[b]“Lokomotiv” daha bir voleybolçu ilə anlaşdı[/b]
30.07.2015 - 17:04
[b]“Lokomotiv” daha bir voleybolçu ilə anlaşdı[/b]

 

“Lokomotiv” daha bir voleybolçunun keçidini həll edib. Bakı klubundan apasport.az saytına verilən məlumata görə, 2015/2016 mövsümündə Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “dəmiryolçular” amerikalı Kanani Danielsonu rənglərinə bağlayıblar.

 

Peşəkar karyerasına ölkəsinin Havay Universitetində başlayan 25 yaşlı hücumçu 2008-2012-ci ildə bu təhsil ocağının şərəfini qoruyub. 2012-ci ildə Yaponiyanın “Toyota” klubuna transfer olunan 180 sm boya malik Danielson “Lokomotiv”ə razılıq verənədək burada çıxış edib. Onun Asiya təmsilçisinin heyətində yeganə qazancı “Kurovaşiki kuboku” (2014) olub. Həmin vaxt o, yarışın da ən dəyərli voleybolçusu seçilməsinə sevinib.

 

Kananinin yapon klubundan ayrılması isə səbəbsiz deyil. Çünki artıq çəkidən də əziyyət çəkən komandanın yeganə legioneri Azərbaycan yığmasının hücumçusu Polina Rəhimovanın “Toyota”ya keçidindən sonra “ofsayd”a düşüb.

 

Qeyd edək ki, Danielsonun “Lokomotiv”ə gəlişi ilə komandadakı oyunçuların sayı 7-yə çatıb. Bakı klubu bu hücumçuya kimi türkiyəli toppaylayıcı Özge Kırdar Çemberci ilə anlaşıb, çexiyalı Aneta Havlikova və serbiyalı Aleksandra Srnçeviçlə müqavilənin müddətini artırıb. Həmçinin, ötən il 2 illik anlaşma imzalanan Oksana Kiselyova, Ayşən Abduləzimova və Ülkər Kərimova (hər üçü Azərbaycan) da komandada çıxışını davam etdirəcək. 

0