[b]Yaşar Vahabzadə gündəmi zəbt etmək istəyir - MÜSAHİBƏ[/b]
04.09.2015 - 10:23
[b]Yaşar Vahabzadə gündəmi zəbt etmək istəyir - MÜSAHİBƏ[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Yaşar Vahabzadənin müsahibəsi

 

- Rəhbərlik etdiyiniz komanda bu gün Avstriya ilə qarşılaşacaq...

- Avqustun 26-dan təlim-məşq toplanışı qatılmışıq. Beş gün ərzində məşqlərimizi gündə 2 dəfə keçirdik. Ümumi götürdükdə, hər şey planauyğun şəkildə davam edib.

 

- Nəzərdə tutduğunuz futbolçuların hamısını toplanışa dəvət edə bilmisinizmi?

- Əsas milliyə dəvət edilənlər istisna olmaqla, nəzərdə tutduğumuz futbolçuların hamısı burdadı.

 

- Ab-hava necədi, futbolçularda inam varmı?

- Psixoloji durum pis deyil. Hamı oyunu gözləyir. Oyuna tam konsentrasiya olublar. Ümidləri doğrultmağa çalışırlar. İnşallah, buna nail olacaqlar.

 

- Fərdi və ya komanda şəklində söhbətlər aparırsınızmı?

- Təklikdə də danışırıq, komanda şəklində də söhbətlər edirik. Rəqibdən çəkinmirlər.

 

- Ardıcıl iki ağır oyun keçirəcəksiniz. Futbolçularımız bu yükü qaldırmağa hazırdırlarmı?

- Bunu hamı deyir. Amma bu oyunları biz özümüz üçün həm ağırlaşdıra, həm də yüngülləşdirə bilərik. Uşaqlar meydanda mübariz olsalar, fiziki hazırlığı yerində olsa, oyun normal olacaq. Ümumi götürdükdə, razıyam, ağır olacaq. Digər komandalarla görüşlər də çətin keçəcək. Futbolçular məsuliyyətlərini başa düşürlər.

 

- Avstriya və Almaniya yığmalarının oyunlarını izləmisinizmi?

- Avstriyanın 2 oyununu disklərinə baxmışıq. Almaniya isə Danimarka ilə yoxlama oyunu keçirəcək. Həmin matçın diskini izləyəcəyik. Almaniya millisinin heyətinə dəvət edilən futbolçuların siyahısına baxmışıq. “Şalke”, “Bayer” kimi klubların formasını geyinirlər. Hətta bəzilərinin oyununu televiziya vasitəsilə izləmişik. Əksər futbolçular öz klublarının əsas heyət üzvləridi və Almaniya çempionatında mütəmadi oynayırlar.

 

- Avstriya haqda nə deyə bilərsiz? Onların üstün və bizim üçün üstünlük hesab ediləcək cəhətləri hansılardı?

- Təcrübəli futbolçuları var, hansı ki xarici klublarda çıxış edirlər. Danimarka və Bolqarıstanla oyunlarını izlədik. Çox aqressiv futbol nümayiş etdirirlər. Atletik baxımdan da güclüdürlər. Əksər futbolçuları hündürboyludu. Fiziki cəhətdən də yaxşı təsir bağışlayırlar.

 

- Seçmə mərhələyə qələbə ilə başlamağınız futbolçularda özünəinam yaradıbmı?

- Təbii ki, qazanılan qələbə hər zaman müsbət aura yaradır, təsir göstərir. Bu gün turnir cədvəlinə baxdıqda, aktivində 3 xal olduğunu görürsən və bunun davamını gətirməyə çalışırsan.

 

- Elə alınıb ki, oyunlarınız yığmanın qarşılaşmaları ilə üst-üstə düşüb. Nəticədə U-21 kölgədə qalıb. Bu amil qıcıq yaratmır?

- Futbolçulara demişəm ki, gəlin, elə oyun sərgiləyək, yaxşı mənada gündəmi zəbt edək (gülür).  

 

0