[b]"Azərbaycan Avropa Şahmat İttifaqına etiraz edəcək" - Mahir Məmmədov[/b]
30.10.2015 - 13:56
[b]"Azərbaycan Avropa Şahmat İttifaqına etiraz edəcək" - Mahir Məmmədov[/b]

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, SOCAR klubunun rəhbəri Mahir Məmmədov mətbuat xidmətinin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, vitse-prezident SOCAR-ın Avropa Kubokundakı çıxışını dəyərləndirib.

 

- SOCAR qitənin ən nüfuzlu klub turniri olan Avropa Kubokunda ikinci yeri tutdu. Ümumiyyətlə, komandanın mötəbər yarışda çıxışını necə qiymətləndirirsiniz?

- Komandanın çıxışını qiymətləndirmək üçün SOCAR-ın tarixini, yaranma məqsədlərini bir daha xatırlamaq lazımdı. SOCAR fəaliyyət göstərdiyi 6 il müddətində super klub kimi tanınıb. Biz istəyirdik ki, şahmatçılarımız Avropa klub çempionatlarında Azərbaycan təmsilçisinin heyətində çıxış etsinlər. Məqsəd şahmatçılarımızın əcnəbi klublarda deyil, bizim komandada iştirak etməsi idi. Bildiyiniz kimi, əvvəllər Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və digər şahmatçılarımız başqa ölkələrin klublarında mübarizə aparıblar. Bütün layihələrdə ambisiyalı olduğumuza görə, qarşıya ən yüksək hədəflər qoyuldu. Azərbaycanın və SOCAR-ın adını daşıyan klub ən güclü şahmatçılardan formalaşdırılmaqla yanaşı, ancaq yüksək yerlər uğrunda mübarizə aparmalı idi. Bu mənada ikinci yer SOCAR üçün uğurlu nəticə sayıla bilməz. İştirak etdiyimiz altı çempionatda iki dəfə Avropa Çempionlar Kubokuna sahib olmuşuq. İki dəfə gümüş medal, bir dəfə bürünc medala layiq görülmüşük. Bir dəfə isə 2-4-cü yerləri bölüşdürsək də, əlavə əmsallara görə mükafatçılar sırasından kənarda qalmışıq. Biz Azərbaycanda keçiriləcək Şahmat Olimpiadası ərəfəsində çempion olacağımıza ümid edirdik. SOCAR reytinqə görə turnirin birinci komandası idi. Əfsuslar olsun ki, reytinqə görə ikinci olan “Sibir” 5-ci turda prinsipial matçda 1 xal üstünlüklə bizə qalib gəldi. Bu yarışda bəxt tərəfimizdə olmadı. Son turda lider olan “Sibir” 2:4 hesabı ilə uduza bilərdi, SOCAR isə eyni hesabla qələbə qazanmağa yaxın idi. Bu halda Azərbaycan təmsilçisi çempion olacaqdı. Son turda hər iki komanda heç-heçə oynadı və təmsilçimiz gümüş medalla kifayətləndi. SOCAR tarixində iki dəfə çempion olub. Ona görə də gümüş medal bizim üçün uğurlu nəticə sayıla bilməz.

 

- Gəlin bir qədər heyət barədə danışaq. SOCAR-da çıxış edən şahmatçıların oyunundan razı qaldınız?

- Əfsuslar olsun ki, Aniş Giri və Fabiano Karuanadan onların səviyyələrinə uyğun parlaq oyun görmədik. Yəqin buna səbəb onların yorğunluğudu. Bəlkə də, Avropa Kuboku şahmatçıların təqvimində onlar üçün o qədər vacib yer tutmur. Veselin Topalov bir partiyanı çıxmaq şərtilə bütün oyunlarda yüksək səviyyəsinə uyğun çıxış etdi. Məncə, kapitan 5-ci turdakı prinsipial görüşü nəzərə almalı idi. Veselin Topalovla Vladimir Kramnikin görüşlərinin prinsipial olması hamıya məlumdu. Bu görüşdə ağ fiqurların üstünlüyü çox yüksək olur. Topalov özü kapitandan xahiş etməli idi ki, həmin görüşdə iştirak etməsin. Teymur Rəcəbov yaxşı mübarizə apardı. Maykl Adams qələbəyə yaxın olan və ya qələbə görsənməyən partiyalarda gözəl nəticələr qazandı. Turnir zamanı komandaya çox kömək etdi. Ona böyük minnətdarlığımızı bildiririk. Adamsın oyununa heyran oldum. Şəhriyar Məmmədyarov öz səviyyəsindən bir qədər aşağı çıxış etdi. Rauf Məmmədovla Eltac Səfərlinin oyununda qeyri-adi parıltı görmədim.

 

- SOCAR 6 ildi Avropa Kuboklarında superklub kimi rəqib tanımır. Bu il güclü şahmatçılardan formalaşan güclü “Sibir” klubu yarandı. Demək olar ki, məhz bizim komandamızın hegemonluğuna son qoymaq üçün yaradıldı?

- “Sibir”in çox güclü sponsoru var – “Sibirbank”. Rusiya Federasiyasında “Sibirbank” ən böyük bankdı. Rusiya böyük şahmat potensialı, tarixi və güclü klub ənənəsi İlə hər zaman fərqlənib. Belə böyük şahmat ənənəsi olan Rusiya “SOCAR-Azərbaycan”ın qələbələrinə biganə qala bilməzdi. Onlar cavab verdilər, bu layiqli cavab oldu.

 

- Avropa Kubokunda Azərbaycanı təmsil edən digər komandamız “Odlar Yurdu”nun çıxışı haqda nə düşünürsünüz?

- Avropa Kubokunda üçüncü dəfə çıxış edən “Odlar Yurdu”nun çıxışını uğurlu saymaq olar. Bu klubun yaranması haqda qərarı Emil Sutovski ilə müzakirələrdən sonra qəbul etdik. Məqsəd gənc və milli komandaya namizəd şahmatçılarımızı bir klubda cəmləşdirərək, onların təcrübə qazanmalarına yardımçı olmaq idi. Oynadıqları bütün illərdə böyük əzmkarlıq göstərdilər. Ötən il hətta 5-ci olmuşdular. Bu klubla bağlı məqsədimizə çatdıq. Hər hansı bir şahmatçı tərəfindən tamamilə uğursuzluq olmadı. “Odlar Yurdu” hər zaman mübarizə əzmi ilə seçilib, bir ailə kimi çıxış edib. Lazım olanda SOCAR-ın rəqiblərinə problem yaradıblar. İstənilən rəqiblə sona qədər mübarizə aparıblar. Bu çempionat onlar üçün bəxtsiz oldu. Bildiyiniz kimi, yarış zamanı püşkatma ilə bağlı problem yaşandı və bu, “Odlar Yurdu”nun əleyhinə işlədi.

 

- Uzun müddətdi mötəbər şahmat yarışlarının təşkilatçılığına rəhbərlik edirsiniz. Müasir dövrdə Avropa Kuboku kimi səviyyəli yarışda püşkün əllə atılması nə dərəcədə düzgündü?

- Mənim üçün bu, tamamilə gözlənilməz və təəccüblüdü. Bu barədə Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşviliyə mövqeyimizi bildirəcəyik. Məsələyə aydınlıq gətirmək lazımdı. Əgər gələcəkdə milliyyətindən asılı olmayaraq hər hansı bir hakim əllə püşkü normal qəbul edəcəksə, biz həmin yarışda iştirak etməyəcəyik. Ümumiyyətlə, Avropa Şahmat İttifaqı əllə püşkün keçirilməsini düzgün hesab edirsə, biz buna sərt şəkildə münasibətimizi bildirəcəyik. Püşkatmadan ən böyük zərbə “Odlar Yurdu”na dəydi. Nisbətən uyğun rəqib düşsəydi, komandamız hətta 5-ci yerə qədər yüksələ bilərdi. Kapitan kimi Emil Sutovski bu məsələ ilə bağlı müraciət edəcək. Ümid edirik ki, münasibət bildiriləcək və günahkar varsa cəzalandırılacaq.

 

- Noyabrın 12-də İslandiyanın paytaxtı Reykyavikdə milli komandalar arasında Avropa çempionatına start veriləcək. Azərbaycan yığmasının qarşısına hansı hədəf qoyulub?

- Qitə birinciliyi ərəfəsində şahmatçılarımız təlim-məşq toplanışında iştirak edəcəklər. Hazırlıq yaxın günlərdə başlayacaq və Avropa çempionatının startına qədər davam edəcək. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması psixoloji yükü hiss edir. Millimiz son Avropa çempionatının qalibidi. Sözsüz ki, komandamız yarışda titulunu qorumaq uğrunda mübarizə aparacaq. Ümid edirəm ki, millimiz məqsədinə nail olacaq. Yığmanın yeni üzvü Arkadi Naydiç bu işdə şahmatçılarımıza kömək edəcək. Qadın şahmatçılardan isə əzmkar mübarizə gözləyirik.

 

- Siz eyni zamanda Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru kimi mötəbər yarışın keçirilməsinə rəhbərlik edirsiniz. Şahmat Olimpiadası ilə bağlı hansı yeniliklər var?

- Bakıda keçirilən Dünya Kuboku başa çatandan bir gün sonra artıq Şahmat Olimpiadası haqda düşünməyə başladıq. Hətta Dünya Kuboku günlərində olimpiada ilə əlaqədar FİDE rəsmiləri ilə vacib görüşlərimiz oldu. Bu dəqiqə iş sürətlə davam edir. Olimpiadanın miqyası, iştirakçıların sayı, məsuliyyəti qarşıdan gələn 9-10 ayın o qədər çox müddət olmadığını göstərir. Biz çalışacağıq ki, Bakıdakı yarış tarixdə ən yaxşı Şahmat Olimpiadası kimi qalsın.

 

0