[b]“Olimpiya stadionuna daha bir oyun salacağıq” – Elxan Məmmədov[/b]
01.09.2015 - 12:23
[b]“Olimpiya stadionuna daha bir oyun salacağıq” – Elxan Məmmədov[/b]

AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Xorvatiya ilə oyundan nə gözləmək olar?

- Bizi qarşıda iki vacib görüş gözləyir. Sentyabrın 3-də Xorvatiya, 3 gündən sonra isə Malta ilə qarşılaşacağıq. Təbii ki, Xorvatiya ilə görüş indi daha vacibdi. Rəqibimiz qrupun lideridi və iddialı komandadı. Bir sözlə, bizi çox çətin oyun gözləyir. Bildiyiniz kimi, ilk oyunda onlara böyük hesabla məğlub olmuşuq. Çalışacağıq bu dəfə komandamız özünü yaxşı tərəfdən göstərsin.

 

- Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü acınacaqlı hala düşüb. Buna görə, meydançaya cavabdeh olan “Football & Sports Management” (FSM) şirkəti ilə əməkdaşlığı davam etdirəcəksiz?

- Doğrudan da, Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü pis hala düşdü. Amma həmin şirkət təkcə bu stadiona yox, “Bakcell Arena”ya, İsmət Qayıbov adına stadiona və bizim akademiyalarımıza da cavabdehlik daşıyır. Biz FSM şirkətinin rəhbərliyini Bakıya dəvət etdik. Onlarla şəxsən mən özüm görüşdüm və həmin şirkətə rəsmi şəkildə xəbərdarlıq etdim. Bu əməkdaşlığın davam edib-etməməsi onların özlərindən asılıdı. Cavabdehlik daşıdıqları digər stadionların ot örtüyündə də eyni problem yaşansa, bu əməkdaşlığa son qoyacağıq. Ancaq gördüyünüz kimi, digər stadionlarda vəziyyət normaldı. Yeganə problem mərkəzi arena ilə bağlıdı.

 

- Olimpiya stadionu futbol oyunlarını qəbul etməyə artıq tam hazırdı?

- Biz istəyirik ki, Olimpiya stadionunu futbol meydançası kimi istifadə edək, həm yığmamız, həm də klublarımız orda oynasın. Buna görə də, UEFA-ya müraciət etdik. Bildiyiniz kimi, oranın futbol meydançası kimi istifadə olunması üçün əlavə tələblər də var. Onlar gəlib baxıblar. İtaliya ilə seçmə mərhələ matçı Olimpiya stadionunda keçiriləcək. Planda var ki, o vaxta qədər gənclərdən ibarət yığmamızın bir yoxlama oyununu ora salaq. Bu, test xarakteri daşıyacaq.

 

- Olimpiya stadionunda hansı dəyişikliklər gözlənilir?

- Media sektoru ilə bağlı dəyişiklik olacaq. Çünki media üçün yer Avropa Oyunları üçün nəzərdə tutulmuşdu. İndi futbol oyunları ilə bağlı həmin sektorda dəyişiklik olacaq.

 

- Həbsdə olan Cavid Hüseynovla bağlı AFFA hansı addımı atmaq fkrindədi?

- Hazırda Cavid Hüseynovun məsələsində istintaq davam edir və bunun nəticəsini gözləyirik. Yalnız bundan sonra addımı atmaq, müvafiq qurumlara müraciət etmək olar.

0