[b]“Qarabağ”ı cəzalandıran futbolçu: Məqsədə çatmaq üçün...[/b]
30.07.2015 - 10:33
[b]“Qarabağ”ı cəzalandıran futbolçu: Məqsədə çatmaq üçün...[/b]

“Bakıya üstün nəticə ilə yollanacağıq. Amma səfər görüşü çox çətin keçəcək. Mərhələ adlamaq üçün daha bir 90 dəqiqə rəqibdən üstün olmalıyıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Seltik”in belçikalı futbolçusu Dedrik Boyata deyib.

 

Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ”la ilk görüşündə “Seltik” məhz Boyatanın vurduğu yeganə qol sayəsində qələbə qazanıb.

 

82-ci dəqiqədə fərqlənərək, cavab oyunu öncəsi komandasına üstünlük qazandıran 25 yaşlı müdafiəçi matçla bağlı Şotlandiya mətbuatına fikirlərini bölüşüb. 

 

O bildirib ki, qolun gecikməsi “Seltik”in futbolçularında müəyyən gərginlik yaradıb: “Oyundan qabaq standart vəziyyətlər haqda danışırdıq. Bilirdik ki, bu, bizim üçün vacib məsələdi, “Qarabağ”la oyunun nəticəsini müəyyənləşdirə bilər. Qol gecikəndə istər-istəməz məyus olursan. Müxtəlif üsullardan istifadə edirsən, ancaq yenə qol vura bilmirsənsə, komandada gərginlik yaranır. Buna baxmayaraq, səbrli oynadıq və öz vaxtımızı gözlədik. Bu da bəhrəsini verdi, oyunun sonlarında qol vurmağı bacardıq. “Seltik”lə “Qarabağ”ın fiziki hazırlığında fərqlər var. Komanda oyunumuzu davam etdirmək lazımdı. Qarşımıza məqsəd qoymuşuq və ona çatmaq üçün sona qədər mübarizə aparacağıq”. 

 

Bakıda keçiriləcək cavab qarşılaşması haqda da danışan Boyata onları çətin oyunun gözlədiyini etiraf edib: “Artıq səfərdəki matçı düşünürük. “Qarabağ” çalışacaq ki, öz meydanında qələbə qazansın. Rəqibimiz, həqiqətən də, topla yaxşı oynayan komandadı. Bu isə o deməkdi ki, onlara qarşı düzgün taktika seçməliyik. İlk görüşdə onlar bizə qarşı taktiki oyun sərgilədilər. Ancaq səfərdəki matçın fərqli keçəcəyini gözləmək olar. Bakıda müdafiəçilərimizin çıxışından da çox şey asılı olacaq. Çalışacağıq ki, qol buraxmayaq. İstənilən halda, “Seltik”in səfərdə də qalib gəlmək imkanı var. Ancaq 90 dəqiqə ərzində nələrin baş verəcəyini əvvəlcədən təxmin etmək olmur. Odu ki, hər şeyə hazır olmalıyıq”.

 

 

0