[b]“Qəbələ” ilə oyunu yüksək səviyyədə keçirməyimizin səbəbi...” [/b]
05.10.2015 - 10:27
[b]“Qəbələ” ilə oyunu yüksək səviyyədə keçirməyimizin səbəbi...”  [/b]

“Düzdü, ötən həftə Avropa Liqasında “Qəbələ” ilə ağır oyun keçirdik. Lakin düşünmürəm ki, futbolçularımız yorğun olduqları üçün “Ufa”nı məğlub edə bilmədilər”. Apasport.az saytının məlumatına görə, bunu “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib.

 

“Qəbələ”nin Avropa Liqasındakı rəqibi Rusiya Premyer Liqasının XI turunda səfərdə “Ufa” ilə üz-üzə gəlib və 1:1 hesablı bərabərliklə kifayətlənib. Matçdan sonra baş tutan mətbuat konfransında Kononov bu xal itkisini Avrokubokla əlaqələndirməyib: “Nəzərə almaq lazımdı ki, “Qəbələ” ilə oyundakı heyətdə müəyyən dəyişikliklər etmişdik. Bu üzdən də yorğunluğu bəhanə etmək doğru olmaz. Sadəcə, əlimizə düşən çoxlu qol epizodlarından yararlana bilmədik. Bu, hədəfləri olan komanda üçün ürəkaçan məqam deyil”.

 

Baş məşqçinin fikrincə, Rusiya çempionatında uğursuz çıxışın səbəbi tətbiq edilən limitdi: “Təəssüf ki, limitə görə hər dəfə bir heyətlə oynamalı oluruq. Avropa Liqasından fərqli, daxili birincilikdə ideal heyətlə meydançaya çıxa bilmirik. Çünki legioner limiti buna imkan vermir. Həm Dortmund “Borussiya”sı, həm də “Qəbələ” ilə oyunu yüksək səviyyədə keçirməyimizin səbəbi bütün legionerlərdən yararlana bilməyimiz idi. Heyətdə tez-tez dəyişiklik etmək futbolçulara da mənfi təsir edir”.

 

Qeyd edək ki, oktyabrın 1-də öz meydançasında “Qəbələ” üzərində 2:1 hesablı qələbə qazanan “Krasnodar” Rusiya Premyer Liqasında 14 xalla 9-cu pillədə qərarlaşır.

0