[b]Kristina Yovu millimizdən imtina etdi: Azərbaycana qayıtmaq fikrim yoxdu[/b]
06.11.2015 - 15:39
[b]Kristina Yovu millimizdən imtina etdi: Azərbaycana qayıtmaq fikrim yoxdu[/b]

“Bir aya yaxındı Kişinyovda məşq edirəm. Azərbaycana qayıtmaq fikrim yoxdu”. Apasport.az saytının məlumatına görə, bunu Moldova mətbuatına Azərbaycan millisinin ağırlıqqaldıranı Kristina Yovu deyib.

 

2013-cü ildə Moldova yığmasından imtina edərək, Azərbaycana gələn xanım atlet yenidən ölkəsinə qayıtmaqda iddialıdı. Onun sözlərinə görə, əsas məqsədi 2016-cı ildə baş tutacaq Rio Yay Olimpiya Oyunlarında öz ölkəsinin şərəfini qorumaqdı: “Əsas problem maliyyədi. Azərbaycan Ağır Atletika Federasiyası ilə razılığa gələ bilmədim. Rio Olimpiadasına vəsiqə qazanmaq istəyirəm. Vəziyyətimdən asılı olmayaraq, bunun üçün çalışacam”.

 

Yığmamızın heyətində dopinqdə “ilişmiş” 18 idmançı arasında olan Kristina Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) ilə hansısa bağlılığının qalmadığını vurğulayıb. O bildirib ki, 2 illik diskvalifikasiya müddəti iyunda bitdiyindən Moldova yığmasında çıxış etmək şansı yüksəkdi: “Azərbaycan tərəfi ilə heç bir müqaviləm yoxdu. Mən sərbəstəm. Moldovada hamı deyir ki, yalnız Azərbaycanın şərəfini qoruya bilərəm. Onların nəzərinə çatdırmaq istəyirəm ki, bu ölkə ilə müqaviləm yoxdu. Baxmayaraq ki, Azərbaycan tərəfi də bunun əksini iddia edir”.

 

O, noyabrın 19-28-də ABŞ-ın Hyuston şəhərində keçiriləcək dünya çempionatına qatılmaq fikrində də deyil. AAAF-ın Yovunu sifariş etməsinə də münasibət bildirən ağırlıqqaldıran bildirib ki, bu, mümkünsüzdü: “Çünki mən mundialda iştirak etmək niyyətində deyiləm”.

 

Moldovalı həmkarlarımız Milli Olimpiya Komitəsi də bu məsələyə aydınlıq gətiriblər. Qurumun prezidenti Nikolay Juravski Yovunun tezliklə sabiq yığmasına qayıtmaq istəyinin reallaşacağına ümid bağlamadığını vurğulayıb: “Onun 2016-cı ildə ölkəmizin şərəfini qoruması mümkün deyil. Çünki müvafiq Əsasnamə var. Olimpiya Xartiyasının 41-ci maddəsi istədiyin vaxt istədiyin yerə gedib-gəlmək imkanı vermir. Yovunun Azərbaycanla müqaviləsi var. İnanmıram ki, ona Olimpiadada bizim ölkənin şərəfini qorumağa icazə versinlər. Bu məsələdə onun şansı çox azdı”.

 

0