[b]“Xəzər Lənkəran”ın İran səfəri niyə alınmadı?[/b]
02.09.2015 - 15:38
[b]“Xəzər Lənkəran”ın İran səfəri niyə alınmadı?[/b]

Çempionatda yaranmış fasilə ilə əlaqədar İrana təlim-məşq toplanışına yollanmaq istəyən “Xəzər Lənkəran”ın bu istəyi baş tutmayıb. Apasport.az saytı xəbər verir ki, “ağ-yaşıllar” IV turun hazırlığını elə Lənkəranda davam etdirəcəklər.

 

Məlumatı saytımıza açıqlamasında Yunis Hüseynov da təsdiqləyib. O bildirib ki, İran səfərinin baş tutmamağı xarici futbolçularla bağlı olub: “Bəli, İrana səfər planda var idi. İstəyirdik ki, yaranmış fasilə ilə əlaqədar, orda təlim-məşq toplanışı keçək. Ancaq alınmadı. Səbəb xarici futbolçularımızın viza ala bilməməsi oldu. Buna görə də, Lənkəranda qalmağa qərar verdik”.

 

Məşqlərini davam etdirən “Xəzər Lənkəran” bu gün əvəzedici heyəti ilə yoxlama matçı keçirib və 2:1 hesablı qələbə qazanıb.

 

Hüseynov əlavə edib ki, fasilə müddətində əvəzedici komanda ilə daha bir yoxlama oyunu keçiriləcək: “Başqa komandalarla yoxlama matçı nəzərdə tutulmayıb. İkinci yoxlama görüşü də əvəzedici heyətə qarşı olacaq”.

 

Qeyd edək ki, Topaz Premyer Liqasının cari mövsümündə 3 oyundan sonra 5 xal toplayan “Xəzər Lənkəran” turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 

 

 

0