[b]Arif Daşdəmirov: Bizə cəmi 1 qələbə lazımdı - MÜSAHİBƏ[/b]
25.11.2015 - 18:10
[b]Arif Daşdəmirov: Bizə cəmi 1 qələbə lazımdı - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi

 

- “Qəbələ”  ölkə çempionatının son 5 turunda qələbəyə həsrət qalıb. Komandanız fiziki, taktiki, yoxsa psixoloji cəhətdən problemlə üzləşib?

- Bir problemimiz var ki, qələbə qazana bilmirik. Oyun mənasında hər şey qaydasındadı, çoxlu qol vəziyyətləri yaradırıq. Amma epizodları maksimum dəyərləndirə bilmirik. Cüzi nəsə çatışmır. Hücumlar zamanı son ötürməni verməkdə, son nöqtəni qoymaqda çətinlik çəkirik.

 

- Sözlərinizdən belə çıxır ki, komandanın əsas problemi hücum xətti ilə bağlıdı...

- Əslində, hücum qurmaqda problemimiz yoxdu. Qol epizodları yaradırıq, qollar da vururuq. Amma epizodlardan maksimum yararlanmaq lazımdı. Neçə oyundu qələbə qazana bilmirik. 1 görüşdə qalib gələ bilsək, “uğursuzluq zolağı”ndan çıxacağıq. Bizə cəmi 1 qələbə lazımdı.

 

- Sabah Avroliqanın qrup mərhələsində PAOK-la qarşılaşaqsız. Bakıdakı görüşdə qol səsi çıxmamışdı. Necə düşünürsüz, Salonikidən qələbə ilə ayrılmağı bacaracaqsızmı?

- Şanslar bərabərdi. Son vaxtlar PAOK-un da işləri qaydasında getmir. Bundan istifadə etməliyik. Üstəlik, digər görüşdə “Borussiya” “Krasnodar”a qalib gəlsə, bizim PAOK üzərindəki qalibiyyətimiz böyük önəm kəsb edəcək. Çünki elə olacağı təqdirdə, qrupdan çıxmaq şansımızı saxlayacağıq. Amma ilk növbədə, Salonikidən 3 xalla ayrılmalıyıq. “Krasnodar”la son turdakı görüşü sonra düşünmək olar. Əlimizə düşən ən kiçik imkandan belə yararlanmaq lazımdı. Sabahkı görüşə əsas heyətdə çıxacaq hər bir futbolçu meydanda bütün gücünü qoymalıdı. “Qəbələ”nin bura qədər təsadüf nəticəsində gəlmədiyini bir daha isbatlamalıyıq. Heç də hər il Avroliqanın qrup mərhələsində oynamırsan. Bu məsuliyyəti dərk edirik.

 

- İndiki məqamda Avroliqada qrupdan çıxmaq barədə daha çox düşünürsüz, yoxsa əsas gücü ölkə çempionatına qoymaq?

- Təslim olmaq olmaz. Bəli, mən də başa düşürəm ki, Avroliqada qrupdan çıxmaq şansımız azdı. Çempionatda son turlarda qələbə qazanmalı olduğumuz oyunlarda heç-heçə edirik. AZAL-la görüşdə vurduğumuz qolu hakim hesaba almadı. Digər matçlarda da çətinliklə üzləşdik. Heç-heçələr işimizi bir qədər də qəlizləşdirdi.

 

- Bəziləri “Qəbələ”nin Azərbaycan çempionatındakı rəqiblərini lazımınca qiymətləndirmədiyini və məhz bu səbəbdən xal itkilərinə yol verdiyini düşünür...

- Belə şeydən söhbət gedə bilməz. Çempionatın növbəti turunda “Rəvan”la qarşılaşacağıq. Heç kim deyə bilməz ki, “Rəvan”la oyun bizim üçün asan keçəcək. Bu komanda son 2 görüşündə qələbə qazanıb. Biz “Zirə” ilə heç-heçə oynasaq da, “Rəvan” onlara qalib gəlməyi bacardı. Bu ondan xəbər verir ki, rəqibimiz heç də zəif deyil. 

 

- İstənilən halda, Azərbaycan çempionatının cari mövsümündə rəqabət azalıb...

- Bəli, keçən mövsüm daha güclü rəqabət var idi. Cari mövsümdə hadisələrin bu cür cərəyan etməsi başadüşüləndi. Əksər klublar maddi cəhətdən böhrana məruz qaldılar. Amma buna rəğmən, əllərindən gələni edirlər. Sabiq komandam “İnter” yenə iddialı yerlər uğrunda mübarizə aparır. Bizi qabaqladılar və hazırda turnir cədvəlində ikinci yerdə qərarlaşıblar. Zaur Svanadze yaxşı komanda yaradıb. Büdcələri az olsa da, sona qədər “döyüşür”lər. Sevindirici haldı ki, birinci diviziondan gələn komandalar da özlərini yaxşı tərəfdən göstərirlər. Çempionluq uğrunda rəqabət azalsa da, hər komanda digərini büdrətmək gücündədi. Qış fasiləsindən sonra bütün diqqətimizi ölkə çempionatına yönəldəcəyik.

 

- Lider “Qarabağ”dan artıq 9 xal geridəsiz. Bu xal fərqini aradan qaldırmaq mümkün olacaqmı?

- Biz çempion olmaq istəyirik. Bunun üçün isə “Qarabağ”ı qabaqlamalıyıq. Onları çox irəli buraxmışıq. Amma daha da irəli buraxmaq olmaz. Əks təqdirdə, sonra gec olacaq. İnşallah, xal fərqini aradan qadırarıq.

 

Tengiz MƏMMƏDOV / Saloniki 

0