[b]Azərbaycan FİDE-dən “5” aldı[/b]
01.09.2015 - 08:45
[b]Azərbaycan FİDE-dən “5” aldı[/b]

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, sentyabr üçün müəyyənləşən “Top-100”də 5 Azərbaycan şahmatçısı yer alıb.  

 

Həmyerlilərimizdən ən yaxşı nəticə yenə Teymur Rəcəbova məxsusdu. Qrossmeysterimiz ötən ay olduğu kimi bu dəfə də ilk “20-liyi” qapayır. Onun aktivində 2738 xalı var.

 

Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da mövqeyini kiməsə güzəştə getməyib. Aktivində 2736 reytinq xalı olan şahmatçımız yenə 22-cidi.

 

Rəcəbov və Məmmədyarovdan fərqli, avqustdan yığmamızın rəsmi üzvü olan Arkadi Naydiç 1 pillə geriləyib. Aktivində 2684 xalı olan Latviya əsilli şahmatçı 57-ci yerə enib.

 

Sevindiricidi ki, müəyyən fasilədən sonra Eltac Səfərli və Rauf Məmmədov yenidən “Top-100”ə qayıdıblar. Millidə də özlərini sübut edən zəka sahibləri müvafiq olaraq, 92-ci (2657) və Rauf Məmmədov 94-cü (2657) pilləyə yüksəliblər.

 

Reytinq siyahısına yenə Maqnus Karlsen başçılıq edir. Norveçli şahmatçı 2853 xala malikdi. İkinci yeri Vişvanatan Anand (2816, Hindistan), üçüncü pilləni isə Veselin Topalov (Bolqarıstan, 2816) tutur.

 

Qeyd edək ki,  qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

0