[b]Gecikən “premiya” və ya 12-ci oyunçu hardadı?[/b]
05.10.2015 - 14:11
[b]Gecikən “premiya” və ya 12-ci oyunçu hardadı?[/b]

“Lokomotiv” voleybol klubu problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq komanda maliyyə problemləri məngənəsində çabalayır.

 

Belə ki, ötən mövsüm ulduz voleybolçularla Super Liqada gümüş medal qazanan Bakı təmsilçisi yeni ildə əvvəlki kimi iddialı olmayacaq. Bunu komandanın aparıcı oyunçuları ilə vidalaşması, yeni mövsüm üçün 12 voleybolçu transfer edə bilməməyi (hələlik 11 oyunçusu var - red) və Avropa Voleybol Konfederasiyasına cəmi 4 oyunçu sifariş etməsi ilə əlaqələndirmək olar.

 

Bu azmış kimi, klubda və bazada işləyənlər 6 aydı əmək haqqı nə olduğunu bilmirlər. Sonuncu maaşlarını ötən mövsüm Super Liqa başa çatdıqda - apreldə alan “dəmiryolçular”ın növbəti dəfə nə vaxt pul görəcəkləri də məlum deyil.

 

Yeni yığılan komandanın da eyni problemi yaşayacağı istisna deyil. Çünki klubun işini aparan insanlar maaşlarını ala bilmədiyindən 100 minlərlə qazanacaq əcnəbilərin hansı aqibəti yaşayacağı da qeyri-müəyyəndi. Hər halda, ümid edək ki, “Lokomotiv” bu problemi arxada qoymağa çalışacaq və “İqtisadçı”, “Şirvan”, “Bakı” və digər klublar kimi tarixin yaddaşına köçməyəcək. Ən azı, onlar əgər bu gün İtaliyada təlim-məşq toplanışındadısa, maaş problemini yoluna qoyub, azarkeşlərini sevindirməyə çalışacaqlar.

 

Komandanın icraçı-direktoru Xəyal Rəhimov isə maliyyə problemini dedi-qodu adlandırıb. Onun sözlərinə görə, bu gün yaranan xırda problem maaşla deyil, mükafatla yaranıb: “Klubumuzun heç bir işçisinə 6 aylıq maaş borcu yoxdu. Sadəcə, “premya” ilə bağlı xırda çətinliklər ortaya çıxıb. O da 6 ay deyil, son 3 ayı əhatə edir. Çünki bu günlərdə 1 ayın mükafatını verdik. Həm də hansısa problem olsaydı, komandamız İtaliyada hazırlıq keçməzdi. Hər şey mövsümün əvvəlindən sonuna kimi nəzərə alınıb, hansısa problemin ortaya çıxması gündəmdə deyil. Mükafatın gecikməsi isə tək “Lokomotiv”də deyil, digər komandalarımızda da olur. Hətta komandanın geyimini belə İtaliya brendi olan “Errea”dan almışıq. Əgər maaşlar vaxtında verilməsə, bir neçə ay yubansa, əmək müfəttişləri dərhal məsələni nəzarətə götürür. Bizdə isə belə bir şey yoxdu”.

 

Rəhimov komandada nə səbəbdən 12-ci oyunçunun alınmamağına da münasibət bildirib. Onun sözlərinə görə, “Rabitə” ilə Azərbaycan çempionu olan Brenda Kastilyo olə centlmen danışıqlar bitib, hansısa problem ortaya çıxmasa dominikalı libero ilə heyət tamamlanacaq: “Kastilyo ilə danışıqlar demək olar ki, tamamlanıb. Lakin həllini tapası xırda məsələlər qalıb. İnanıram ki, o da ortadan qaldırılacağı halda 12-ci oyunçunun transferi reallaşacaq. Avropa Voleybol Konfederasiyasına Çempionlar Liqası üçün 4 oyunçu sifariş etməyimizə gəlincə, burada da bizlik hansısa məsələ yoxdu. Bütün tələləri yerinə yetirmişik. Transfer etdiyimiz oyunçuların məxsus olduqları agentliklərlə öz sıxıntıları var. Onlar da yoluna düşdükdən sonra lisenziya alınacaq”.   

 

0