[b]Məhəmməd Mirzəbəyov: 1 xal haqqımız idi – MÜSAHİBƏ[/b]
04.09.2015 - 16:33
[b]Məhəmməd Mirzəbəyov: 1 xal haqqımız idi – MÜSAHİBƏ[/b]

Azərbaycan yığmasının müdafiəçisi Məhəmməd Mirzəbəyovun apasport.az saytına müsahibəsi

 

- Xorvatiya yığması ilə qolsuz heç-heçədən sonra hansı hissləri keçirirsiz?

- Çox sevincliyik. Çünki Xorvatiya kimi güclü yığmadan xal almağı bacardıq. İlk növbədə, azarkeşlərə minnətdaram. Sona qədər bizə dəstək oldular, həyəcan keçirdilər. Biz də əlimizdən gələni etdik ki, onları sevindirək. İkincisi, baş məşqçiyə təşəkkürümü bildirirəm. Çünki mənə əsas heyətdə şans verdi, çıxdım meydana.

 

- Oyundan əvvəl hamı sizə əsas heyətdə yer verdiyi üçün Prosineçkini qınayırdı. Necə düşünürsüz, ilk “11-lik”də meydana çıxmağa layiq olduğunuzu sübut edə bildinizmi?

- Üzərimdə böyük məsuliyyət hissi var idi. Çünki Prosineçki mənə inandığını göstərdi, əsas heyətdə meydana buraxdı. Mən də öz növbəmdə, onun etimadını doğrultmalıydım. Düşünürəm ki, bunu bacardım.  İkincisi də, millinin formasını geyinirik, azarkeşlərin də ümidlərini doğrultmalıyıq. Özümü maksimum dərəcədə yaxşı göstərmək istəyirdim. Buna görə də, çox həyəcanlı idim.

 

- Matçdan sonra Prosineçki sizə nə dedi? Çıxışınızdan razı qaldımı?

- Məncə, razı qaldı (gülür). Əsas odu ki, məğlub olmadıq və oyun ərzində ciddi səhv buraxmadım.

 

- Xorvatiyadan xal alacağınıza oyundan öncə inanırdızmı?

- Açığı, inanırdıq. Məşqçimiz bizə dedi ki, qorxmayın, çıxıb meydana futbol oynamaq lazımdı. Biz Xorvatiyanın Norveçə 5:1 hesabı ilə qalib gəldiyi matça baxmışdıq. Prosineçki dedi ki, siz zəif futbolçular deyilsiz, çıxın, bunu sübut edin. Məncə, pis oyun göstərmədik, hətta yaxşı oynadığımızı da deyə bilərəm. 1 xal haqqımız idi.

 

- Sentyabrın 6-da komandamız səfərdə Malta ilə qarşılaşacaq. Bu görüşdə hansı nəticəyə ümid edirsiz?

- Bilirik ki, azarkeşlər bizdən qələbə gözləyirlər. Elə biz özümüz də meydana 3 xal üçün çıxacağıq. İnşallah, bunun öhdəsindən gələrik. Hamı əlindən gələni edəcək. Buna əmin ola bilərsiz.

 

- Millimiz seçmə mərhələlərdə ən çox xalı (9) Berti Foqtsun dövründə toplayıb. Prosineçkinin gəlişindən sonra isə komandamız keçirdiyi 3 oyundan 5 xalla ayrılıb. Necə düşünürsüz, Prosineçki Foqtsun göstəricisini daha az görüş keçirməklə, təkrarlaya bilərmi?

- Prosineçkinin rəhbərliyi altında yaxşı hazırlaşırıq. Dediyiniz kimi, onun rəhbərliyi altında komanda 3 oyundan 5 xal toplamağı bacarıb. Nə qədər çox xal toplasaq, bir o qədər yaxşıdı. Nəticədən əlavə, həm də baxımlı oyun göstərmək lazımdı. Çünki biz futbolu azarkeşlər üçün oynayırıq, onları unutmaq olmaz. Sevindirici haldı ki, Prosineçkinin gəlişindən sonra komanda həm futbol oynayır, həm də nəticə göstərir.

 

Tengiz MƏMMƏDOV

0