[b]Rəşad Sadiqov: Bunu bir “Rusenborq” bacarmışdı, bir də biz - MÜSAHİBƏ[/b]
27.11.2015 - 09:42
[b]Rəşad Sadiqov: Bunu bir “Rusenborq” bacarmışdı, bir də biz - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin kapitanı Rəşad Sadiqov Avropa Liqasının qrup mərhələsi çərçivəsində PAOK-la səfər görüşündən (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Apasport.az saytının əməkdaşının da iştirak etdiyi müsahibədə təcrübəli yarımmüdafiəçi matçla bağlı fikirlərini bölüşüb.

 

- Rəqibdən çəkinmədən oynadıq. Səfərdə PAOK-la heç-heçə pis nəticə deyil. Qrupda qazanılan hər bir xal dəyərlidi. Rəqib meydanında məğlub olmamağı ənənə halına çevirsək, daha yaxşı olar. Pis oynamadıq. Sadəcə, bəzi epizodlardan lazımınca yararlanıb, qol vura bilmədik. Sonuncu dəqiqədə də yaxşı epizodumuz oldu, amma bəxtimiz gətirmədi.

 

- Zədələndiyiniz üçün matçın sonlarında əvəzlənməli oldunuz...

- 10 gün idi ki, komanda ilə birgə məşq etmirdim. Zədələnmişdim, belimdə ağrılar var idi. Son 10 gündə müalicə alırdım. Cəmi 2 gün məşq etdikdən sonra meydançaya çıxdım. Matçın gedişində bir balaca ağrı hiss etdim. Buna görə də, əvəzlənməyimi özüm istədim.

 

- “Qəbələ”nin qrupda qalmasının səbəbi nə oldu?

- Komanda birinci dəfə idi ki, Avroliqanın qrup mərhələsində iştirak edirdi. Bunun özü də “Qəbələ” üçün uğur sayılmalıdı. Özü də 4 mərhələ adlayıb, qrup mərhələsinə vəsiqə qazanmışdıq. Bunu bir “Rusenborq” bacarmışdı, bir də biz. İlk mərhələdən başlayıb qrupa düşmək, doğrudan da, böyük nəticədi. Avrokuboklarda təcrübəsiz komandayıq. Bundan əlavə, qrupdakı rəqiblərimiz də güclü idi. Amma yenə də layiqli mübarizə apardıq. Qrupda qalsaq da, komanda gələcək üçün yaxşı təcrübə topladı.

 

- Razısız ki, PAOK-la hər iki oyunda, həmçinin “Krasnodar”la matçda itirilən xallar olmasaydı, bəlkə də qrupdan çıxmaq uğrunda mübarizənizi davam etdirmiş olacaqdınız...

- Bu oyundan öncə də fikirləşirdik ki, “Krasnodar”la heç-heçə etsəydik, PAOK-u öz meydanımızda udsaydıq, xalımız daha çox olardı. PAOK-la ev oyunumuzda da yaxşı təsir bağışlamışdıq, çoxlu qol imkanlarımız olmuşdu. Hətta deyərdim ki, “Borussiya”ya da öz meydanımızda qalib gələ bilərdik. Həmin matçın əvvəllərində 3 qol imkanı əldə etmişdik. Futboldu da, alınmadı.

 

- Yəqin ki, bundan sonra diqqətinizi tamamilə ölkə çempionatına yönəldəcəksiz...

- Bəli, diqqətimizi çempionata yönəldəcəyik. Amma Avropa Liqasında da “Krasnodar”la ev oyunumuz qalır.

 

- “Krasnodar”la görüşə qələbə üçün çıxacaqsız?

- Çalışacağıq ki, qrup oyunlarını 3 xalla tamamlayaq. Rəqib əsas heyətlə oynasa belə, onlara qarşı var gücümüzlə mübarizə aparacağıq. Canımızı meydanda qoyacağıq ki, qələbə qazanaq.

0