[b]“Karşıyaka”da maliyyə problemi: Kamran Ağayev pulunu istəyir[/b]
24.11.2015 - 09:54
[b]“Karşıyaka”da maliyyə problemi: Kamran Ağayev pulunu istəyir[/b]

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev klubu “Karşıyaka” ilə yollarını gələn ay ayıra bilər. Apasport.az-ın “yeniasir.com.tr” saytına istinadən məlumatına görə, buna səbəb Türkiyə PTT I liqasının təmsilçisində maliyyə probleminin baş qaldırmasıdı.

 

Ciddi böhran yaşayan “Karşıyaka”nın voleybol komandası artıq fəaliyyətini dayandırmaq üzrədi. Bu problem hətta futbol komandasına da sirayət edib.

 

Təsadüfi deyil ki, futbolçular 3 aya yaxındı maaş almırlar. Bu isə heyətdəki əcnəbilərin komandadan ayrılmasını gündəmə gətirib. Həmin futbolçular isə Kamran Ağayevlə yanaşı, İqor Duriç (Serbiya), sabiq “İnter”li Aleksandr Amisulaşvili (Gürcüstan), Seniyad İbriçiç (Bosniya və Herseqovina) və Djibi Falldı (Seneqal).

 

Həmin futbolçuların müqaviləsində belə bir bənd var ki, onlar 3 ay maaş almasalar, avtomatik azad agent statusu daşıyacaqlar. Sentyabr və oktyabrın maaşını almayan əcnəbilərə dekabrın 1-dək ödəmə edilməsə, onlar komandanı tərk etmək qərarına gələ bilərlər. Çünki futbolçular rəhbərlikdən artıq pullarını tələb ediblər.

 

Bu 5 futbolçunun ümumi alacağı isə 3,7 milyon lirədi. Lakin bir həftə ərzində pulların verilməsi gözlənilmir. Çünki rəhbərliyin son iclasında məlum olub ki, futbolçuların maaşlarının ödənilməsi hələlik mümkün deyil.

 

“Karşıyaka”da maliyyə durumunun düzəlməsi üçün cəmi bir yol var. O da klub prezidenti Ali Ərtənin istefa verməsi. Çünki futbol komandasının sponsoru olan Ərdal Acar yalnız prezidentin vəzifəsindən gedəcəyi təqdirdə bütün borcları bağlayacağına söz verib.

 

Qeyd edək ki, Kamran Ağayev “Karşıyaka”ya mövsümlərarası fasilədə “Kayserispor”dan keçmişdi. PTT I liqasında 12 turdan sonra aktivində 12 xal olan “kaf-kaf” turnir cədvəlində 15-ci pillədə qərarlaşır.

 

0