsimovun göstərişi ilə ikinci yoxlama oyunu günü artıq “Xəzər Lənkəran” TV Kapadokyada iş başında idi. İnsafən, həmkarım, dostum Hüseynin və komandasının çəkdiyi əziyyət və yayım üçün etdikləri zəhmət alqışa layiq idi.

 

Toplanışı təşkil edən ata və oğul

 

“Xəzər Lənkəran” artıq bu ilin yanvarından etibarən yeni bir şirkətlə əməkdaşlıq edir ki, keçmiş futbolçu Sancar Bıcıkçının rəhbərlik etdiyi şirkət və şirkətin əməkdaşları oğlu Söner bəy və Kamran abi cənublular üçün hər şeyin ən yaxşısını etməyə durmadan çalışırdılar. Uzun illərin toplanış təcrübəmdən deyə bilərəm ki, belə bir şirkətlə çalışmaq hər bir zaman mümkün olmur. Təsadüfi deyil ki, Kapadokya Hava Limanında adıçəkilən insanlardan ayrılarkən futbolçudan tutmuş texniki heyətə qədər hər kəs kövrəlmişdi. Elə toplanışın qaydasında getməsi üçün yaşının azlığına rəğmən qrup rəhbəri kimi maksimum çalışan və hər şeyin yaxşı getməsinə nail olan Elvin İsmixanovu da unutmamaq gərəkir.

 

Təşəkkür

 

Bu dəfə də saytımızın toplanışda iştirakını təmin edən “Xəzər Lənkəran” rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

 

0