[b]“Qarabağ”: 9 variantdan ikisi...[/b]
27.11.2015 - 11:36
[b]“Qarabağ”: 9 variantdan ikisi...[/b]

Avropa Liqasının V turunda “Tottenhem”ə (İngiltərə) 0:1 hesabı ilə uduzan “Qarabağ” 1/16 finala yüksəlmək üçün nəzəri şanslarını qoruyur. Apasport.az saytının məlumatına görə, 4 xalla qrup sonuncusu olan Azərbaycan çempionunun mərhələ keçməsi üçün son turun hər iki oyununda münasib nəticə qeydə alınmalıdı.

 

Bu münasib nəticələr də 9 mümkün variantdan yalnız ikisində mümkündü. İlk növbədə “Qarabağ”ın özü qalib gəlməlidi. Təmsilçimiz hazırda qrupda 2-ci olan “Anderlext”i Bakıda olduğu kimi, səfərdəki son matçda da məğlub etməlidi.

 

Dekabrın 10-da Belçikanın ən titullu klubunu məğlub edəcəyi halda, təmsilçimiz xal hesabını brüssellilərə çatdıracaq. Şəxsi oyunlardakı üstünlüyə görə “Qarabağ” belçikalıları arxada qoyacaq.

 

Lakin 1/16 finala yüksəlmək üçün təkcə “Anderlext” deyil, “Monako”dan da öndə qərarlaşmaq lazımdı. Fransa təmsilçisi son turda “Tottenhem”in qonağı olacaq. “Qarabağ”a bu oyunda meydan sahiblərinin xal qazanması da kifayətdi. Yalnız “Monako”nun qələbəsi səfərdə 3 xal qazanacaq ağdamlıların yolunu bağlayacaq.

 

İngiltərədə heç-heçə qeydə alınsa, “Qarabağ” qalib gəlsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, şəxsi oyunlara görə 2-ci yerdə ağdamlılar qərarlaşacaq.

 

Əslində, qrupun bütün komandalarından güclü olan “Tottenhem”in “Monako”ya uduzması o qədər də inandırıcı deyil. Amma ingiltərəlilər nəinki 1/16 finala vəsiqəni, hətta 1-ci yeri təmin edib. Bu isə fransalılarla qarşılaşmanın meydan sahibləri üçün əhəmiyyətsiz olduğunu göstərir.

 

“Qarabağ”ın bu durumu “Qəbələ”nin hesabat turunda üzləşdiyi vəziyyəti xatırladır. PAOK-un qonağı olan sonuncular da qrupun ən yaxşısı “Borussiya”nın “Krasnodar”ı məğlub etməsinə ümid edirdi. Amma həmin oyunda almaniyalılar uduzaraq, “Qəbələ”nin oyununu formallığa çevirdi. Son turda isə “Tottenhem” “Borussiya”nın, “Qarabağ” isə “Qəbələ”nin durumunda olacaq. Yalnız bir fərqlə ki, Almaniya klubu ilə müqayisədə “Tottenhem” səfərdə deyil evdə oynayacaq. “Monako” isə heç də  “Krasnodar”ın vəziyyətində deyil. Çünki fransalıların taleyi öz əlində deyil. Onlar qalib gəlib, “Qarabağ”ın xal qazanmasını arzulayacaq.

 

 

0