[b]Çingiz Abdullayev: Bu, mənim günahımdı[/b]
03.09.2015 - 17:36
[b]Çingiz Abdullayev: Bu, mənim günahımdı[/b]

“Hazırkı baza bizim deyil. “Bakcell Arena”nı 2018-ci ilə qədər icarəyə götürmüşük. Həmin vaxta qədər orda oynayacağıq”. Bunu apasport.az saytına “Neftçi”nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.

 

Abdullayev gələcəklə bağlı planlarından söhbət açıb. O bildirib ki, yaxın illərdə klubun özünün bazası olacaq: “Neftçi”nin əsaslı nəyisə olmalıdı. Stadionla bağlı böyük layihəmiz var. “Spartak”, “Mançester Yunayted”, “Bavariya” kimi klubların illik abonentləri birinci gündən satılır. “Neftçi”də də belə olacaq. Çox insanlar “Neftçi”ni indi də xatırlayır, sevir. Amma biz bazanı yaratmalıyıq ki, nə isə olsun. Bütün dünyada futboldan pul qazanırlar. Azərbaycanda isə əksinə, pul futbola xərclənir. Bu düzgün deyil. Biz də pul qazanmağın yollarını axtarmalıyıq. Azarkeşləri stadiona cəlb etmək lazımdı ki, bilet alsınlar. Elə oynamalıyıq ki, azarkeş gəlsin, televiziya çəksin. Bütün bunlar puldu. Gec-tez olacaq. Sponsorlar nə vaxta qədər pul xərcləyəcəklər?”

 

Klubun üzvlük kartlarının satışının davam etdiyini bildirən Çingiz Abdullayev komandanın formasında dəyişiklik baş verəcəyini də deyib: “Klubun üzvlük kartları satılır. Kim alırsa, onun konkret yeri olacaq və orda adı yazılacaq. Bizimkilərin belə şeydən xoşları gəlir.  100 manatlıq kartların çoxu satılıb. Bundan başqa, komandanın forması dəyişməyəcək. Amma yazılar dəyişəcək. Sponsorumuzun artıq icazəsini almışıq. Tezliklə formanın üzərində SOCAR yox, başqa söz yazılacaq”.

 

Sədr bu yaxınlarda vəfat edən klubun Müşahidə Şurasının üzvü Mübariz Zeynalovun  yerinə sabiq “Neftçi”lilərdən birinin gətiriləcəyini söyləyib: “Mübariz müəllimin xatirəsini Müşahidə Şurasının dünənki iclasında bir dəqiqəlik sükutla yad etdik. Allah ona rəhmət eləsin. Çox gözəl insan və güclü futbolçu idi. Onun vəfatından sonra Müşahidə Şurasında boşalan yerə futbol adamı gətirəcəyik. Bununla bağlı müzakirələr aparırıq. “Neftçi”də oynamış futbolçulardan olacaq. Keçmiş futbolçuların 90 faizi onsuz da “Neftçi”dən çıxıb. 50 yaşdan yuxarıların hamısı “Neftçi”də oynayıb”.

 

Abdullayev komandanın hədəfləri barədə də məlumat verib. O, ən böyük məqsədlərinin Çempionlar Liqasının qrupuna düşmək olduğunu vurğulayıb: “Təbii ki, bu yolda pillə-pillə irəliləməliyik. Avropa Liqasının qrupuna düşmək də uğurdu. Amma ən böyük hədəfimiz 2-3 ildən sonra Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqdı”.

 

Azarkeşlərlə bağlı yaranmış problemə də toxunan klub rəhbəri bunun günahını özlərində görüb: “Azarkeşlər son vaxtlar təxribatçı hərəkətlərə əl atırlar. Rəqib komandanın avtobusunun şüşəsini sındırıblar. Biz bilirik ki, bunu “Neftçi”nin azarkeşləri etmir. Hansısa şəhərə gedəndə, söyüş söymək qəbulolunmazdı. Hamımız azərbaycanlıyıq. Söymək, dalaşmaq nəyə lazımdı? “İnter”lə oyunda azarkeşlərdən biri aşağı düşüb, futbolçuları təhqir edib. Həmin azarkeşin də içkili vəziyyətdə olduğu deyilir. Amma yenə də mən günahı rəhbərlikdə görürəm. Əgər “Neftçi”nin azarkeşi bu hərəkəti edirsə, deməli, bu, mənim günahımdı. Ailədə uşaq içirsə, günah onun atasındadı. Deməli, stadionda nizam-intizam düzgün qurulmayıb. Beynəlxalq qanunlar var. Heç kim soruşmayacaq ki, kim nə edib. Stadionu bağlayacaqlar. Onlar da belə vəziyyətdə günahı rəhbərlikdə görürlər, klubu cərimələndirirlər. Düz də edirlər. Doğrudu, həmin vaxt burda olmamışam. Ancaq yenə də günahkar mənəm. Belə şeylərə yol verilməməlidi”.

 

0