[b]“Bakıdakı final bəlkə 100 il sonra da təkrarlanmayacaq” - Kirsan İlyumjinov[/b]
06.10.2015 - 08:29
[b]“Bakıdakı final bəlkə 100 il sonra da təkrarlanmayacaq” - Kirsan İlyumjinov[/b]

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun təntənəli bağlanış mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə ilk olaraq Gənclər və İdman naziri Azad Rəhimov çıxış edib.

 

Nazir bildirib ki, Dünya Kuboku yüksək təşkilatçılıqla yanaşı güzəştsiz mübarizəylə də yadda qalıb: "Biz çox sevinirik ki, qonaqlar Dünya Kubokunda yaradılan şəraitdən razı qaldı. 128 şahmatçının iştirak etdiyi turnirdə güzəştsiz mübarizənin şahidi olduq. Özəlliklə finalda möhtəşəm oyun izlədik. Hamıya məlumdu ki, şahmat Azərbaycanda çox sevilir, bu idman növünə böyük maraq var. Ölkəmizdə şahmatın inkişafının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O vaxtları ölkə ərazisində 70-ə yaxın şahmat məktəbi inşa edilib. Hazırda dövlət başçısı İlham Əliyev bu siyasəti uğurla davam etdirir".

Azad Rəhimovun sözlərinə görə, gənclərin dünyanın aparıcı şahmatçılarının oyununu izləməsi onların gələcək inkişafında böyük rol oynayır: "Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun çıxışına böyük marağın olması bizi sevindirir. Oyun günlərindən birində 600-ə yaxın tamaşaçının şahmat oyunlarını izləməsi xüsusi vurğulanmalıdı. Dünya Kuboku və Şahmat Olimpiadası kimi mötəbər yarışları Bakıya həvalə etdikləri üçün FİDE rəhbərliyinə təşəkkürümü bildirirəm. İnanırıq ki, Şahmat Olimpiadası da Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək".

Sonra çıxış edən FİDE prezidenti Kirsan İlyumjinov Bakıdakı Dünya Kubokunun nəticələr baxımından tarixə düşdüyünü dedi: "Bəzilər şahmatda heç-heçələrin çox olduğunu yazır. Amma Bakıdakı Dünya Kubokunda məhsuldar partiyalar çox oldu. Finalda Sergey Karyakinlə Pyotr Svidler tarixi oyunun qəhrəmanlarına çevrildi. Belə final bəlkə 100 il sonra da təkrarlanmayacaq. Çox yüksək performans izlədik. Karyakinlə Svidlerin görüşünün çoxu məhsuldar oldu. Bu final tarixə düşəcək. Belə yüksək səviyyəli Dünya Kuboku təşkil etdiklərinə görə Azərbaycan Şahmat Federasiyasına, Gənclər və idman Nazirliyinə, Bakı Şahmat Olimpiadası və Dünya Kuboku Əməliyyat Komitəsinə təşəkkür edirəm".

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov gələn il Şahmat Olimpiadasının da yüksək təşkilatçılıqla fərqlənəcəyini bildirdi. AŞF rəhbəri FİDE ilə əməkdaşlıq barədə məlumat verdi.

Mükafatlandırma mərasimində FİDE prezidenti Dünya Kubokunu yarışın qalibi Sergey Karyakinə təqdim etdi. İkinci yer üçün hazırlanan kubok Pyotr Svidlerə verildi. Reqlamentə əsasən Karyakin həmçinin 96 min dollara sahib çıxdı.

Tədbirin sonunda gələn il sentyabrda Bakıda keçiriləcək Şahmat Olimpiadasının loqosu təqdim olundu. Loqo haqda məlumat verən Bakı Şahmat Olimpiadası və Dünya Kubokunun Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov mötəbər yarışda 175-ə yaxın ölkənin, 2000-ə yaxın şahmatçının iştirak edəcəyini bildirdi.

 

Onun sözlərinə görə ümumilikdə Bakı 3000-ə yaxın qonaq qəbul edəcək. Şahmat Olimpiadasının loqosunda turnirin keçiriləcəyi “Crystal Hall” əks olunub. Mahir Məmmədov 2016-cı ildə baş tutacaq Şahmat Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə inandığını qeyd etdi.

0