[b]İlk dəfə, ilk addım, ilk duel[/b]
29.07.2015 - 14:22
[b]İlk dəfə, ilk addım, ilk duel[/b]

Avropa Liqasında mübarizəni davam etdirən Azərbaycan klubları sabah III təsnifat mərhələsinin ilk oyunlarını keçirəcək. Apasport.az saytının məlumatına görə, avrokuboklar tarixində ilk dəfə bu mərhələyə yüksələn “İnter”lə “Qəbələ” pley-offa doğru ilk addımını atacaq.

 

Premyer Liqanın son mövsümünün mükafatçılarının ikisi də ilk matçı səfərdə keçirəcək. “Qəbələ” Kiprdə yerli “Apollon”un qonağı olacaq. İlk iki mərhələdə keçirdiyi səfər oyunlarında məğlub olan əyalət klubu adadan sərfəli nəticə ilə dönməyə çalışacaq.

 

Həm Tiflisdə “Dinamo”ya, həm də Belqradda “Çukariçki”yə minimal fərqlə yenilən, amma cavab oyununda bunun əvəzini çıxmağa nail olan Roman Qriqprçukun yetirmələri səfərdə ilk reytinq xalını əldə etmək əzmindədi. Keçirdiyi 4 matçın 3-də qol sevinci yaşayan “qırmızı-qaralar” Kiprdə də bunu bacarsa, cavab oyununda üstünlük əldə edə bilər. Təbii ki, qolla yanaşı, nəticə də qənaətbəxş olmalıdı.

 

“Qəbələ” yalnız iki aparıcı futbolçusu – Cavid Hüseynovla Rafael Santosa görə narahat ola bilər. Sarı vərəqə alacağı halda, bu oyunçular cavab qarşılaşmasını buraxacaq.

 

“İnter”in qarşısında daha çətin vəzifə durur. Avrokuboklar tarixində İspaniya təmsilçisi ilə görüşəcək ilk Azərbaycan klubu olacaq “bankirlər” “Atletik”lə üz-üzə gələcək.

 

La Liqanı heç vaxt tərk etməyən 3 klubdan biri olan Bilbao təmsilçisi qitə miqyaslı yarışlarda titul qazanmayıb. Lakin Avropa Liqasına III təsnifat mərhələsindən başlayacaq “Atletik” nəticələri ilə kifayət qədər nüfuz qazana bilib.

 

Son 4 səfər oyununda qol vuran və yenilməyən “İnter” “San Mames” stadionunda da seriyasını davam etdirməyə çalışacaq. Bakılılar bunu bacarsa, sensasiyaya imza atmış olacaq. Çünki avqustun 6-da baş tutacaq ev oyunu öncəsi qənaətbəxş nəticə əldə etmək vacibdi.

 

Lakin “İnter” səfərdə nəticə qazanmaqla yanaşı, cavab oyununda Zurab Xizanişvilini də itirməməlidi. Hesabında iki xəbərdarlıq olan gürcüstanlı kluba yeni gəlsə də, müdafiə xəttinin aparıcı simasına çevrilib və Bakıdakı qarşılaşmada da belə təcrübəli oyunçuya ehtiyac olacaq.

 

Avropa Liqası

III təsnifat mərhələsi

İlk oyunlar, 30 iyul

 

22:00. "Apollon" (Limassol, Kipr) - "Qəbələ" (Azərbaycan)

Baş hakim: Sergey Boyko

Yan xətt hakimləri: Aleksandr Korniyko, Vladimir Volodin 

Dördüncü hakim: Anatoli Abdula (hamısı Ukrayna)

UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya) 

UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)

Larnaka. "Antonis Papadopulos" stadionu

 

 

23:45. "Atletik" (Bilbao, İspaniya) - "İnter" (Bakı, Azərbaycan)

Baş hakim: Stavros Tritsonis

Yan xətt hakimləri: Xristos Akrivos, İlias Alekseas 

Dördüncü hakim: İlias Spatas (hamısı Yunanıstan) 

UEFA hakim-inspektoru: Yuni Hiitia (Finlandiya)  

UEFA nümayəndəsi: Danilo Filakçione (İtaliya) 

Bilbao. "San Mames" stadionu

 

0