[b] “Tottenhem” “at oynadan” komandadı” - MÜSAHİBƏ[/b]
27.11.2015 - 15:17
[b] “Tottenhem” “at oynadan” komandadı” - MÜSAHİBƏ[/b]

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayevin apasport.az saytına müsahibəsi

 

- Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Tottenhem”ə 0:1 hesabı ilə məğlub oldunuz. “Qarabağ” məqsədinə niyə çata bilmədi?

- Komanda şəklində yaxşı oynadıq, layiqli mübarizə apardıq. Rəqibin gücü göz önündə idi. Əlbəttə, qələbə qazanmaq istəyirdik. Çox çalışdıq, alınmadı. Bir oyunumuz qalıb. Bu matçda xal qazanıb, reytinqə əlavə etmək istəyirik. Yeri gəlmişkən, azarkeşlərimizə təşəkkür edirik. Çempionlar Liqasının ilk görüşündən bu günə qədər bizi daim dəstəkləyiblər.

 

- “Tottenhem”lə matçı qrupun ev oyunları arasında ən zəifi hesab etmək olarmı?

- Zəif oynamadıq. Rəqibin daha çox top saxladığını, hücum qurduğunu əsas tutub belə deyirlərsə, düzgün yanaşma deyil. “Tottenhem” son illərdə ölkəmizə gəlmiş ən güclü komandadı. Ola bilər, bunun fərqində deyillər. Ustalığı, səviyyəsi ortada olan komandadı. “Tottenhem” bu gün İngiltərədə “at oynadan” komandadı.

 

- “Qarabağ” “Tottenhem”in imkan verdiyi qədər oynadı?

- Demək olar. Çətin anlar yaşadıq, amma 1-2 real şansımız oldu. Həmin vaxt hesab açılmamışdı. Qol vura bilsəydik, hər şey fərqli ola bilərdi.

 

- Ötürmələrdə çoxsaylı səhvlərər yol verirdiniz. Bəlkə futbolçular rəqibin adından çəkinirdilər?

- Qorxub, çəkinən futbolçu görmədim. Hamımız mübarizə apardıq, “vuruşduq”. Rəqibin adı, gücü bizi oyuna daha çox motivasiya etmişdi.

 

- Son görüşünüz səfərdə olacaq. “Anderlext” səddini aşacağınıza ümidiniz varmı?

- Şansımızın olduğunu demək çətindi. Səfərdə çıxış edəcəyimiz ən çətin oyun olacaq. Çünki 1 top fərqi ilə qələbə qazansaq, bu bizi xilas etməyəcək. Ən azı 2-3 top fərqi ilə rəqibi yenməliyik ki, qrupdan çıxmaq haqda düşünək.

 

- Deməli, mümkünsüzdü…

- Mümkünsüz heç nə yoxdu. Amma çox çətin olacaq. Bacara bilərik, eyni zamanda bacarmaya da bilərik.

 

- Bu məğlubiyyət “Neftçi” ilə həftəsonu keçirəcəyiniz oyuna təsir edə bilərmi?

- Avropa Liqası ilə Premyer Liqa oyunlarına motivasiya fərqli olur. Üstəlik, rəqibimiz “Neftçi”di. Bu komanda ilə oyunlarımız ayrı ab-havada keçir. Görüşlər daha maraqlı, gərgin olur. “Tottenhem”lə matçdan dərhal sonra “Neftçi” haqda düşünməyə başlamışıq. Məğlubiyyətin təsirini üzərimizdən atmaq üçün “Neftçi”yə qarşı daha yaxşı oynamalıyıq.

 

- “Neftçi”dəki baş məşqçi dəyişikliyindən sonra komandada özünəinam yaranıb. Bu amil “Qarabağ”ı düşündürürmü?

- Yeni məşqçinin gəlişi əlavə motivasiya olur. Əsgər Abdullayevin gəlişindən sonra “Neftçi” bizə qarşı fərqli oyun nümayiş etdirəcək.

 

- Amma hadisələrin gedişi göstərir ki, Premyer Liqada “Qarabağ”a rəqib olacaq gücdə komanda yoxdu...

- Niyə ki? Bizim hələ məğlubiyyət seriyamız başlamayıb. Ötən il bunun şahidi oldunuz. İndi digər rəqiblərimiz bu gedişatla üz-üzədi. Ona görə xal fərqi artıb. Ancaq bizim də xal itirəcəyimiz oyunlar olacaq. Çünki bütün komandalar “Qarabağ”a qarşı xüsusi motivasiya ilə çıxırlar. Çempionatda hər kəs bizə rəqib olmaq istəyir.

 

- Deməli, “qara günlər” üçün ehtiyat yığırsınız?

- Demək olar. Qış fasiləsinə xal itirimədən yollanmaq əla olardı.

0