[b]“Seltik” Bakıya təşviş içində gəlir[/b]
03.08.2015 - 15:35
[b]“Seltik” Bakıya təşviş içində gəlir[/b]

“Seltik” Bakı səfəri öncəsi təşvişə düşüb. Apasport.az saytının Şotlandiya mətbuatına istinadən məlumatına görə, qlazqolular paytaxtımızdakı hava şəraitindən narahatdılar.

 

Yerli KİV-də yayılan informasiyaya görə, oyun günü, yəni avqustun 5-də Bakıda 37 dərəcə isti gözlənilir. Bu isə sərin havada oynamağa öyrəşmiş komanda üçün ciddi problem sayılır.

 

“Seltik” rəhbərliyini narahat edən məqamlardan biri də matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu qazonunun hazırkı durumudu. Onların fikrincə, isti havada qazon daha da bərbad hala düşəcək və bu vəziyyət “Seltik”in yüksək səviyyədə oyun nümayiş etdirməsinə mane olacaq.

 

Qazonun durumunun daha da pisləşməməsi üçün şotlandlara oyun oncəsi məşqi başqa stadionda keçmək məsləhət görülüb. Qlazqo komandası öncə “Bakcell Arena”da məşq etmək fikrinə düşsə də, avqustun 6-da orda “Qəbələ” – “Apollon” görüşü baş tutacağından, “Seltik” mərkəzi arenada hazırlaşmaq qərarına gəlib.

 

Qeyd edək ki, “Qarabağ” – “Seltik” oyunu avqustun 5-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Bu komandalar arasında “Seltik Park”da baş tutan ilk qarşılaşmada meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar.

0