[b]“Qurban Qurbanov penalti ilə razı deyilsə, onda hakim bu qərarı niyə verib?”[/b]
05.10.2015 - 12:01
[b]“Qurban Qurbanov penalti ilə razı deyilsə, onda hakim bu qərarı niyə verib?”[/b]

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin apasport.az saytına müsahibəsi

 

- Ölkə çempionatının VII turunun mərkəzi qarşılaşması olan “İnter” – “Qarabağ” matçında maraqlı epizod yaşandı. Qonaqların baş məşqçisi Qurban Qurbanov onların lehinə təyin olunan penaltinin haqsız olduğunu düşünərək, futbolçusundan topu kənara vurmağı tələb etdi. Onun bu addımını necə qarşıladız?

- Açığı, həmin oyuna baxa bilməmişəm və buna görə də, Qurban Qurbanovun bu addımından xəbərim yox idi. Deyib ki, mənə belə qələbələr lazım deyil? Deməli, Qurban öz xarakterini göstərib. Qurban hakimin verdiyi qərarla razı deyilsə, onu düz saymırsa, onda hakim bu qərarı niyə verib? Hansı tərəfə fırlayırsansa, gəlib çıxır hakimin üstünə. Ancaq sizə deyim ki, Qurban Azərbaycan futbolunda birinci və axırıncı məşqçi olacaq ki, komandasının lehinə təyin olunan penaltidən narazılıq bildirir və öz oyunçusuna tapşırıq verir ki, vur qırağa.

 

- Siz Qurban Qurbanovun yerində olsaydınız, həmin epizodda necə davranardınız?

- Vallah, o cür epizodu heç vaxt yaşamamışam. Mənə o xoşbəxtlik qismət olmayıb ki, lehimizə havadan penalti təyin etsinlər. Yaşamamışamsa, deyə bilmərəm. Mən həmişə istəmişəm ki, ədalətli hakimlik olsun.

 

- Qurban Qurbanovun o cür davranmasının səbəblərindən biri də odu ki, son oyunlarda “Qarabağ”ın lehinə çox penalti təyin edilir. Bunu etməklə, “Qarabağ”ın hakim köməkliyinə ehtiyacının olmadığını göstərmək istədi...

- Fikir verirsizsə, “Qarabağ” çempionatdakı oyunlarını minimal hesablı qələbələrlə qazanır. Düzdü, Avroliqa ilə müqayisədə çempionatda fərqli heyətlə çıxış edir. Qurban Qurbanov Avroliqa oyunlarında çıxış edən futbolçuların əksəriyyətinə istirahət verir. Çempionatda fərqli heyətlə oynaması özünü göstərir.

 

- Avropa Liqasındakı digər təmsilçimiz “Qəbələ” ölkə çempionatında bu tur “Xəzər Lənkəran”ın qapısından 6 cavabsız top keçirdi. Bu hesabı gözləyirdizmi?

- Əlbəttə, matçdan əvvəl bu hesabı gözləmirdim. Amma oyun sübut elədi ki, futbolda hər cür sürpriz ola bilər. Düzdü, “Xəzər Lənkəran” bu gün heyət yığa bilməyib, zəifdi. Amma bu o demək deyil ki, 0:6 hesabı ilə uduzmalısan. Deməli, heyətin zəifdisə, sabah 0:11 hesabı ilə də uduzsan, söz-söhbət olmamalıdı? Bu gedişlə “Xəzər Lənkəran”ın axırının necə olacağını klubun rəhbərliyi bilər.

 

- “Qəbələ” hazırda iki “cəbhə”də mübarizə aparır. Necə düşünürsüz, Roman Qriqorçukun komandası ölkə çempionatında “Qarabağ”la sona qədər birincilik mübarizəsi apara biləcəkmi?

- Bunu yaşayıb, görərik. Bir azdan hələ 3-cü “cəbhə” də olacaq. Kubok oyunlarını nəzərdə tuturam. Onda “Qəbələ”nin işi daha da ağırlaşacaq. Təbii ki, komanda Avroliqada qrupdan çıxa bilsə.

 

- Sabiq komandanız “Neftçi” isə bu tur Premyer Liqanın debütantı “Zirə”yə uduzdu. Həm “Neftçi”nin hazırkı çıxışı, həm də “Zirə” ilə bağlı fikirləriniz maraqlıdı...

- Mən həmişə demişəm ki, qoy, ədalət zəfər çalsın. “Zirə” “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlirsə, özü də qələbəni heç bir penaltidən istifadə etməmiş, qanuni qollarla qazanırsa, deməli, bu komandanı alqışlamaq lazımdı. “Neftçi”yə isə rəhbərliyi cavabdehlik daşıyır, bu, mənim problemim deyil. Mən qədərincə “Neftçi”nin problemini qabartmışam. İndi “Neftçi”nin öz baş məşqçisi, klubun sədri, Müşahidə Şurası var. Onlar cavabdehlik daşıyırlar.

 

- Bu turun diqqət çəkən məqamlarından biri də AZAL-ın cari mövsümdə ilk qələbəsini qazanması oldu...

- AZAL-ı təbrik edirəm. Axır ki, qələbə gördü. Hələ bilmək olmaz, çempionatdan kim düşəcək. Bəlkə sabah AZAL qələbələri sıralayacaq?

 

- Məşqçilər Komitəsindəki keçmiş həmkarınız Şahin Diniyevin komandası – “Kəpəz” barədə fikirləriniz necədi? VII turda “Sumqayıt”ı xalsız yola saldılar...

- Bu gün “Kəpəz” komandasında hər şeydən vacib istək var. Futbolda önəmli məqamlardan biri də budu. İstək olmasa, nəticə əldə etmək mümkün deyil.

 

Tengiz MƏMMƏDOV  

0