[b]Roman Qriqorçuk 6:0 hesablı qələbədən və Qurban Qurbanovun məlum qərarından danışdı[/b]
04.10.2015 - 22:33
[b]Roman Qriqorçuk 6:0 hesablı qələbədən və Qurban Qurbanovun məlum qərarından danışdı[/b]

“Azarkeşsiz bayram olmur. Biz istərdik ki, oyunlarımıza çox azarkeş gəlsin. Oyunun nəticəsi öz yerində. Bu gün bizə dəstək olan hər kəsə “çox sağ ol” deyirəm. Əslində, azarkeş sayının az olmasına görə ruh düşkünlüyü yaşamırıq. Biz elə oynamalıyıq ki, azarkeşlərin stadiona gəlməməsi mümkünsüz olsun”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının VII turu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”a qalib gələn bölgə klubunun baş məşqçisi qarşılşama haqqında fikirlərini bölüşüb:

 

“İki gün öncə oyuna çıxmışdıq. Ağır oyundan sonra futbolçuların belə hərəkətli olması onu göstərir ki, düz yoldayıq. İndi milli komandanın oyunları ilə əlaqədar olaraq, fasilə yaranır. Bundan maksimum yararlanmalıyıq. Açığı, statistika ilə maraqlanmıram. Erkən qol oldu, hesab 6-0 oldu və digər məsələlər məni maraqlandırmır. Əvvəl olanların bu gün üçün əhəmiyyəti yoxdur. Bu gün qələbə qazanmaq lazım idi və biz bunu etdik. Böyükhesablı qələbə özünəinam hissini artırır. Düşünürəm ki, futbolçu heç vaxt arxayınlaşmamalıdır. Hücumçu imkanlardan maksimum yararlanmalıdır və imkan varsa, dayanmamalı, qollar vurmalısan”. 

 

Roman Qriqorçuk Qurban Qurbanovun penalti ilə bağlı məlum qərarına da münasibət bildirib:

 

“Mənim Qurbana çox böyük hörmətim var. Onunla danışmışam, çox peşəkar insandır. Belə addım atması onu lap yüksəklərə qaldırır. Bunu hakimlərə hörmətsizlik kimi yox, futbol adına böyük hadisə kimi qəbul etmək lazımdır. Bu barədə hətta Avropada danışacaqlar. “Qarabağ” kimi komandaya və belə məşqçiyə heç kimin köməyi lazım deyil. Eləcə də bizə. Sadəcə, düzgünlük olsun və biz işimizin bəhrəsini meydançada görək”.

0