[b]“İki “cəbhədə” oynamaq “Qəbələ”nin işini çətinləşdirdi” [/b]
26.11.2015 - 13:02
[b]“İki “cəbhədə” oynamaq “Qəbələ”nin işini çətinləşdirdi” [/b]

“Qəbələ”nin rumıniyalı yarımmüdafiəçisi George Floreskunun apasport.az saytına müsahibəsi

 

- Əsas heyətdə nadir hallarda yer alırsız. Sabahkı görüşə tam hazırsızmı?

- Çoxdan oynamağa hazıram. Amma əsas heyəti baş məşqçi müəyyənləşdirir. Odu ki, meydana kimləri buraxmağa o, qərar verir.

 

- Roman Qriqorçukdan sizə az şans verməsinin səbəbini soruşmusuzmu?

- Xeyr. Onun bütün qərarlarına hörmətlə yanaşmaq lazımdı. Çünki Qriqorçuk bu komandanın baş məşqçisidi və nəticəyə də özü cavabdehdi. Prinsipcə, bu il yaxşı nəticələrimiz oldu. Avroliqanın qrup mərhələsinə düşməyi nəzərdə tuturam. Razılaşın ki, bu, böyük uğurdu. Azərbaycan çempionatında isə son vaxtlar nəticələr istədiyimiz kimi deyil. Amma oyunları yaxşı keçiririk və çoxunda qələbəyə yaxın oluruq.

 

- Bəs xal itkilərinə nə səbəb olur?

- Bir çox oyunda yaxşı təsir bağışlamağımıza rəğmən, xal itkisi ilə üzləşdik. Qol vurmaqda çətinlik çəkirik. Bununla əsas problemin hücum xəttində olduğunu demək istəmirəm. Bəlkə də, son turlarda bu cür çıxış etməyimiz yorğunluqla bağlıdı.

 

- Sözlərinizdən belə çıxır ki, “Qəbələ”nin hər iki “cəbhədə” oynamağa gücü çatmır?

- İki “cəbhə”də mübarizə aparmaq yorğunluq yaradır. “Qəbələ” ilk dəfədi ki, həm çempionatda, həm də Avrokubokda çıxış edir. Komandanın əvvəllər belə bir təcrübəsi olmamışdı. Buna görə də, hər iki tərəfdə eyni güclə oynamağın öhdəsindən gəlməyi hələ ki, tam bacarmırıq.

 

- PAOK-la bugünkü görüşdə komandanızın şanslarını necə qiymətləndirirsiz?

- Səfərdə oynamağımıza baxmayaraq, qələbə qazana bilərik. Çünki PAOK hazırda heç də ideal formada deyil, yaxşı günlərini yaşamır. Onların son 3-4 görüşünə baxdıq, təhlil etdik. Rəqib bizimlə eyni səviyyədədi. Bu onu deməyə əsas verir ki, Salonikidən qələbə ilə ayrılmaq şansımız realdı. Baş məşqçinin əsas heyətdə kimlərə şans verəcəyini bilmirəm. Əgər məni meydana buraxsa, komandanın qələbə qazanması üçün əlimdən gələni edəcəm.

 

- “Qəbələ”nin qrupdan çıxmaq şansına nə dərəcədə inanırsız?

- Qrupda bu vaxta qədər 4 oyun keçirmişik və cəmi 1 xal toplaya bilmişik. Bu mənada, qrupdan çıxmaq şansımız azdı. Çətindi, çox çətindi. Amma yenə də sona qədər mübarizə aparmaq, döyüşmək lazımdı. Əgər son 2 görüşdə qələbə qazansaq və “Borussiya” səfərdə “Krasnodar”a qalib gəlsə, qrupdan çıxa bilərik. İrəli addım atmaq lazımdı.

 

- Azərbaycan çempionatındakı vəziyyətinizlə bağlı nə deyə bilərsiz? Lider “Qarabağ”la 9 xallıq fərqi aradan qaldıra biləcəksizmi?

- 9 xallıq fərq böyük fərq deməkdi. Buna baxmayaraq, öz gücümüzə inanmalı, ruhdan düşməməliyik. Görünür, iki “cəbhədə” oynamaq “Qəbələ”nin işini çətinləşdirdi. Prinsipcə, Azərbaycan çempionatına yaxşı başladıq. Ancaq sonradan xal itkilərinə məruz qaldıq.

 

- “Qəbələ” ilə müqaviləniz qışda başa çatır. Heyətə az-az düşdüyünüzü nəzərə alsaq, yanvarda komandadan ayrılmaq ehtimalınız nə dərəcədədi? Yəqin ki, klub rəhbərliyi tərəfindən sizə yeni müqavilə təklif edilməyib...

- Elədi, klub rəhbərliyi bu barədə mənimlə danışmayıb. Komandada qalmağımı istəyib-istəmədiklərini bilmirəm. “Qəbələ” ilə müqaviləm var və sözləşməmin sonuna qədər burda qalacam. Əgər müqaviləmin müddətini uzatmaq istəməsələr, başqa variatları dəyərləndirəcəm.

 

- Başqa klublardan təkliflər almısız?

- Əlbəttə. Peşəkar futbolçuyam, karyerama davam edəcəm. 31 yaşım var və özümdə güc hiss edirəm. Gələcəyim barədə düşünürəm. Bəzi klublarla danışığımız olub. Aralarında Rumıniya təmsilçiləri də var. Hələ bu barədə danışmaq istəmirəm. Çünki hazırda “Qəbələ”nin futbolçusuyam. Sözləşməm bitəndən sonra gələcək karyeramla bağlı qərar verəcəm.

 

Tengiz MƏMMƏDOV / Saloniki

 

0