[b]Ermin Zets: Belə vəziyyətdə oynamaq mümkün deyil - MÜSAHİBƏ[/b]
25.11.2015 - 15:44
[b]Ermin Zets: Belə vəziyyətdə oynamaq mümkün deyil - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin bosniyalı hücumçusu Ermin Zetsin apasport.az saytına müsahibəsi

 

- Avroliqanın qrup mərhələsi çərçivəsində sabah PAOK-la qarşılaşacaqsız. “Qəbələ”nin bu görüşdəki şanslarını necə qiymətləndirirsiz?

- Çox ağır oyun olacaq. Amma qələbə qazanmaq üçün yaxşı şansımız var. İlk növbədə, xarakter göstərməliyik. Bakıdakı görüşdə PAOK-la başabaş oynamışdıq. Düşünürəm ki, bu dəfə də elə olacaq.

 

- Yunan azarkeşlər öz çılğınlıqları ilə seçilirlər. Bu, sizi qorxutmur ki?

- Məncə, stadionda yaxşı atmosfer olacaq. PAOK-un azarkeşlərinin öz komandalarına əla dəstək olduqlarını bilirik. Amma ilk dəfə deyil ki, güclü azarkeş təzyiqi altında oynayacağıq. “Panatinaikos”, həmçinin “Borussiya” ilə görüşlərdə də bunu müşahidə etmişdik. Onlarla oyunda da stadiona çoxlu azarkeşlər gəlmişdilər və öz komandalarını sona qədər dəstəkləyirdilər.

 

- Son vaxtlar zədə səbəbindən əsas heyətdəki yerinizi itirmisiz. Yenidən baş məşqçinin inamını qazanmaq çətin olmayacaq?

- Zədə almışdım və bu səbəbdən 3 həftə yaşıl meydanlardan kənarda qaldım. Təbii ki, belə vəziyyətdə oynamaq mümkün deyil. Buna görə də, əsas heyətdəki yerimi itirdim. İnanıram ki, baş məşqçinin etimadını yenidən qazana biləcəm.

 

- “Qəbələ”nin qrupdan çıxmaq şansı az da olsa, qalmaqdadı. Necə düşünürsüz, komanda bu şansdan yararlana biləcəkmi?

- (Gülür). Düzdü, şansımız qalır. Amma bunun üçün həm PAOK, həm də “Krasnodar”la görüşdə qələbə qazanmaq lazımdı. Başqa cür istəyimizə çatmağımız mümkün deyil.

 

- Azərbaycan çempionatının cari mövsümündəki çıxışınız haqda nə deyə bilərsiz? Çempionluq mübarizəsində “Qarabağ”ı üstələyəcəyiniz hazırkı məqamda inandırıcı görünmür...

- Çempion olacağımıza inanıram. Komandanın bütün üzvlərində bu inamı hiss edirəm. Düzdü, son oyunlarda lazım olan nəticəni qazana bilmirik. Amma çempionatın sonuna hələ çox var. Odu ki, mövsümü birinci pillədə bitirmək şansımız qalmaqdadı. Son görüşlərdə qol vurmaq missiyasının öhdəsindən tam gələ bilmədiyimiz üçün heç-heçələrlə kifayətləndik.

 

- Sabiq komandanız “Balıkesirspor”la aranızda pul problemi olmuşdu? Türkiyə klubu borcunuzu qaytardımı?

- (Gülür). Bəli, aramızda belə bir problem olub. Hələ ki, pulumu almamışam. Amma FİFA-ya şikayət məktubu yazmışam və hazırda cavab gözləyirəm.

 

Tengiz MƏMMƏDOV / Saloniki

 

 

 

0