[b]Harri Keyn “Qarabağ”la oyunu buraxacaq?[/b]
26.11.2015 - 10:45
[b]Harri Keyn “Qarabağ”la oyunu buraxacaq?[/b]

“Tottenhem”in daha bir aparıcı futbolçusu “Qarabağ”la matçda iştirak etməyə bilər. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün baş tutacaq qarşılaşmada Harri Keynin meydançaya çıxması gözlənilmir.

 

Nabil Bentaleb, Naser Çadli, Aleks Pritkard, Erik Lamela, Danni Rouz, Keyl Uolker və Musa Dembeleni İngiltərədə saxlayan baş məşqçi Maurisio Poçettino Bakıya 21 oyunçu gətirib. Lakin argentinalı mütəxəssisin əsas diqqəti noyabrın 29-da “Çelsi”yə qarşı keçiriləcək London derbisinə yönəlib.

 

Poçettino məhz bu üzdən daha bir neçə əsas heyət üzvünə bu gün şans verməyə bilər. İngilis həmkarlarımızın bildirdiyinə görə, o, xüsusən də, Harri Keyni qorumaq qərarına gəlib. “Şpor”lılarda Hun-Min Sonun start heyətində meydançaya çıxması və hücumçu qismində çıxış etməsi gözlənilir. Keynlə bağlı qərar isə matçın gedişinə görə veriləcək.

 

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tottenhem” oyunu saat 22:00-da başlayacaq.

0