[b]Revanş, ilk və tarix yazmaq şansı[/b]
04.08.2015 - 10:24
[b]Revanş, ilk və tarix yazmaq şansı[/b]

Bu gün start götürən Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunlarına sabah yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” öz meydanında Şotlandiya “Seıtik”ini sınağa çəkəcək.

 

Ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Ağdam təmsilçisi bu dəfə də III təsnifat mərhələsində dayanıb, Avropa Liqasının pley-offuna yollanmamaq üçün britaniyalılar Çempionlar Liqasından kənarlaşdırmalıdı. Ardıcıl 3-cü dəfə qrupa düşmək iddiasında olan 46 qat Şotlandiya çempionunu dayandırmaq üçün Qurban Qurbanovun yetirmələri ilk matçdakı məğlubiyyətini əvəzini çıxmalıdı.

 

Qlazqodakı “Seltik Park”da minimal hesabla uduzan çempionumuz revanş almağı bacarsa, ilkə imza atacaq. Belə ki, indiyədək bu turnirin III təsnifat mərhələsinə yüksələn komandalarımızdan heç biri pley-offa yüksələ bilməyib. Elə ağdamlıların özü də bir il əvvəl Avstriya “Zalsburq”u ilə dueldən məğlub ayrılaraq, Avropa Liqasının pley-offuna yollanmışdı.

 

Mərhələni penaltilər seriyasında bəxtini sınamadan keçmək üçün “Qarabağ” iki top fərqi ilə qalib gəlməlidi. Bu isə o deməkdi ki, cari mövsümün 3 qarşılaşmasında cəmi 1 qol vuran “Qarabağ” avrokuboklarda 12 matçdı göstərmədiyi məhsuldarlığı nümayiş etdirməlidi. Yəni, son 12 görüşdə 1-dən artıq qol vurmayan çempionumuz bu sindromu qırmalıdı.

 

Düzdü, bunu etmədən də mərhələ adlamaq mümkündü. Amma bu, “lotereya”da gerçəkləşə bilər. Qurbanovun yetirmələri növbəti dəfə dolacaq Tofiq Bəhramov adına Respublika stadionunda qol vurmaq qədər qapısının toxunulmazlığı haqda da düşünməlidi. Çünki “Seltik” qol vursa, ağdamlılar ən azı 3 dəfə fərqlənməlidi.

 

“Qarabağ” mərhələ adlayan ilk komandamız kimi tarix düşməyi bacarsa, bununla da qrup mərhələsində yerini təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda qələbə bu turnirin, məğlubiyyət Avropa Liqasının qrupuna vəsiqə verəcək. Bu isə təmsilçimizin daha bir ilki ilə nəticələnəcək. Ötən il Avropa Liqasının qrupunda çıxış edən komanda bunun təsadüf olmadığını sübut edərək, ardıcıl ikinci dəfə qrupa düşsə, heç bir Azərbaycan klubunun bacarmadığını gerçəkləşdirəcək.

 

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu, 5 avqust

 

21:30. "Qarabağ" (Azərbaycan) - "Seltik" (Şotlandiya)

Baş hakim: Martin Strömberqsson

Yan xətt hakimləri: Daniel Qustavsson, Stefan Hallberq

Dördüncü hakim: Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Bakı.   Tofiq Bəhramov adına respublika stadionu

İlk oyun – 0:1

0