[b]Azərbaycan - Xorvatiya: Kim necə oynadı? [/b]
04.09.2015 - 11:38
[b]Azərbaycan - Xorvatiya: Kim necə oynadı? [/b]

Robert Prosineçkinin gəlişindən sonra Avro-2016-nın seçmə mərhələsində məğlubiyyət üzü görməyən millimiz Xorvatiya ilə ev oyunundan üzüağ çıxdı. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun dövründə Osiyekdə qapısından 6 cavabsız top buraxan komandamız bu dəfə qolsuz bərabərliyə imza ataraq, güclü rəqibindən 1 xal almağı bacardı.

 

Yığmamızın dünənki matçda əla futbol oynadığını söyləyə bilmərik. Hücum xəttində “dişsizlik” olduğu kimi, müdafiədə də boşluqlar var idi, qapımızdan qol buraxmasaq belə. Hər halda, qonaqların, xüsusilə də Mario Mandzukiçin hesabı açmaq üçün dəfələrlə şansı oldu. Deməli, müdafiə xətti heç də ideal çıxış etməyib. Amma Rəşad Sadıqovun başçılıq etdiyi “4-lüy”ün zəif təsir bağışladığını demək də haqsızlıq olar. Müdafiəçilər sözün əsl mənasında, döyüşkən futbol göstərdilər, bacardıqları qədər özlərini rəqib zərbələrinə sipər etdilər. Hər halda, elə-belə komandaya deyil, heyətində Luka Modriç, İvan Rakitiç, Mario Mandzukiç, Mateo Kovaçiç, Daniel Pranyiç kimi ulduz futbolçular olan Xorvatiya millisinə qarşı oynadığımızı da unutmamalıyıq. 

 

Dünənki görüşdə 2 fərqli hissə izlədik. İlk 45 dəqiqədə hücumda heç nə ilə yadda qalmayan millimiz fasilədən sonra daha ürəkli oynadı. Xorvatiyanın qapısına ilk zərbəmizin ikinci hissəyə təsadüf etməsi də bunu təsdiqləyir.

 

Diqqətçəkən daha bir məqam millimizin start heyəti ilə bağlıdı. Robert Prosineçki Xorvatiya ilə görüşə 6 milliləşdirilmiş, 5 dağıstanlı (Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Bədavi Hüseynov, Ruslan Qurbanov, Məhəmməd Qurbanov) futbolçu buraxmışdı. Düzdü, qaliblər mühakimə olunmurlar (Xorvatiya ilə heç-heçəyə görə yığmamızı qalib saymaq olar). Ancaq istənilən halda, əsas heyətdə Dmitri Nazarov da daxil olmaqla, 6 milliləşdirilmiş futbolçunun yer alması həyəcan siqnalıdı.

 

İndi isə keçək dünən Xorvatiyaya qarşı oynayan futbolçularımızın ayrı-ayrılıqda dəyərləndirilməsinə...

 

Kamran Ağayev – Millimizin “1 nömrəsi” qapısında yenə inamlı idi. Rəqibin hücumları zamanı soyuqqanlılığı ilə seçilən Kamran dünən bir neçə dəfə oyuna qoşulmalı oldu. Düzdü, çıxışda gecikdiyi hallar da oldu. Ancaq ümumilikdə, Ağayevin oyunu yaxşı keçirdiyini söyləyə bilərik.

 

Rəşad Sadıqov – Matça 1 gün qalmış, məşq zamanı ayağında ağrı hiss edən Rəşad Sadıqov buna rəğmən, meydana çıxdı və yenə kapitanlıq missiyasını layiqincə yerinə yetirdi. Komandamızın müdafiə xəttini “idarə edən” Sadıqov özü də bir neçə dəfə varlığını hiss etdirdi və rəqibin təhlükəli ara ötürmələrinin qarşısını kəsdi. Rəşadın oyunboyu Kamran Ağayev və müdafiəçilərlə dialoq qurması da diqqətdən yayınmadı. Kapitan zonasında bir neçə dəfə boşluq buraxan Arif Daşdəmirova daha çox irad bildirirdi.

 

Bədavi Hüseynov – Rəşadın “silahdaşı” Bədavi dünən yaxşı oyunlarından birini keçirdi. Düzdü, Sadıqovla birlikdə bəzən Mario Mandzukiçin qarşısını kəsməkdə aciz olsalar da, mübarizədə qalib gəldiyi epizodlar da az olmadı. Hündürboy xorvat futbolçularla hava mübarizəsində də inamlı təsir bağışladı. Bundan əlavə, ara ötürmələrində də çevik davranması Xorvatiyanın bir neçə hücumunun vaxtından əvvəl başa çatmasına səbəb oldu.

 

Məhəmməd Mirzəbəyov – Mətbuat və azarkeşlər də daxil olmaqla, əksəriyyət “Qəbələ”nin heyətində Avroliqa oyunlarında iştirak etməyən Mirzəbəyovun start heyətində yer almasını düzgün hesab etmirdi. Buna görə, Robert Prosineçkini qınayanlar çox olsa da, təcrübəli məşqçi Məhəmmədi ilk “11-lik”də buraxmasını onun oyun tərzini bəyənməsi ilə əlaqələndirmişdi. Hər halda, dünənki matç Prosineçkinin haqlı olduğunu göstərdi. İnsaf naminə, Məhəmməd matçı yaxşı keçirdi. Təbii ki, digər müdafiəçilərimiz kimi, onun da səhv buraxdığı epizodlar oldu. Amma ümumilikdə, Mirzəbəyov ona verilən tapşırığın öhdəsindən gəlməyi bacardı. Müdafiədəki işindən əlavə, fasilədən sonra hücum xəttinə də kömək etməyə çalışdı.

 

Arif Daşdəmirov – Müdafiənin sol cinahında çıxış edən Arif əks tərəfdəki Məhəmmədlə müqayisədə hücuma daha çox atılırdı. Bununla yanaşı, müdafiədə də boşluqlar buraxmamağa çalışırdı. Düzdü, 2-3 epizodda zonasını bağlamağa gecikdi və buna görə Rəşad Sadıqovdan danlaq aldı. Buna baxmayaraq, Daşdəmirov də 90 dəqiqə ərzində əsl mübarizlik göstərdi, bir neçə epizodda “daş” və “dəmir” kimi möhkəmlik nümayiş etdirdi.

 

Qara Qarayev – Qaranın dünənki matçdakı çıxışını 2 hissəyə bölmək olar. İlk 45 dəqiqədə “Qarabağ”ın futbolçusu özünə bənzəmirdi və sanki ümumi ansambldan geri qalırdı. Lakin fasilədən sonra Qarayevin sərgilədiyi oyuna “yağlı 5” düşür. Qara həm birə-bir mübarizələrdə top alması, həm də meydanı görmək qabiliyyəti ilə qeydə alınan nəticədə az rol oynamadı.

 

Rahid Əmirquliyev – “Xəzər Lənkəran”ın kapitanı adəti üzrə, yenə döyüşkən oyun sərgilədi. Həm müdafiə, həm də hücuma kömək etməklə, əbəs yerə Robert Prosineçkinin ən sevimli futbolçularından biri olmadığını təsdiqlədi.

 

Dmitri Nazarov – Heç şübhəsiz ki, dünənki “11-lik”də yığmamızın ən texnikalı futbolçusu Nazarov idi. Topu özündə saxlaya bilməsinin hesabına bir neçə cərimə zərbəsi qazandı. Ancaq Dimanın da çatışmayan cəhətlərinin olduğu dünən bir daha göründü. Texnikası və topla davranmaq bacarığı yaxşı olsa da, Nazarov sürət baxımından “axsayır”. İkinci hissədə komandamızın hücum etdiyi epizodlarda irəli atılmaması, əksinə geri çəkilib topu arxada qəbul etməsi hücumlarımızın kəsərini azaltdı. Halbuki həmin epizodlarda Dima irəli atılsaydı, zərbə vurmaq və ya daha əlverişli mövqedə olan komanda yoldaşına ötürmə vermək imkanı yaranardı. Prosineçki anlamalıdı ki, Nazarov cinah oyunçusu deyil. Düzdü, dünənki matçda ona pleymeykerlik funksiyası tapşırılmışdı. Lakin ikinci hissənin gedişində Məhəmməd Qurbanovun əvəzlənib, Ruslan Qurbanovun hücumun sivri ucuna keçməsindən sonra Nazarov sol cinah yarımmüdafiəçisi mövqeyində oynamağa başladı və lazımi sürəti olmadığı üçün bu, çox uğursuz alındı. Ümumilikdə, Dimanın oyunu yaxşı keçirdiyi demək olar. Amma unutmayaq ki, futbol ictimaiyyətinin, eləcə də azarkeşlərin millimizin heyətində ən çox şey gözlədiyi oyunçu məhz Nazarovdu.

 

Əfran İsmayılov – Xorvatiya ilə matçda iştirakı sual altında olan Əfran zədəli halda belə, dünən meydanda ən yaxşılardan idi. Komandamızda yarımmüdafiənin sol cinahı “iflic” olduğundan, bütün yük İsmayılovun üzərinə düşmüşdü. Əfran, xüsusilə, ikinci hissədə yaxşı oyun sərgilədi. Məhz onun fərdi bacarığının hesabına Xorvatiyanın müdafiə xətti az-çox təhlükə hiss etdi. Ancaq zərbə anında düzgün qərar qəbul etməməsi Əfranın cinahdakı fəallığını tamamlamasına mane oldu.

 

Ruslan Qurbanov – Prosineçkinin sevimli futbolçularından olan Ruslan dünən heç nə ilə yadda qalmadı. Xorvat məşqçi oyun ərzində onu 2 fərqli mövqedə - əvvəlcə yarımmüdafiənin sol cinahında, daha sonra isə hücumun sivri ucunda oynatdı. Ancaq Qurbanov heç birində ona bəslənən ümidləri doğrulda bilmədi. Sol cinahda zəif çıxış etdiyi üçün millimizin əksər hücumları Əfranın yer aldığı sağ cinahdan qurulurdu. Prosineçki Ruslanın yerində Araz Abdullayevə şans versəydi, xorvatlar həmin cinahdan kəsərli hücumlar görərdilər.

 

Məhəmməd Qurbanov – Onu əminliklə millimizin ən zəif bəndi adlandırmaq olar. Adaşından fərqli olaraq, Məhəmməd Qurbanovun əsas heyətdə yer alması məsələsində Prosineçki haqsız çıxdı. Dünənki oyun bir daha göstərdi ki, Məhəmməd yığmanın hücum xəttindəki yükü qaldıra biləcək futbolçu deyil. Heç nə ilə yadda qalmayan Qurbanov rəqibin müdafiə xəttinə “kömək etməklə” məşğul idi. İrəlidə top qəbul edə bilməyən “hücumçu”nun milli komandada nə işi var? Prosineçki həmin mövqedə, ən azından ikinci hissənin gedişində Rauf Əliyevə şans versəydi, bəlkə də daha artığına nail olardıq. Ən azından, döyüşkən Rauf rəqibin müdafiə xəttinin oyunu rahat keçirməsinə imkan verməzdi. 

 

Rəşad Sadiqov – Oyuna sonradan qoşulan Rəşad Sadiqov uzun fasilədən sonra millinin heyətində meydana çıxdı. Qara və Rahidin önündə oynayan Sadiqov cinah yarımmüdafiəçiləri və hücumçunu topla təmin etmək tapşırığının öhdəsindən gələ bilmədi.

 

Vüqar Nadirov – Prosineçkinin ikinci hissədə meydana buraxdığı digər futbolçu Vüqar oldu. Düzdü, Nadirov fəallıq göstərməyə çalışdı. Amma onun da əlahiddə bir şey etdiyini deyə bilmərik.

 

Eddi İsrafilov – Son dəqiqələrdə meydana çıxan Eddi İsrafilovun oyunu haqda geniş yazmağa ehtiyac yoxdu. İspaniya çempionatında çıxış edən futbolçumuz dünənki matçda “nə yatdı ki, nə yuxu görsün”. Eddinin əsl potensialı, nəyə qadir olduğu hələ də bizə sirr olaraq qalır. 

 

 

Tengiz MƏMMƏDOV

 

0