[b]Nizami Hacıyev Maykl Cordandan sitat gətirib, jurnalistlərə səsləndi - MÜSAHİBƏ[/b]
03.08.2015 - 17:37
[b]Nizami Hacıyev Maykl Cordandan sitat gətirib, jurnalistlərə səsləndi - MÜSAHİBƏ[/b]

“İnter” Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində avqustun 6-da “Atletik”i qəbul edəcək. İlk matçda 0:2 hesabı ilə məğlub olan “bankirlər”in yarımmüdafiəçisi Nizami Hacıyev apasport.az saytına müsahibəsində inamlı danışıb.

 

- İspaniya səfərinin yorğunluğunu ata bilmisinizmi?

- Ağır oyundan sonra, həqiqətən də, yorğunluq var. Bakıya döndükdən sonra dünənə qədər bərpa prosesi keçirdik. Bu gündən etibarən məşqlərimiz normal şəkildə davam edəcək. Hamı görür ki, hərtərəfli çətin vəziyyətdəyik. Səfərdən 0:2 hesablı məğlubiyyətlə dönmüşük, maliyyə durumumuz ürəkaçan deyil, dəstək baxımından da arzuladığımızı görmürük. Təbii ki, bu vəziyyətdən özümüz çıxmalıyıq. Əlimizdən gələn edib, heç olmasa azarkeşlərimizi sevindirməliyik.

 

- Komandanın son səfərini Beynəlxalq Bank təşkil etdiyindən, vəziyyətin düzəldiyini deyirdilər...

- Biz bunu görmürük. Ümid var, danışıqlar gedir. Hamı yaxşı olacağını gözləyir. Amma istənilən səviyyədə deyil.

 

- Müqavilə imzaladıqdan sonra klubdan pul almısınızmı?

- Avans veriblər. Tam maaş almamışıq.

 

- Maaşın nə vaxt veriləcəyi bilinmir?

- Nə vaxt alacağımızı bilmirik. Halbuki, bu həftə bizi 2 ağır oyun gözləyir. Avqustun 6-da “Atletik”, 9-da isə “Xəzər Lənkəran”la qarşılaşacağıq. İstər-istəməz hamımız düşünürük ki, bu işlərin sonu necə olacaq? Müəmmalı durumdayıq, vəziyyətin necə olacağını bilmirik, amma ümidlə gözləyirik.

 

- 0:2 hesablı məğlubiyyətdən sonra komandada inam varmı?

- Həyatdı, hər şey ola bilər. Heç kim heç nədən sığortalanmayıb. 90 dəqiqənin sonunu gözləmək lazımdı. Biz ümidliyik, mübarizə aparacağıq.

 

- Bakıdakı oyunda hansı amillər “İnter”ə üstünlük qazandıracaq?

- Bilbaodakı oyunla müqayisədə Bakıda açıq futbol izləyəcəksiniz. Çünki bizim itiriləsi heç nəyimiz qalmayıb. Səfərdə uduzmuşuq, irəli atılmalıyıq. Burdakı oyun İspaniyadakından ən azı 5 dəfə maraqlı olacaq. İlk oyunu təhlil etmişik, səhvlərimizi görmüşük. “Atletik” rəqibinə oynamağa imkan verir. Biz də bundan istifadə edib, öz oyunumuzu quracağıq.

 

- Açıq futbol oynamağa “İnter”in gücü çatacaqmı?

- Çatacaq. Bu oyunda çox məsələlər həll olunacaq. Karyeramın ən vacib oyunlarından biri olacaq. Çünki bu matçı başqa klubların nümayəndələri izləyəcəklər. Onlar Bakıya gələcəkləri ilə bağlı məlumat verəcəklər. Ona görə də elə oynamalıyam ki, ilk növbədə azarkeşlərimiz fəxr eləsinlər, digər yandan milliyə layiq olduğumu görsünlər.

 

- Bakıya gələcək menecerlər sizin oyununuzu izləyəcəklər?

- Bəli, agentimlə danışıblar. Dünən müəyyən müzakirələr aparılıb. Bu baxımdan, doğma meydançadakı oyun daha maraqlı olacaq. Bu qarşılaşma hər birimizin karyerasını tamamilə dəyişə bilər. Nəyimiz var, meydançada qoyacağıq. Desələr meydançada ölməlisiz, öləcəyik.

 

- Klub adı çəkməyəndə bu, daha çox reklama oxşayır...

- Rusiya Premyer Liqasında mübarizə aparan 2 klubun nümayəndəsi oyunumu izləmək üçün gələcək. Əvvəldən demək mənə heç vaxt düşməyib. Buna inanmasam da, hadisələrin gedişi bunu göstərib. Çıxıb oynayacam, yaxşı olsa, hamı görəcək.

 

- Son günlərdə havanın həddindən artıq isti keçməsi, üstəlik, süni örtükdə məşq etməyiniz işinizə mane olmur?

- Futbolçu heç vaxt havanı, meydançanı, yatmağı, yeməyi bəhanə etməməlidi. Hava istidi, topu özündə çox saxla, qoy rəqib çox qaçsın. Şərtlər hər iki tərəf üçün eynidi. Biz dönüş etməliyik. Maykl Cordanın belə fikri var: məğlubiyyəti başa düşürəm, amma cəhd etməməyi anlamıram. Bu, idmançı üçün böyük əhəmiyyət daşıyır. Əgər sən cəhd eləmirsənsə, deməli, idmançı deyilsən.

 

- “İnter” cari avrokuboklar mövsümündə özü üçün yeni tarix yazdı və iki mərhələ adladı. Növbəti uğuru reallaşdırmağa necə, gücünüz yetəcəkmi?

- Meydançaya çıxıb-çıxmamağından asılı olmayaraq, komandamın hər bir üzvünə inanıram. Çünki müzakirlərdə iştirak edirəm, ab-havanı görürəm. Edə bilməyəcəyiksə, onda meydançaya çıxmamalıyıq. Uduzmaq olar, amma çalışmalıyıq. Hamımızda qələbə əhval-ruhiyyəsi var. Sonda üzümü azarkeşlərə, jurnalistlərə tutub, hamınızı oyuna dəvət edirəm. Bu gün “İnter”in sizin dəstəyinizə ehtiyacı var.

 

0