[b]Fakundo Pereyra: Bəxt bizdən üz döndərmişdi - MÜSAHİBƏ[/b]
02.10.2015 - 14:53
[b]Fakundo Pereyra: Bəxt bizdən üz döndərmişdi - MÜSAHİBƏ[/b]

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Krasnodar”ın qonağı olan “Qəbələ” vətənə 1:2 hesablı məğlubiyyətlə dönüb. “Qırmızı-qaralar”ın argentinalı hücumçusu Fakundo Pereyra görüşlə bağlı jurnalistlərə müsahibəsində apasport.az saytının da əməkdaşının suallarını cavablandırıb.

 

- Oyunu qısaca necə təhlil edə bilərsiz?

- Görüş o qədər başabaş mübarizə şəraitində keçdi ki, hər iki komanda qələbə qazana bilərdi. Belə deyək, oyun gedib-gəlirdi. Bəzən üstünlük onların tərəfinə keçirdi, qol vəziyyətləri yaradırdılar, bəzən isə əksinə olurdu. Təəssüf ki, üstün olduğumuz dəqiqələrdə qol imkanlarından lazımınca yararlana bilmədik.

 

- Dodo 3 qol vursa da, onlardan ikisi hesaba alınmadı. Sizcə, hakimin ofsayd qərarları doğru idi?

- Sayılmayan ikinci qolda ofsayddan əsər-əlamət yox idi. Məncə, daha çox şeyə layiq idik. Təəssüf ki, əliboş qayıdırıq.

 

- Birinci hissəni komanda aşağı səviyyədə keçirdi. Bunun səbəbini necə izah edə bilərsiz?

- Əslində oyuna pis başlamadıq. Bir müddət üstün çıxış etdik. Lakin standart vəziyyətlərin heç birindən yararlana bilmədik. Tezliklə isə üstünlük rəqibin tərəfinə keçdi. Futbolda belə hallar olur. Bəzən sən, bəzən də rəqib üstün görünə bilər. Amma ikinci hissədə toparlandıq, bir çox qol imkanları yaratdıq. İkinci hissədəki oyunumuzla məğlubiyyətə layiq deyildik.

 

- Ancaq sizin də müdafiə xəttinizdə ciddi boşluqlar olurdu...

- Matçın gedişində rəqibin də orta sahəsində və müdafiəsində boşluqlar oldu. Birinci hissədəki zəif çıxışı müdafiə xəttinin üstünə atmaq doğru olmaz. Həmin vaxt ümumilikdə komanda olaraq toparlanmaqda çətinlik çəkirdik.

 

- Birinci hissədə meydançada əsəbi görünürdünüz. Bunun səbəbi oyununuzun alınmaması idi?

- Düzdü, oyuna kifayət qədər konsentrasiya ola bilməmişdik. Nəticədə birinci hissənin əvvəlində çətinlik çəkdik. Ancaq fasilədən sonra səhvlərimizi düzəltdik və öz oyunumuzu nümayiş etdirməyə başladıq. İkinci hissənin ilk 20-25 dəqiqəsində matça tamamilə biz nəzarət etdik. Çox qol fürsətlərimiz oldu, istifadə edə bilmədik. Artıq bu görüşü unutmaq lazımdı. Səhvlərimizin üzərində işləyib, növbəti matçlara hazırlaşmalıyıq.

 

- İkinci hissədə “Krasnodar”ın müdafiə xəttində boşluqlar yaransa da, əks-hücumlar zamanı sürətli və dəqiq ola bilmirdiz. Bir hücumçu kimi, bunu necə izah edə bilərsiz?

- Ola bilər ki, rəqibin müdafiəsində boşluqlar yaranmışdı. Əks-hücumlar zamanı istədiklərimizi yerinə yetirə bilmirdik. Amma hələ heç nə itirilməyib. Bunların üzərində çalışmalıyıq. Çünki qarşıda bizi çətin qarşılaşmalar gözləyir.

 

- Baş məşqçi fasilədə nə dedi ki, ikinci hissədə daha yaxşı çıxış etdiniz?

- İlk hissədə buraxdığımız səhvləri izah etdi. Harda boşluqlar buraxdığımızı və rəqibi necə yaxalamaq lazım olduğunu dedi. Bunun da nəticəsində ikinci hissədə əla oynadıq. Təəssüf ki, bəxt bizdən üz döndərmişdi. 

0