Aleksandr Tonev: ...fikrimizi Azərbaycanla matça yönəldəcəyik
06.10.2015 - 10:00
Aleksandr Tonev: ...fikrimizi Azərbaycanla matça yönəldəcəyik

“Millidə həmişə yüksək əhval-ruhiyyə olur. Məncə, qarşıdakı 2 matçda ən yaxşı oyunumuzu göstərəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan yığmasının futbolçusu Aleksandr Tonev deyib.

 

Bolqarlar Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Xorvatiya, 3 gün sonra isə Azərbaycan yığması ilə qarşılaşacaqlar.

 

Bu görüşlərdən öncə ölkəsinin mətbuatına açıqlama verən Tonev iddialı danışıb. O bildirib ki, həm Xorvatiya, həm də Azərbaycanla oyunda məqsədləri qələbə qazanmaq olacaq: “Hər iki görüşdə sona qədər mübarizə aparacağıq. Amma bizi çətin oyunlar gözləyir. Əvvəlcə Xorvatiya ilə səfər görüşü haqda düşünməliyik. Ondan sonra fikrimizi Azərbaycanla matça yönəldəcəyik. Qələbə qazanmaq üçün həmişə şans var. Düzdü, son oyunlarda istədiyimiz nəticələri əldə edə bilməmişik. Amma bu o demək deyil ki, qrupdan çıxmaq şansımız qalmayıb”.

 

Tonev əsas heyətdə yer almağa hazır olduğunu qeyd edib: “Seçimi baş məşqçi edir. Kimə şans verəcəksə, Bolqarıstan yığmasının qələbə qazanması üçün əlindən gələni etməlidi. Özümü yaxşı hiss edirəm. Hər iki görüşdə meydana çıxmağa hazıram”.  

0