[b]Elxan Məmmədov: Hər oyunun çəkisinə uyğun mükafat vəd edilir[/b]
03.09.2015 - 23:56
[b]Elxan Məmmədov: Hər oyunun çəkisinə uyğun mükafat vəd edilir[/b]

Azərbaycan - Xorvatiya oyunundan sonra AFFA-nın baş katibi Elxan Məmmədov apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Oyunla bağlı təəssüratlarınızı bölüşməyinizi istərdik...

- Nəticəyə görə çox sevinirik. Bu gün azarkeşlər yığmanı dəstəkləmək üçün stadiona gəldilər. Uğurlu nəticə qazanacağımıza inanırdıq. Xorvatiya yığması da Avropanın güclülərindəndir.

 

- Səmimi deyin, yığmamızın xal qazanacağını gözləyirdiniz?

- Təlim-məşq toplanışından əvvəl elə də inamım yox idi. Toplanış zamanı komandadakı ab-havanı gördükdən sonra inamım yarandı. Futbolçulardakı ruhu, komandadakı atmosfer bu inamı yaratdı.

 

- Futbolçulara nə qədər mükafat veriləcək?

- Hər oyundan əvvəl futbolçularla bu haqda söhbətimiz olur. Onlara hər oyunun çəkisinə uyğun mükafat vəd edilir. Düzdü, bu gün onlara nə qədər mükafat verəcəyimizi açıqlamadıq, yəqin ki Malta ilə dueldən sonra bunu deyəcəyik.

 

- Klublara təyin edilən texniki direktorların işləri nə yerdədi?

- İki klubda – “Qarabağ” və “Sumqayıt”dakı məşqçilərin müqaviləsi davam edir. Onlarla anlşmamız gələn ilin aprelində başa çatacaq. “Neftçi”nin idman direktoru ilə anlaşma 2 ay öncə başa çatıb və onunla da vidalaşmışıq. Apreldə bu iki mütəxəsislə anlaşma bitəcək və yeniləməyəcəyik. Onlar bir il ərzində yerli məşqçilərə təlimlər keçdilər. Düşündük ki, artıq yerli məşqçilərə şans verməyin zamanıdı. Onların da etimadı doğruldacağına inanırıq.

 

- Əcnəbi mütəxəssislərin 1 il ərzində gördükləri işlərdən necə, razı qaldınız?

- Razıyıq. Ona görə ki, onlar bütün klubların uşaq komandalarındakı məşq prosesini intizama saldılar. Məsələn, əvvəlki illərdə komandalar elan edirdi iki, məşq prosesi həftənin tək günləri olacaq. Deyilən gündə və vaxtda gəlirdik, amma heç kimi tapmırdıq. Ya komandalar gəlməyib, ya gecikiblər. Onlar bunu düzəltdilər, əlavə treninqlər keçirdilər. Klublar faydalandı. Bu yaxınlarda Qurban Qurbanovla da fikir mübadiləsi apardıq, o da klubun idman direktoru haqda müsbət rəy bildirdi. Açığı, biz çalışdıq, güclü mütəxəssisləri dəvət edək. Bəzən səhvə də yol veririk.

 

- Həmin mütəxəssislərə aylıq maaş kimi 15 min dollar ödənirdi?

- Yanlış məlumatdı. Bəzilərinə aylıq 8 min, bir qisminə isə 5 min məvacib verirdik.

 

- Ola bilməzmi bu məbləğə yerli mütəxəssisləri təcrübə toplamaq üçün Avropa klublarına göndərərdiniz?

- PRO lisenziyası alanlar onsuz da gedirlər. Həm də bu məşqçilərin təklifi olmalıdı. Onlar bununla bağlı bizə müraciət etməlidirlər. Futbolun inkişafı, FİFA-nı, UEFA-nı Azərbaycanda təmsil etmək AFFA-nın işidi. Bugünkü nəticələr göstərdi ki, futbolumuz irəli gedir. 5 il əvvəl 2 klubumuzun avrokubokların qrup mərhələsinə vəsiqə qazanmasını sadəcə arzulayırdıq. Ancaq bu gün bu reallığa çevrilib. Əvvəlki illərdə baxırdıq, amma bu gün oynayırıq. Oyunları səbirsizliklə gözləyirik. Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker də bildirdi ki, iki klubunuzun qrup mərhələsinə düşməsi Azərbaycan üçün böyük nəticədi. “Qəbələ” I mərhələdən başladı və bunu bacardı, “Qarabağ” isə təəssüflər olsun ki, Çempionlar Liqasında istədiyi nəticəni qazana bilmədi, amma ardıcıl olaraq ikinci dəfə Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ qazandı. 

0