“Məğlubiyyətdən nəticə çıxaracağıq” - Bülənt Karslıoğlu
27.11.2015 - 12:18
“Məğlubiyyətdən nəticə çıxaracağıq” - Bülənt Karslıoğlu

“Birinci setdə bizim çox səhvlərimiz oldu. Qəbulda xətalara yol verirdik. Bu üzdən hücumda da böyük çətinliklərimiz yarandı. Bütün bunlar da nəticənin belə olmasına səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Bülənt Karslıoğlu deyib.

 

Türkiyəli mütəxəssis Çempionlar Liqasının qrup mərhələsinin III turu çərçivəsində Kazan “Dinamo”suna məğlubiyyətin səbəblərini açıqlayıb. O bildirib ki, ilk hissədə 9:25 hesabı ilə uduzduqdan sonra ikinci və üçüncü setlərdə topu oyuna daha yaxşı daxil ediblər: “Qəbuldakı oyunumuzu yaxşılaşdırmağımız hücumçularımızın da işini nisbətən asanlaşdırdı. Təəssüf ki, kritik anlarda yenə çox səhvlər etdik. Bu da növbəti 2 hissədə də məğlub olmağımızla nəticələndi”.

 

Karslıoğlunun sözlərinə görə, 0:3 (9:25; 21:25; 20:25) hesablı məğlubiyyətin əvəzini dekabrın 9-da Bakıda baş tutacaq ikinci matçda çıxmağa çalışacaqlar: “Növbəti oyunu Bakıda oynayacağıq və düşünürəm ki, doğma divarlar bizə kömək olacaq. Təbii ki, təhlillər edib, nəticə çıxaracağıq. Ümid edirəm ki, Bakıda daha yaxşı oynayacağıq”

0