[b]“Qələbə istəyən komanda qol vurar” – Dmitri Bezotosnı[/b]
27.11.2015 - 13:22
[b]“Qələbə istəyən komanda qol vurar” – Dmitri Bezotosnı[/b]

"Qəbələ" klubunun qapıçısı Dmitri Bezotosnının apasport.az saytına müsahibəsi

:

- Səfərdə PAOK-la heç-heçə etdiniz. Salonikidə qələbə qazanmağınıza nə mane oldu?

- Qol vura bilmədik deyə, qələbə qazana bilmədik. Hücumları reallaşdırmaqda problem yaşadıq.

 

- Zədədən yeni qayıtmağınıza baxmayaraq, bu qarşılaşmada yaxşı təsir bağışladız...

- Reabilitasiyanı yaxşı keçdim. Məşq etdim və qapıda daha yaxşı dayanmağa çalışıram.

 

- Necə düşünürsüz, “Qəbələ”nin qrupda qalması təcrübəsizliklə bağlı oldu, yoxsa başqa səbəb var?

- Qələbə istəyən komanda qol vurar. Bizim də hər oyunda çoxlu qol imkanlarımız olur. PAOK-la Bakıdakı görüşdə, Rusiyada "Krasnodar"la matçda qol imkanlarından istifadə edə bilmədik. "Borussiya" ilə Bakıdakı matçı xüsusilə qeyd edərdim. İlk dəqiqələrdə gözəl qol şanslarımız oldu. Heç olmasa, ikisindən istifadə edə bilsəydik, oyun daha da maraqlı olardı. PAOK-la görüşdə də hücumları reallaşdıra bilmədik. Elə ona görə qələbə qazana bilmədik.

 

- Demək olar ki, "Qəbələ"nin hazırkı problemi elə hücum xətti ilə bağlıdı?

- Xeyr, belə demək olmaz. Çünki biz hamılıqlı hücum edir və müdafiə olunuruq. Bütün komanda qələbə üçün hazırlaşır, bir tək hücumçu yox.

 

- Qrupun digər matçında "Krasnodar"ın "Borussiya"ya qalib gələcəyini gözləyirdiz, yoxsa sizin üçün sürpriz oldu?

- Açığı, belə olacağını düşünmürdük. Bildiyim qədərilə "Borussiya" Rusiyaya elə də güclü heyətlə yollanmayıb. Ancaq bu, futboldu. "Borussiya" öz vəzifəsini yerinə yetirir, biz öz vəzifəmizi. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirsəydi, sonluq daha yaxşı olardı.

 

- Avropa Liqanın qrup mərhələsinin son turunda "Krasnodar"la oynayacaqsız. Sizcə, "Krasnodar" Bakıya əsas heyətini gətirməyəcək?

- "Krasnodar"ın Bakıya əsas və ya zəif heyətlə gəlməsinin mənim üçün fərqi yoxdu. İndidən həmin oyun barədə düşünmək istəməzdim. Çünki "Krasnodar"la matça hələ çox var. Bu oyuna kimi çempionatda çoxlu görüşümüz var, onları düşünməliyik.

 

- Yəqin ki, qrup mərhələsində ilk qələbəni qazanmağa çalışacaqsız...

 - Baxaq da. Biz də buna ümid edirik. Amma bayaq da dediyim kimi, "Krasnodar"la oyuna hələ çox var. İndi "Rəvan"la görüşü düşünməliyik. Həmin oyuna kimi bərpa prosesini keçib, yaxşı nəticə qazanmaq lazımdı. Əlbəttə ki, "Krasnodar"la oyuna da ciddi hazırlaşacağıq və demək olmaz ki, bu görüş heç nəyi həll etmir. Bəli, biz özümüzü son turda olsa belə, Avropa Liqasında ən yaxşı tərəfdən göstərməliyik.

 

- Ölkə çempionatında enişdəsiniz. Bunun əsas səbəbi eyni zamanda avrokuboklarda çıxış etməyiniz idi?

- Bu barədə bir söz deyə bilməyəcəm. Bütün uşaqlar qələbə qazanmaq istəyir. Hamımız da qarşıya qoyulan məqsədə çatmaq üçün çox çalışırıq. Digər ölkələrin çempionatında da belə hadisələr baş verir. Bir mövsümdə 60-a yaxın oyun oynayırlar, həmin vaxtda da enişli, yüksəlişli anlar olur. Ümid edirəm ki, "Rəvan"la matçda uğurlu nəticə qazanacağıq və hər şey qaydasına düşəcək.

 

- Qış "transfer pəncərəsi"nin açılmasına az qalıb. Hansısa klublardan təklif almısızmı?

- Açığı, təklif yoxdu. Heç indiki zamanda hansısa təkliflərin olmasını da istəməzdim. "Qəbələ"də məni hər şey qane edir. Kollektiv, atmosfer, bir sözlə, hər şey ürəyimcədi. "Qəbələ"də olmağıma və bu komandaya kömək etdiyimə görə şadam.

 

0