[b]Manuel Skarlatake: Bu, əsl rüsvayçılıqdı - MÜSAHİBƏ[/b]
05.10.2015 - 10:11
[b]Manuel Skarlatake: Bu, əsl rüsvayçılıqdı - MÜSAHİBƏ[/b]

Topaz Premyer Liqasının VII turu çərçivəsində səfərdə “Qəbələ”yə 0:6 hesabı ilə uduzan “Xəzər Lənkəran” klubunun müdafiəçisi Manuel Skarlatake oyundan sonra jurnalistlərə müsahibəsində apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Meydanda nə baş verdi ki, bu cür biabırçı məğlubiyyətlə barışmalı oldunuz?

- Nə deyim? Bizim üçün əsl rüsvayçılıqdı. Karyeram ərzində məğlub olduğumuz oyunlar olub, amma beləsi heç vaxt baş verməmişdi. “Qəbələ” qarşılaşmaya çox yaxşı köklənmişdi. Heyətlərində təcrübəli, eləcə də fərdi keyfiyyətinə görə seçilən futbolçular çoxdu. Onlar bu həftə üç görüş keçirdilər. Avropa Liqasında oynasalar da heyətləri geniş olduğundan, bunu hiss etdirmədilər. Amma bizim 15 futbolçumuz vardı.

 

- Hesabın 8-ci saniyədə açılması nə ilə bağlı idi? “Qəbələ” oyuna başladıqdan sonra hadisələrin axarını izləmirdiniz?

- Rəqib təcrübəli olduğundan bunu bacardı. Futbolda belə hallar olur. Bəzən görürsən ki, 2-ci saniyədə də hesab açılır. Buna hörmətlə yanaşmaq lazımdı. Meydanın mərkəzindən oyuna başladılar, sürətli hücum qurub qol vurdular. Təbii ki, bu cür başlanğıc bizim üçün çox pis oldu.

 

- Ola bilərmi, gənc futbolçuların çoxluq təşkil etdiyi komandanız bu qoldan sonra bir qədər qorxuya düşdü, toparlana bilmədi?

- Belə deməzdim. Bundan sonra onlar daha 5 qol vurdular. Erkən vurulan qolun bizi qorxutduğu fikri ilə razılaşmıram. Səbəbi odu ki, biz çoxsaylı səhvlərə yol verdik. Heyətimizdə gənclər çoxdu, ustalıq səviyyəsindən danışmağa dəyməz. Yaxşı komandamızın olduğunu deyə bilmərəm. Həm də qarşımızdakı rəqibi kimliyini də unutmamalıyıq. “Qəbələ” bu gün Avropa Liqasının qrup mərhələsində çıxış edir. Buna görə də heyətlərinə çoxsaylı təcrübəli və keyfiyyətli futbolçular toplayıblar.

 

- Komanda oyundan sonra stadionu gec tərk etdi. Paltardəyişmə otağında nəyi müzakirə edirdiniz?

- Təbii ki, həmin vaxt səhvlərimizdən danışdıq. Baş məşqçimiz fikrini çatdırdı. Səviyyə fərqi ortadadı. Bir tərəfdə Avropa Liqasının qrup mərhələsində oynayan təcrübəli “Qəbələ”, digər yandan gənclərin üstünlük təşkil etdiyi “Xəzər Lənkəran” var. Bu səhvləri növbəti oyunlarda təkrarlamamalıyıq. Qısaca olaraq bu haqda danışdıq.

 

- Yığmanın oyunu ilə bağlı çempionatda fasilə yaranacaq. Bu müddət komandanın toparlanmasına kömək edəcəkmi?

- Çalışacağıq ki, bu situasiyadan çıxaq.

 

0