[b]“O nəinki Azərbaycanda, bütün dünyada azarkeşlərin sevimlisidi” - VİDEO[/b]
03.10.2015 - 15:00
[b]“O nəinki Azərbaycanda, bütün dünyada azarkeşlərin sevimlisidi” - VİDEO[/b]

“Şahmat yarışlarının təşkilatçılığı və onların keçirilmə tarixi ilə biz çoxdan məşğuluq. Bütün dünyada gəzirik, baxıb görürük, iştirak edirik. Bakıda keçirilən Dünya Kubokunun təşkilatçılığı barədə qonaqların dedikləri xoş sözlər təkcə ev sahiblərinə reverans deyil, bu sözlərdə həqiqət var. Çünki çox vaxt şahmat yarışları maya dəyərinin ucuzlaşdırılması və digər qənaət məqsədilə I dərəcəli olmayan obyektlərdə təşkil edilir. Bu, əhəmiyyətli otellərdə olmur. Bizdə isə tam əksinədir. Dünya Kuboku Bakının ən yaxşı yerində və ən yaxşı otelində keçirilir”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov deyib.

 

AŞF rəsmisi Bakıda keçirilən Dünya Kubokunun gedişatını və yarışda artıq mübarizəni dayandıran Azərbaycan şahmatçılarının çıxışını dəyərləndirib.

 

Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinin də rəhbəri olan M. Məmmədov öncə 45 ölkədən 128 şahmatçının qatıldığı mötəbər yarışın təşkilatçılığı barədə danışıb: “Bildiyiniz kimi, 25 günlük turnirdir. Cəmi 2 istirahət günü nəzərdə tutulub. Bu 2 gün ərzində şahmatçılar, turnirin qonaqları paytaxtın görməli yerlərində olub və əlbəttə, Azərbaycan mətbəxindən dadıblar. Bu Dünya Kuboku indiyədək keçirilən analoji yarışlar arasında həm ümumi reytinq səviyyəsinə, həm iştirakçıların ad-sanlarına görə ən güclüsü sayılır”.

 

Azərbaycan tarixində birinci dəfə Dünya Kubokuna 6 şahmatçı ilə qatılıb. Vitse-prezident bildirib ki, bu səbəbdən onlardan daha böyük uğur gözlənsə də, nəticəni ümumilikdə bir qədər zəif qiymətləndirmək olar: “Deyərdim ki, Eltac Səfərli və Vasif Durarbəyli bu və digər səbəblərdən ilk mərhələdən yarışda mübarizəni dayandırdılar. Biz Vasifin rəqibinə görə uduzacağını gözləsək də, Eltac bir balaca zəif, imkanından aşağı oynadı. Rauf Məmmədov Yevgeni Nayeri keçdi, ikinci mərhələdə Fabiano Karuananaya məğlub oldu. Bu rəqib dünyanın top-şahmatçılarından biridir. Raufun çıxışını öz səviyyəsinə uyğun qiymətləndirmək olar. Qədir Hüseynova gəldikdə, o, gözlədiyimizdən xeyli yaxşı çıxış etdi. Birincisi 2 mərhələ keçdi, ikincisi David Navara kimi şahmatçını çox gözəl üslubda mübarizədən kənarlaşdırdı. Təəssüf ki, üçüncü mərhələdə çox güclü rəqibə (çinli Dinq Lireni nəzərdə tutur – red.) uduzdu. Bu da oyun səviyyələri arasındakı fərqi özündə əks etdirirdi”.

 

M. Məmmədov yığmamızın liderlərindən 1/4 finala kimi irəliləyən Şəhriyar Məmmədyarovun daha yaxşı oyun sərgilədiyi qənaətindədir: “Teymur Rəcəbov I turda böyük psixoloji təzyiqə məruz qaldı. Çünki erməni əsilli amerikalı, sürətlə inkişaf edən Samuel Sevyana qarşı oynayırdı. Baxmayaraq ki, birinci klassik partiyada udmalı idi, əfsuslar olsun, oyunu uduşla sona çatdıra bilmədi. Ancaq tay-brekdə çox asanlıqla ona qalib gəldi. Sonra İlya Smirini də tay-brekə “saxladı” və yenə da rahat qələbə qazandı. Ümumiyyətlə, cütün taleyini əlavə görüşə daşımaq Teymurun Dünya Kubokunda oynamaq üsuludur və bu üslubu çox gözəl mənimsəyib, bilir. Bu səbəbdən də onun tay-brekə qalmasından biz narahat deyildik. Çünki Dünya Kubokunda tariximizin ən yaxşı nəticəsinə imza atdığımız Tripolidə Teymur məhz tay-breklərlə yarımfinala kimi irəlilədi. Əfsuslar olsun ki, həmin vaxt dramatik keçən partiyada Maykl Adamsa uduzmuşdu. Şəhriyar Məmmədyarova gəlincə, o, hamımızı çox sevindirdi. Şəhriyar nəinki Azərbaycanda, bütün dünyada azarkeşlərin sevimlisidir. Bu onun səmimiliyindən və oyun üslubundan irəli gəlir. Dünya Kuboku da istisna olmadı. Həm yarışa gələnlərin, həm də internetlə izləyənlərin əsas hissəsi Şəhriyara azarkeşlik edirdi. O, 1/4 finalda tay-brekdə Sergey Karyakinə uduzduqda zalda gərginlik ən pik nöqtəsinə çatmışdı. Doğurdan da, zal elektrikləşmişdi və Şəhriyarın da oyunu bunu yüksək səviyyədə saxlayırdı. Təəssüflər olsun ki, bir balaca bəxti gətirmədi, yaxud Karyakin bir balaca üstün oldu. Ümumilikdə çıxışımızı bir qədər zəif qiymətləndirərdim. Çünki yarımfinala heç bir şahmatçımız vəsiqə qazanmadı. Şahmatda doğma divarlar kömək etmir, hətta bir balaca mane olur”.

 

Yarışın Əməliyyat Komitəsinin sədri yarışa qatılan Ermənistan şahmatçılarının və ABŞ-ın heyətində yer alan erməni zəka sahiblərinin təhlükəsizliyində hansısa problem ortaya çıxmadığını deyib: “Dünya Kubokuna Ermənistan vətəndaşı olan 4 şahmatçı gəlmişdi. Bu heyətdə biz Levon Aronyanı qeyd etməliyik. O, son 10 ildə dünyanın ən güclü, sabit çıxış edən şahmatçılarından biridir. Həmçinin, ABŞ vətəndaşı olan 2 erməni əsilli şahmatçı vardı. Əlbəttə, ABŞ-ın vətəndaşları olan şahmatçıların təhlükəsizliyinə bütün ümumi təhlükəsizlik qaydaları, tələbləri nöqteyi-nəzərdən də yanaşa bilərdik. Ancaq həm FİDE-nin, həm də Ermənistan Şahmat Federasiyasının dəfələrlə müraciəti olmuşdu ki, biz bu şahmatçılara daha isti yanaşaq, təhlükəsizlik tədbirlərini bir balaca gücləndirək. Xüsusilə də, Ermənistan vətəndaşları olan şahmatçılara. Biz buna elə bir lüzum görmürdük. Doğurdan da, yarış yeri elə seçilib ki, şahmatçılar oynadıqları “Fairmont Baku” otelində həm də yaşayırlar. Burada kinoteatra qədər bütün infrastruktur var. Amma biz təhlükəsizlik tədbirlərini yenə də artırmalı olduq. Allaha çox şükür ki, heç bir xoşagəlməz hadisə baş vermədi. Biz də hansısa hadisə gözləmirdik. Hətta sonda yarış qurtardıqdan sonra hər bir şahmatçı şəhərdə gəzmək arzusunu bizə bildirdikdə rahat şəkildə şərait yaradırdıq. Aronyan və digərləri, həmçinin Sevyan da anası ilə birgə paytaxtı gəzdi. Bunun üçün minimal sayda müşayiətçi oldu və çox rahat gəzdilər”.

 

Onun sözlərinə görə, bu, Ermənistan millisinin gələn il Bakıda keçiriləcək Şahmat Olimpiadasına gəlməsinə hansısa bəhanə yaratmayacaq: “Fikrimcə, iddiaçıların turniri zamanı Bakıya gəlməkdən imtina edən Aronyanın bu yarışda çıxışından sonra Olimpiadaya qatılmasına keçmiş illərdəki kimi nazlı yanaşmasına heç bir əsas yoxdur. Biz Bakıda keçiriləcək Olimpiadada qadınlardan və kişilərdən ibarət Ermənistan millisinin iştirakını gözləyirik”.

 

M. Məmmədov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan və 2009-2014-cü illəri əhatə edən şahmatın inkişafı üzrə Dövlət Proqramının faydasından da danışıb. O bildirib ki, məhz həmin proqrama əsasən ölkə şahmatı yüksək səviyyədədir: “Unikal bir sənəddir və dünyada belə bir proqram yoxdur. Həmin 5 illik zamana nəzər yetirsək, mərhum qrossmeysterimiz Vüqar Həşimov Bakıdakı Qran-pri mərhələsinin qalibi oldu, Azərbaycan 2 dəfə Avropa çempionu tituluna yiyələndi. Həmçinin, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov rapid və blits üzrə dünya çempionatını qazandılar, qran-prilərdə qalib gəldilər. SOCAR klubumuz isə 2 dəfə klublararası Avropa çempionatının qızıl medalını qazandı”.

 

Vitse-prezident avqustadək Almaniyanı təmsil edən Latviya əsilli Arkadi Naydiçin yığmamıza gəlişinə də münasibət bildirib. Onun sözlərinə görə, 30 yaşlı qrossmeysterin legioneri olmayan millimizə dəvəti III və IV lövhələri möhkəmlətməyə hesablanıb: “Bu dünyada olan prosesdir, buna normal yanaşmaq lazımdır. Onun təxminən 6 il Azərbaycanda yaşamaq istəyi var. Bundan sonrası barədə nə isə deyə bilmərəm. Hazırda həyat yoldaşı ilə Bakıya köçüb. Olimpiadada uğur qazanmaq istəyirik. Bizim, xüsusilə də Həşimov rəhmətə getdikdən sonra III və IV lövhələrdə problemlərimiz vardı, bu özünü göstərirdi. Məqsədimiz bu lövhələri gücləndirmək, sabitləşmə və rəqabət yaratmaqdır. Həm də bu o demək deyil ki, Naydiç həmişə komandada oynayacaq”.

 

Paytaxtımızda “Crystall Hall”da keçiriləcək Olimpiada ilə bağlı son məlumatları verən M. Məmmədov SOCAR klubunun da Avropa çempionatında çıxışına toxunub. O bildirib ki, Reykyavikdə təşkil olunacaq yarışda ulduzlardan təşkil edilən Bakı təmsilçisinin əsas məqsədi titulunu qorumaq olacaq.

 

0