[b]"Elə bil ki, yorğunam, yatmaq istəyirəm"- Veselin Topalov[/b]
24.10.2015 - 12:53
[b]"Elə bil ki, yorğunam, yatmaq istəyirəm"- Veselin Topalov[/b]

"İlk lövhədə Radoslav Voytaşekə qarşı mübarizə aparırdım. Maraqlı mübarizə oldu. Üstünlüyüm var idi, sadəcə onu inkişaf etdirmək lazım idi. Rəqib o qədər fəal deyildi, passiv oynayırdı. Şadam ki, qələbə qazanmaqla komandamın uğur əldə etməsində pay sahibi oldum. Əsas məqsəd Avropa Kubokunun sonunda yüksək yer tutmaqdı". Apasport.az saytının məlumatına görə, bunu Avropa Kubokunda çıxış edən "SOCAR-Azərbaycan" şahmat klubunun üzvü, dünya çempionu Veselin Topalov deyib.

 

VI turdan sonra yarış haqda fikirlərini bildirən Topalov ümumilikdə Avropa Kubokundakı oyunundan razı qalmadığını bildirib: "Çıxışımdan razı deyiləm. Bilirəm ki, Skopyedə yaxşı oynamıram. Səbəbini bilmirəm, amma istədiyim oyun alınmır. Voytaşek üzərində qələbə qazandım, amma yenə də oyundan razı qalmadım. Bəzən partiya rahat keçir, bəzən də narahat olursan. Avropa Kuboku ərəfəsində bütün fikrim bu yarış haqda idi. Bakıda keçirilən Dünya Kubokundan sonra yalnız "SOCAR-Azərbaycan"ın çıxışı haqda fikirləşirdim. Lakin istədiyim oyunu göstərə bilmirəm. Makedoniyaya gələndən sanki qəribə hisslər özünü göstərir. Elə bil yorğunam, yatmaq istəyirəm. Digər tərəfdən 1-ci lövhədə oynadığımı unutmamalıyam. Klubların yarışında ən güclülər ilk löhvədə çıxış edir. Hər tur güclü rəqiblə oynamaq asan deyil".


Vladimir Kramnikə uduzmasından danışan Bolqarıstan şahmatçısı V turda rusiyalı dünya çempionuna məğlubiyyətini zəif oyunu ilə izah edib: "Həmin partiya, ümumiyyətlə, dəhşət idi. Debütdən pis vəziyyət aldım. Çıxış yolunu tapa bilmədim. İstədiyim oyunu sərgiləyə bilmədim. Zəif oynadım, çox zəif".


Topalov VII turda da qələbə qazanmağın vacib olduğunu vurğulayıb: "Rusiya klubuna məğlubiyyətdən sonra birinci pillədəki yerimizi itirdik. İndi lideri izləyirik. Son turda da uğur qazanmaq vacibdi. Turnir cədvəlində komandalar bir-birilərinə çox yaxındı. Buna görə də, hər bir qələbə yekun nəticəyə təsir edir. Hər şey bizdən asılı olmasa da, son mübarizədən qalib ayrılmaq lazımdı".

0