[b]"Yunanıstandan 3 xalla qayıtmaq çətindi" - Rəşad Sadiqov[/b]
26.11.2015 - 10:41
[b]"Yunanıstandan 3 xalla qayıtmaq çətindi" - Rəşad Sadiqov[/b]

“PAOK-la oyun bizim üçün çox vacibdi. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin təcrübəli futbolçusu Rəşad Sadiqov deyib.

 

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” qrup mərhələsinin 5-ci turu çərçivəsində bu gün PAOK-un qonağı olacaq.

 

Bu görüşlə bağlı fikirlərini bölüşən Sadiqov əvvəlcə son oyunlardakı uğursuz çıxışa toxunub: “Çempionatın son turlarında qələbəyə həsrət qalmışıq. Xal itkilərinə yol veririk və bu səbəbdən “Qarabağ”la aramızdakı xal fərqi artıq 9-a çatıb. Lakin indiki məqamda bizi daha çox PAOK-la görüş maraqlandırır. Çempionatdakı uğursuz matçlarımıza baxmayaraq, PAOK-la oyunöncəsi əhval-ruhiyyə yerindədi. Hamı bu görüşə köklənib”.

 

Sadiqov “Qəbələ” və PAOK-un hazırkı vəziyyətlərinin oxşar olduğunu qeyd edib: “Bizim kimi, PAOK-un da son vaxtlar işləri yaxşı getmir. Bundan xəbərimiz var. Onlar da bizim eyni vəziyyətlə üzləşdiyimizi bilirlər. Odu ki, hər iki komanda meydana qələbə qazanmaq məqsədilə çıxacaq. Matç bizim üçün asan keçməyəcək. Üstəlik, rəqibin heyətində təhlükəli futbolçular çoxdu. Onlara qarşı diqqətli oynamalıyıq”.

 

32 yaşlı yarımmüdafiəçi rəqibin azarkeş təzyiqindən çəkinmir: “Hamımız təcrübəli futbolçularıq. Bu vaxta qədər beynəlxalq səviyyəli çox oyunlar keçirmişik. Odu ki, güclü azarkeş təzyiqi qarşısında oynamaq bizi qorxutmamalıdı. Əksinə, futbolçular meydana daha motivasiyalı çıxmalıdılar. Mərhələ adlamaq şansımızı saxlamaq istəyiriksə, qələbə qazanmalıyıq. Yunanıstandan 3 xalla qayıtmaq çətindi, amma mümkünsüz deyil. Təbii ki, “Krasnodar” – “Borussiya” görüşünün nəticəsi də bizim üçün önəmlidi. Həmin oyunda qeydə alınacaq nəticədən asılı olaraq, vəziyyətimiz dəyişə bilər. Qısası, qrupdan çıxmaq üçün son şansımızdı”.

 

Qeyd edək ki, bu gün “Tumba” stadionunda keçiriləcək PAOK – “Qəbələ” Bakı vaxtı ilə 00:05-da start götürəcək.

 

Tengiz MƏMMƏDOV / Saloniki

 

0