[b]“Topu itirməkdənsə, qapıya zərbə vurmaq yaxşıdı” - Vaqif Cavadov[/b]
27.11.2015 - 11:16
[b]“Topu itirməkdənsə, qapıya zərbə vurmaq yaxşıdı” - Vaqif Cavadov[/b]

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində Salonikidən PAOK-la qolsuz bərabərliyə qalan “Qəbələ” klubunun futbolçusu Vaqif Cavadov qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Matçla bağlı fikirləriniz…

- Oyun çox yaxşı keçdi. Demək olar ki, bizim üstünlüyümüz var idi. Həm birinci, həm də ikinci hissədə yaxşı futbol nümayiş etdirdik. Qol epizodlarımız da yetərincə oldu. Sadəcə, epizodlardan istifadə edə bilmədik. Qalib gələ bilərdik. Bu cür oyuna görə komandamızı təbrik etmək olar.

 

- Meydana ikinci hissədə daxil olanda baş məşqçi Roman Qriqorçuk sizə konkret hansı tapşırığı verdi?

- Tapşırığı o idi ki, komandaya həm hücumda, həm də müdafiədə kömək edim. Mən də bunu bacarmaq üçün əlimdən gələni etdim.

 

- Necə düşünürsüz, baş məşqçinin sizə verdiyi tapşırığın öhdəsindən gələ bildizmi?

- Onu baş məşqçidən soruşssanız, daha yaxşı olar. Mən “Qəbələ”yə gələndən özümü oynamağa hazır hiss etmişəm. Düzdü, bu, baş məşqçinin səlahiyyətində olan işdi. Bu məsələ ilə bağlı nəsə demək düzgün olmaz. Çalışıram ki, hər dəqiqə oynamağa hazır olum. O ki qaldı meydana start heyətində çıxıb-çıxmamağıma, bu, baş məşqçinin işidi. Ancaq istəyərdim ki, hər oyuna çıxanda hazır vəziyyətdə olum ki, öz adım var, onu qoruyub-saxlayım. Üstəlik, komandama da xeyir vermək istəyirəm.

 

- Son dəqiqədə əks-hücuma atıldız. Sağ və sol cinahda komanda yoldaşlarınız olsa da, məsuliyyəti öz üzərinə götürüb qapıya zərbə endirdiniz. Halbuki, həmin epizodda daha doğru qərar qəbul etmək olardı...

- Açığı, komanda yoldaşlarımı gördüm. Mənim qol vurmaq imkanım olsa da belə, çox vaxt ötürmə verirəm. Amma son dəqiqələr idi və rəqib geriyə çəkilirdi deyə, topu itirməkdənsə, məsuliyyəti üzərimə alıb qapıya zərbə endirdim. Qapıya zərbə vurmaq yaxşıdı. Komanda qapıya nə qədər çox zərbə vursa, o qədər də qol vurmaq ehtimalı çoxalır.

 

- Matçdan öncə “Krasnodar” və “Borussiya”nın qrupdan çıxmaq məsələsi həllini tapmışdı. Bu, sizin PAOK-la görüşünüzə motivasiyanın azalması baxımından təsir etdimi?

- Əlbəttə ki, bizim oyunumuza təsir etməyə bilməzdi. Hər iki komanda qalib gəlmək istəyirdi. Xüsusən də, biz evə 3 xalla qayıtmağı çox istəyirdik. Yaxşı olardı ki, “Borussiya” “Krasnodar”a qalib gələrdi və qrupdan çıxmaq şanslarımızı saxlayardıq. Oyundan qabaq da bundan xəbərimiz olacaqdı. Matça çıxanda bildik ki, “Krasnodar” qalib gəlib. Buna baxmayaraq, PAOK-a qalib gəlmək istəyirdik. Məncə, 1 xal da pis nəticə deyil. Çalışacağıq ki, Bakıda “Krasnodar”ı məğlub edək.

 

0