[b]Xaqani Məmmədov: Bu ona “sənə ehtiyacımız yoxdur” mesajı idi - VİDEO[/b]
02.10.2015 - 17:14
[b]Xaqani Məmmədov: Bu ona “sənə ehtiyacımız yoxdur” mesajı idi - VİDEO[/b]

“Son turda bəzi hakim səhvləri oldu. Amma ümumilikdə çempionatın əvvəlindən götürsək, hesab edirəm ki, Topaz Premyer Liqasında referilik normaldır. Hansısa KİV-də, yaxud televiziyada səriştəsi olmayan insan çıxıb hakimin düzgün qərarını səhv kimi qeyd edir, 9 milyonluq xalqa onu səhv kimi çatdırır. Amma biz hər turdan sonra həmin turun oyunlarını videogörüntü ilə analiz edib, nəticələr çıxarırıq. Əksəriyyətində hakimlərin düzgün qərar verdiyini görürük”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.

 

Topaz Premyer Liqasının arxada qalan 6 turunda ədalət təmsilçilərinin idarəçiliyini dəyərləndirən X. Məmmədov son turda hakim səhvlərinin olduğunu etiraf edib. O bildirib ki, hesabat tutunda “Qarabağ” - “Neftçi” duelini idarə edən Fariz Yusifov qarşılaşmanı çox aşağı səviyyədə idarə edib və son dəqiqələrində verdiyi penalti qərarı birbaşa oyunun (1:1) nəticəsinə təsir edib: “Təbii ki, turun mərkəzi matçında hakim səhvi ilə razıyam. Əzəli rəqiblər arasında keçən görüşlər həmişə gərgin mübarizə şəraitində keçir. Bu dəfə “Qarabağ” yeni stadionunda – “Azərsun-Arena”da ilk matçına çıxırdı. Orada əsil futbol ab-havası vardı. Bir qədər haşiyəyə çıxaraq bildirim ki, bəziləri ““Qarabağ” – “Neftçi” oyunu varsa, nəyə görə Hakimlər Komitəsinin sədri “Sumqayıt” – AZAL matçına baxır?” deyə məni ittiham edirlər. İstərdim bu görüşdə olum, lakin həmin oyuna hakim-inspektor təyin olduğumdan “Azərsun-Arena”ya gələ bilməmişəm. Bu isə Hakim-İnspektorlar Komitəsinin işidir, onların qərarına müdaxilə edə bilmərəm. Amma oyunların görüntüsünə ertəsi gün baxmışıq, mübahisəli epizodların hamısını çəkmişik. Sonuncu dəqiqədə penalti verilməsinə gəlincə, baxdığım görüntülərdə orada penalti görmədim. Amma hakimin mövqeyinin ideal olduğunu da nəzərə almaq lazımdır. Yəni o, 8-10 metrdən baxırdı və hər şey gözünün qabağında idi. Hətta bəziləri bu epizodu başqa ölkələrə, digər mütəxəssislərə də göndəriblər və burada penalti olduğu bildirilib. Onlar da bizim kimi görüntülərə baxırlar və bununla qiymət vermək düzgün deyil. Hakim epizoda yaxın idi və qərarı onun öhdəsinə buraxmaq lazımdır. Şəxsi qənaətimə gəlincə, bir daha deyim ki, orada penalti görmürəm”. 

 

O, “Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimovun Coşqun Diniyevə təmasının cərimə meydançasında və ya çöldə olmasına da aydınlıq gətirib. HK-nin sədri Coşqun Diniyevin özünü xətti keçdikdən sonra irəli atmasına diqqət yetirdiyini deyib: “Təmas yox, fiziki kontakt varsa, cərimə meydançasının içərisində də davam edir. Biz arxadan görürük, onun rəqibini itələyib-itələməməsi o qədər də aydın görünmür. Amma bir şeyi qeyd etmək lazımdır ki, adətən liderlər qarşılaşanda, derbilər olanda belə penaltilər oyuna yaraşmır. Yəni belə matçlarda elə penalti təyin etməlisən ki, o açıq-aşkar olsun, heç kim üçün bir şübhə yeri qoymasın”.

 

X. Məmmədov matçın baş hakimi Fariz Yusifovla yanaşı, köməkçi hakimlərin də səhvlərinin olduğunu açıqlayıb: ““Qarabağ”ın qapısına da təyin olunası penalti var idi. Burada əlavə yan hakimlər baş hakimə kömək etmədilər. Bu səbəblərdən də hakimliyik yaxşı səviyyədə olmadı”.

 

Komitə sədri bildirib ki, F. Yusifovun idarəçiliyi lazımı səviyyədə olmadığından hakim-inspektor tərəfindən aşağı qiymət alıb: “Çünki qarşılaşmada hakim-inspektor bu komitənin sədri Gülağa Cabbarov idi. Kifayət qədər aşağı qiymət yazılıb. Yusifov bizim təcrübəli hakim olsa da, idarəçiliyi məni qane etmədi”.

 

X. Məmmədov penalti yerinə yetirildikdən sonra S. Məsimovun F. Yusifova yaxınlaşaraq, etiraz kimi onu “alqışlamasına” da münasibət bildirib. Onun sözlərinə görə, passivində bir sarı vərəqə olan futbolçu bu hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılıb, meydandan qovulmalı idi: “Lakin ola bilsin, hakimin həmin epizoda başı qarışıb, onu görməyib. Amma qaydalara görə ironik əlçalma sarı vərəqə ilə cəzalandırılası haldır. Kobud desək, bu, hakimi ələsalmadır”.  

 

HK-nin sədri bir deyil, bir neçə səhvi ilə oyunun nəticəsinə təsir edən sabiq FİFA referisinin cəzalandığını vurğulasa da, bunun hansı müddəti əhatə edəcəyini deməyin qaydalara zidd olduğunu söyləyib: “Karyerasının üzərindən xətt çəkilə bilməz. Onun hələ gənc hakimlərə xeyri çox dəyə bilər. O, fiziki cəhətdən də ölkədə ən yaxşı referilərdən biridir. Hər bir hakimin karyerasında belə enişli oyunlar olur, heç kim bu səhvlərdən sığortalanmayıb. Təbii,  sual olunur ki, komanda 3 xal itirir. Məni düzgün başa düşün. Hansısa ölkənin, Avropa Liqasının, Çempionlar Liqasının matçlarından nümunə gətirdikdə, mənə irad bildirirlər ki, Xaqani Məmmədov hakimlərini sığortalayır. Əsla. Baxın, Çempionlar Liqasının sonuncu oyunlarında, yaxud İngiltərə çempionatında Kostanın (“Çelsi”nin futbolçusu Dieqo Kostanın “Arsenal”la görüşünü nəzərdə tutur – red.) hərəkətinə. Futbolçunun sifətinə sillə vurdu, ardınca da onu itələyib yıxdı, ancaq cəzasız qaldı. Sonradan federasiya videogörüntüyə baxıb, onu 3 oyunluq cəzalandırdı. Amma həmin hakim növbəti turda oyuna çıxdı. Yaxud bizə irad bildirirlər ki, bu gün görüşü idarə edən hakim səhəri ya qapı arxasında əlavə referi olur, ya da ehtiyat hakim funksiyasını yerinə yetirir. Guya bu da hakim qıtlığını, çatışmazlığını göstərir. Xeyr, belə deyil. Bu praktika bütün dünyada tətbiq olunur. Sadəcə oyunu idarə edən gənc hakimdirsə, təcrübəliləri qapı arxasında qoyuruq ki, ona kömək etsinlər. Bəli, səhvlər də olur. Rusiya çempionatının sonuncu turunda “Spartak” – “Zenit” matçına nəzər yetirək. Sergey Karasyev dünyanın elit hakimidir. 2 olmayan penalti təyin etdi, məşqçini qovdu. Dünyanın heç bir ölkəsində heç kim deyə bilməz ki, hakim səhv etmir. Referi oyun ərzində 4-6 səhv edə bilər”.

 

X. Məmmədov misal gətirdiyi İngiltərə çempionatında “Qarabağ” – “Neftçi” görüşündəki penalti kimi 11 metrlik cərimə zərbəsinin verilməməsi ilə razılaşsa da, bəzən orada da 100 faizlik cərimə zərbələrinin qeydə alınmadığını dilə gətirib.

 

O, F. Yusifovun səhvi ilə razılaşmamasına və bu səbəbdən heç nədən qorxmadığı fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, referi tək penalti epizodunda səhv etsəydi, bəlkə də cəzalanmazdı: “Bu, Farizin öz fikridir. İkincisi də olduğu mövqedən onu penalti kimi görüb və belə dəyərləndirib. Mən bu səhvi görməsəm də, o epizoda çox yaxındır və həmin epizodu düzgün sayır. Bunu onun öz öhdəsinə buraxırıq. Lakin səhvi tək bu olsaydı, bəlkə də cəzalanmazdı. Amma digər səhvlər də baş verdiyindən belə hadisə yaşandı. Onun cəza müddətinin açıqlanmasına gəlincə, biz bu gün UEFA-nın Hakim Konvensiyasının üzvüyük. Bu konvensiyaya daxil olan bütün hakimlər UEFA-nın Hakimlər Komitəsinin bütün qərarlarına riayət etməlidir. Orada da qeyd olunur ki, milli assosiasiya yerli hakimlərə verilən cəzanı, yaxud qiyməti açıqlaya bilməz. Bu səbəbdən də oyunların sayını açıqlaya bilmirəm”.

 

X. Məmmədov VI turun digər matçlarında baş verən narazılıqlara da aydınlıq gətirib. O, “İnter” – “Kəpəz” qarşılaşmasında qonaqların məşqçisi Xaliq Mərdənovun, həmçinin “Sumqayıt” – AZAL görüşündə ev sahiblərinin çalışdırıcısı Mübariz Orucovun hakimlər briqadasını təhqir etdiyini təsdiqləyib. HK-nin sədri “Həmin görüşlərdə kobud səhvlərin olması məşqçiləri özündən çıxardımı” sualına belə cavab verib: ““Sumqayıt” – AZAL matçında hakim inspektor idim. Hər şey gözümün qarşısında baş verdiyindən tam dəqiqliklə açıqlama verəcəyəm. Görüşü Rəhim Həsənov idarə edirdi. O, 6 sarı və 1 qırmızı vərəqə ev sahiblərinə, 3 sarı vərəqə isə AZAL komandasına göstərdi. Bu vərəqələrin hamısı qaydalar çərçivəsində idi. Düzdür, “Sumqayıt”ın məşqçilər korpusu qırmızı vərəqədən narazılıq edir. Mən onlara sizin efir vasitəsilə müraciət edib, AFFA-ya dəvət edərdim. Gəlsinlər, bir daha vərəqələrə baxaq. Hətta hakim “Sumqayıt”a əlavə 2 sarı vərəqə də göstərməli idi. Lakin həmin epizodlarda bir qədər yumşaqlıq göstərdi. Oyundan sonra komandanın məşqçisi Mübariz Orucov həqiqətən soyunub-geyinmə otağına yollanarkən hakimlər briqadasını təhqir etdi və bu da protokolda öz əksini tapdığından AFFA çalışdırıcını cəzalandırdı. “İnter” – “Kəpəz” matçını Rauf Cabbarovun normal idarə etdiyini deyə bilərəm. Bəli, burada Bəxtiyar Soltanovun hərəkətini nəzərdə tutursunuz. İlk baxışdan mənə də elə gəldi ki, futbolçu hakimi itələyir. Amma müxtəlif rakurslardan baxdıqda, onun əlinin referiyə toxunmadığını görürük. Lakin biz oyunları analiz edən zaman Cabbarov Bəxtiyara ikinci sarı vərəqə verməli olduğunu etiraf etdi. O, hakimin qərarına nümayişkaranə etiraz bildirir. Təbii ki, bunun da cəzası sarı vərəqədir və onda bu, ikinci olacaqdı”.

 

X. Məmmədov referilikdən uzaqlaşdırılan sabiq FİFA referisi Anar Salmanovun Hakimlər Komitəsini ittiham etməsinə də münasibət bildirib. AFFA rəsmisinin onun “çempionatın kimlərin ümidinə qaldığını” fikrinə reaksiyası sərt olub: “O yadından çıxarmasın ki, 2008-ci ildən indiyədək oyunları idarə edən hakimlər məhz bizim dövrümüzdə üzə çıxıb. Onlar 2-3 gənc hakimin adını çəkməklə, kimlərəsə özlərini göstərmək istəyirlər. Bu, çox yanlış fikirlərdir. Fariz Yusifov istisnadır, lakin elə özü də içərisində olmaqla hamısı son illərdə yetişən referilərdir. Heç kim narahat olmasın. Həmkarları haqda bu cür ifadələr işlətmək həmin insanlara heç də başucalığı gətirmir. Bu, onların iç üzünü, mahiyyətini göstərir ki, səviyyələri budur”.

 

Hakimlikdən uzaqlaşdırılan bir sıra referilər HK-nin sədrini qısqanclıqda da qınayırlar. Onlar iddia edir ki, gənc hakimlərin yuxarı kateqoriyalara yüksəlməsini məhz X. Məmmədov istəmir.

 

AFFA rəsmisi isə bu fikirləri də kökündən yanlış sayıb: “Bu gün hansısa hakim irəli gedirsə, o mənim uğurumdur. Müstəqil Azərbaycanın tarixində dünya çempionatının seçmə oyununu idarə edən referi mənəm. Kimə qısqanclıq etməliyəm? Bu gün biz çox istəyirik ki, 1 hakimimiz UEFA-nın I kateqoriyasına düşsün. Əliyar Ağayev də buna çox yaxındır. Əminik ki, ilin axırında bu gerçəkləşəcək və belə olan halda bizə əlavə 1 yer də veriləcək. Kiminsə qabağa getməyinin qarşısını almağa gəlincə, bunu hər kəs öz vicdanına buraxsın. Desin ki, mən niyə qabağa getmədim? Açıq-aşkar onun özünə UEFA-dan iradlar bildirirdilər ki, sənə vaxt veririk. Hətta özü bizə bunun 2 ay olduğunu dedi. Yəni bu adam artıq inkişafdan dayanmışdı və UEFA-da da bunu bilirdilər. Onunla eyni – II kateqoriyada olan referilərə UEFA kubokunun oyunlarını verirdilərsə, həmin hakimə ancaq 17 yaşlıların görüşlərini həvalə edirdilər. Bu, ona “sənə ehtiyacımız yoxdur” mesajı idi”.

 

X. Məmmədov sonda “APAsport”a eksklüziv məlumat da verib. Onun sözlərinə görə, bu gün hakimlərmiz yüksək səviyyəli yarışlara təyinat almırlarsa, bu, tezliklə reallaşacaq: “Bu gün Avropada ən gənc hakimlər Azərbaycandadır. Bizə UEFA ilə əlaqə qurmadığımızı və bu səbəbdən də heç yerə dəvət edilmədiyimizi irad tuturlar. Tamamilə yalan iddialardır. AFFA-nın baş katibi Elxan Məmmədovun otağında olarkən, ondan xahiş etmişəm, UEFA Hakimlər Komitəsinin sədrinə, onunun müavininə dəfələrlə zəng edib, hər 2 FİFA hakimimiz haqda danışıb. İlk dəfə bunu sizin efirdə açıqlayıram. Elxan müəllimə bildirdilər ki, Ağayev bu gün UEFA-da ən ümid bəslədiyimiz 4-5 hakimdən biridir. Tələsməyin, 1-2 il də bizə vaxt verin, o ən yüksək səviyyəli oyunları idarə edəcək. Əliyarın cəmi 27 yaşı var. Çempionlar Liqasının, Avropa Liqasının oyunlarını 32-33 yaşdan aşağı referilərə vermirlər. Bu yaxınlarda Ukraynada da hakimlərlə işləyən məşhur Pyer Luici Kollina yerli mətbuata belə bir fikir səsləndirib ki, necə olur, 27 yaşlı azərbaycanlı Avroliqanın oyununu idarə edir, siz isə yaş söhbəti aparırsınız. Artıq hakimimiz barədə onun da fikri formalaşıb. Gənc referilərimiz yetişir və sizi əmin edirəm ki, yaxın vaxtlarda bizim ədalət təmsilçilərimiz Çempionlar Liqasının, Avropa çempionatının seçmə oyunlarını idarə edəcəklər”. 

0